QURBANLA BAĞLI BİLMƏDİKLƏRİMİZ NƏLƏRDİR?

0

A. Qurban pulunu sədəqə vermək

Qurban, digər ibadətlərdə olduğu kimi, şərtləri və məqsədlərinə müvafiq olaraq qurbanlıq bir heyvanın, üsuluna uyğun kəsilməsilə yerinə yetirilən bir ibadətdir. Heyvanın qiymətini yoxsula verərək buna nail olmaq olmaz. Əgər verilsə belə bu, bir sədəqə mahiyyətində olar. Qurban ibadəti yerinə yetirilmiş olmaz. 

Çünki qurbanın hikmətlərindən biri də sayı-hesabı olmayan ne­mət­lərə qarşı Allaha şükür etmək və günahların bağışlanmasını diləməkdir. Qurbanın kəsilməsi ilə həm kəsən ailə, həm də yoxsullar məhz bu tələbat malını əldə etmiş olar. Qurbanın bu funksiyasını ancaq qurbanlıq heyvanı kəsməklə tə­min etmək olar və başqa heç bir şey bunu əvəz edə bilməz. Ne­cə ki, fətvaya görə varlı bir möminin satın aldığı heyvan ölər, və ya itər­sə, əvəzində başqa bir heyvan alıb kəsməsi lazımdır.

B. Qurban ətinin satılması mümkündürmü?

Bayram günlərində bəzi bazarlarda “qurban əti” adı ilə satılan və ya alınan ətlərin qəssabdan alınan ətdən fərqi yoxdur. Çünki Həzrət Peyğəmbərin sünnəsində kəsilən qurbanın ətindən satmaq kimi bir tətbiqat yoxdur. Mahiyyət etibarilə qurban imkanı olan bir möminin Allaha yaxınlıq məqsədilə və əsasən savab müqabilində paylaşdırmaq niyyəti ilə bir heyvan kəsərək özünə vacib və ya sünnə olan qurban ibadətini yerinə yetirməsidir. Burada Allahın verdiyi neməti şükür mahiyyətində ehtiyac sahibləri ilə paylaşmaq əsasdır. Əks təqdirdə, yəni pulla satmaq isə qurban yox, ticarət olar.

C.  Müsəlman olmayan qonşulara qurban əti vermək

Qurban ibadətində əsas olan üsuluna və şərtlərinə uyğun bir heyvanın ibadət və qulluq məqsədi ilə kəsərək qanının axıdılmasıdır. Heyvanın kəsildiyi andan etibarən mömin bu ibadətini yerinə yetirmiş hesab edilir. Uca Allah buyurur:  “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır(səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (Həc 22/37).

Hz. Aişədən (r.anhə) rəvayət edilən bir hədisdə də belə buyurulur: “Adəm oğlu üçün Allah dərgahında Qurban bayramı günündə qurban kəsməkdən daha istəkli bir əməl yoxdur. Bu heyvan qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələcəkdir. Şübhə yoxdur ki, qurbanın qanı yerə düşməzdən əvvəl Allaha vasil olur. Odur ki, qurbanlarınızı səmimi-qəlbdən kəsin. (Tirmizi, Ədahi, 1; İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, V, 239.)

Həm ayə, həm də hədisi-şərifə görə qurban ibadətinin məqbul olması onun kəsilməsidir. Qurbanlıq heyvan kəsildikdən sonra ilk damla qanı yerə düşməmiş ibadət yerinə yetirilmiş hesab edilir. Qurbanlıq ətin paylanması bu ibadətin rüknlərindən deyil. Ona görə onun ətindən varlı, yoxsul, müsəlman və qeyri-müsəlman hər kəsə verilə bilər. Müsəlman hansı ölkədə yaşayırsa yaşasın, kəsdiyi qurbanın ətindən müsəlman olmayan qonşularına da verə bilər.

D. Nəzir qurbanı nədir və sahibi ondan niyə yeyə bilməz?

Nəzir (adaq) dini baxımdan məsul olmadığı halda müsəlmanın öz vədi nəsticəsində ona vacib olan qurban növüdür. Bu, filan işim baş tutarsa, və ya əgər bu dərddən xilas olarsam (şərtə bağlı olaraq) qurban kəsəcəyəm deməkdən ibarətdir. Bunun istinadı hər şeydən əvvəl “ibadət niyyəti ilə Allaha verilən sözdür”. (http://www.hayrettinkaraman.net/yazi/hayat2/0071.htm  (06/VII-2014)

Təfsir alimlərinə görə bu, Həzrət İbrahimdən gələn sünnə əməldir ki, səhabələr də bunu davam etdirmişdir. İbrahim əleyhissalamın qurbanı üçün belə deyilir: “Hz. İbrahim, övladı olmadığına görə, əgər Allah ona bir oğul verərsə onu qurban edəcəyini vəd etmişdi. Bu səbəblə Allah ona İsmayılı verdi. Uşaq artıq böyümüşdü. Ancaq İbrahim vədini unutmuşdu. Allah onu yerinə yetirməsi üçün röya yolu ilə vədindən xəbərdar etdi.” Həmçinin Peyğəmbərimizin (s.ə.s) babası Əbdülmüttəlib, “əgər oğlum olarsa qurban edəcəyəm”,- deyərək nəzir etmişdi. Allah ona Abdullahı oğul olaraq bəxş etdi. Əbdülmüttəlib yüz dəvə kəsərək əhdini yerinə yetirmişdir. (İbn Sad, e.a.ə., I/83-85.) Bu səbəblə Həzrət Peyğəmbər əleyhissalam “Mən iki qurbanlığın oğluyam”,- demişdir. (Acluni, Kəşful-Xafa,  Beyrut 1988, I/199.)

Həyata keçirilməsi istənilən bir şərtə bağlı nəzirlərdə, şərt yerinə gəldiyi vaxt nəziri yerinə yetirmək vacib olur. Nəzir qurbanı üçün müəyyən bir vaxt müəyyənləşdirilibsə, həmin vaxtda da kəsilməlidir. Belə bir vaxt müəyyən edilməmişsə, münasib bir vaxtda kəsilə bilər. Əgər nəzir edilən şey qurban olarsa, qurbanın halal olan heyvanlardan seçilməsi lazımdır. Qoç, inək, dəvə və s. kimi.

Nəzir qurbanının ətini paylayan kəs özü və ailəsi ondan yeməməlidir. Bütün əti kasıblara paylaması lazımdır. Əgər yesələr, yediklərinin dəyərində kasıblara sədəqə verməlidirlər. Bunun mahiyyəti müsəlmanın öz vədi ilə üzərinə vacib qıldığı ibadət və Allaha verdiyi sözdür. Belə bir şərtlə yüz manat sədəqə verəcəyini vəd edən kəs, həmin işi həyata keçərsə, vəd etdiyi sədəqəni verərkən yüz manatdan bir hissəsini ala bilmədiyi kimi və ya söz verdiyi miqdarın tamamını verdiyi kimi qurban nəzirinin də tamamını vermək məcburiyyətindədir.

DR. ƏHMƏD NİYAZOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBANLA ƏLAQƏLİ MÜXTƏLİF FƏTVALAR

Qurbanda vəkalət

Bağla