QURBANI NİYƏ KƏSİRİK?

0

Qurban bayramı İslam dininin iki əsas bayramından biridir. Bu bayram Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdikdən iki il sonra 624-cü ildən etibarən müsəlmanlar tərəfindən bayram olaraq qəbul edilmişdir. Qurban bayramının ən əsas fərqliliyi bu bayramda imkanlı müsəlmanların qurbanlıq heyvanları Allah rizası üçün kəsərək ehtiyac sahiblərinə paylamalarıdır. Bu bayramda qurbanlıqların kəsilməsinin əsas məqsədi Allah rizası olduğuna görə qurban kəsiminin ibadət abu-havasında keçməsi üçün İslam dini müəyyən qaydalar qoymuşdur. Bu qaydaların ən əsasları qurban kəsilən heyvanın incidilməməsi, ətinin ehtiyac sahiblərinə paylanması, təmizliyə riayət edilməsi və qurbanın sadəcə Allah rizası üçün olmasıdır.

Qurban ibadəti hər nə qədər əsirlər boyu bütün İslam ümməti tərəfindən nəsildən-nəsilə keçərək bu günümüzə qədər gəlib çatsa da müəyyən dövürlərdə bu ibadətə qarşı çıxanlar olmuşdur. Bu ibadətə müsəlmanların öz içindən olan və əsasən Qurana istinad etdiklərini iddia edən bir qrup da qarşı çıxmaqdadır. Bunlar Quranda qeyd olunan qurban ibadətinin sadəcə həcc ibadətinə məxsus olduğunu irəli sürmüş və Həzrət Peyğəmbərdən nəql olunan hədisləri və tarix boyu İslam alimlərinin bu məsələdəki görüşlərini görməzdən gəlmişdirlər. Həqiqətən də Qurana nəzər saldığımızda Kövsər surəsinin 2-ci ayəsində keçən “Rəbbin üçün namaz qıl və qurban kəs!” ayəti xaricində qalan qurban ilə əlaqəli ayələrin həcc ibadəti əsnasında kəsilən qurbana işarə etdiyini görərik. (bax: Bəqərə, 2/196; Maidə, 5/2, 95, 97; Həcc, 22/28, 36, 37; Fəth, 48/25). Kövsər surəsində keçən “qurban kəs!” olaraq tərcümə olunan ayə haqqında da fərqli fikirlər söylənmişdir. Belə ki, ayədə keçən qurbanın vacib/sünnət qurban yoxsa nafilə olaraq kəsilən qurban olduğu mübahisəlidir. Hətta bəzi təfsirçilər müəyyən rəvayətlərə əsaslanaraq bu ayədə qəsd olunan mənanın qurban kəsmək deyil, namaz qılarkən əllərin sinə səviyyəsində qaldırılaraq təkbir gətirilməsidir demişdirlər. (Fəxrəddin ər-Razi, Məfatihul-qeyb, XXXII, 317). Buraya qədər verilən məlumatlardan da anlaşıldığı kimi Quranda Həcc ibadəti xaricində qurban kəsmək barəsində açıq bir dəlilin olmadığı anlaşılmaqdadır. Bəs İslam aləmində hər il qurban bayramında kəsilən qurbanlar hansı dəlillərə əsasən kəsilməkdədir!?

Yuxarıda da qeyd etdiyimiz kimi Qurban bayramı hicrətin 2-ci ilindən etibarən (624-cü il) bayram olaraq qeyd olunmuşdur. Mənbələrdə Allah Rəsulunun peyğəmbərlikdən sonra dörd dəfə ümrə, bir dəfə də həcc etdiyi keçməkdədir. (Buxari, Məğazi, 37). Həzrət Peyğəmbər həcc ibadətini hicrətin 9-cu ilində yerinə yetirmişdir. Qurban bayramının hicrətin 2-ci ilindən etibarən qeyd olunduğunu nəzərə alsaq hicrətin 9-cu ilinə qədər Qurban bayramında Həzrət Peyğəmbərin bu bayramın əsas simvolu olan qurbanlıq kəsmədiyini irəli sürmək əsassız bir iddiadır. Çünki hədis mənbələrinə nəzər saldığımızda Allah Rəsulunun qurban bayramının qeyd olunduğu ilk tarixdən etibarən qurban kəsdiyinə dair məlumatlarla qarşılaşırıq. (Buxari, Həcc, 27; Əbu Davud, Ədahi, 4). Abdullah ibn Ömərin nəql etdiyi bir rəvayətə görə Həzrət Peyğəmbər Mədinədə qaldığı on il müddətində hər il qurban kəsmişdir. (Tirmizi, Ədahi, 11). Həzrət Peyğəmbərdən nəql edilən: “Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın” (İbn Macə, Ədahi, 2) və “Ey İnsanlar! Hər il hər bir ailənin üzərinə qurban kəsmək vacibdir” (Əbu Davud, Ədahi, 1) hədisləri də qurban bayramında qurban kəsməyə işarə etməkdədir.

Buraya qədər qeyd olunan bu məlumatlardan anlaşıldığı kimi hər nə qədər Quranda açıq şəkildə Qurban bayramında qurban kəsməyə işarə edən bir ayə olmasa da Quranın mübəyyini (açıqlayıcısı) olan Həzrət Peyğəmbərin sünnəsində qurban kəsmənin açıq dəlillərini görmək mümkündür. Rəsula itaət etməyin Allaha itaət etmək olduğu prinsipindən (Nisa, 4/80) yola çıxaraq Həzrət Peyğəmbərdən və sələfi-salihindən bizlərə qədər nəsildən nəslə yaşadılaraq gəlib çatan bu ibadətin yaşadılması hər bir müsəlmanın Allah və Peyğəmbər qarşısındakı vəzifələrindəndir.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İLƏ TÜRKİYƏ ORDULARI HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

Azərbaycan və Türkiyənin quru qoşumları ilə hərbi hava qüvvələri genişmiqyaslı hərbi təlimlər keçməyə hazırlaşır. İslamveirfan.com xəbər verir ki, bu barədə...

Bağla