Səudiyyə Ərəbistanı krallığı kovid-19 pandemiyası səbəbilə bu il keçiriləcək Həcc ziyarətinin təşkil olunmağı barədə açıqlamaların gecikdiyini bildirib.
Krallığın informasiya naziri Macid Abdullah əl-Qasabi bu məqsədlə paytaxt Riyadda mətbuat konfransı keçirib.
Kovid-19 virusunun mütəmadi olaraq mutasiyaya uğradığını və bəzi ölkələrdə peyvənd imkanlarının məhdud olduğunu deyən nazir, bu amillər nəzərə alınaraq Həccin təşkili barədə açıqlamanın gecikdiyini bildirib.
Yaxın vaxtlara Həcc və Səhiyyə nazirliklərinin Həcc ziyarətinin təşkili barədə bəyanat yayacağını deyən əl-Qasabi, ölkəsinin pandemiya ilə mübarizədə ilk sıralarda olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanında indiyə qədər 15 milyon insana peyvənd vurulduğunu bildirən nazir, indiyə qədər ölkə əhalisinin 40%-nin vaksinasiya olunduğunu açıqlayıb. Nazir peyvənd vurdurmağın məcburi olmadığını da vurğulayıb.
“Koronovirus pandemiyası mutasiyaya uğrayan, sürətlə yayılan ölümcül bir xəstəlikdir. Peyvənd vurdurmaq məcburi deyil. Amma ictimai yerlərə gedən, dövlət idarələrinə və xüsusilə alış-verişə getmək istəyən şəxs vaksiasiya olmalıdır. Əvvəl insanların sağlamlığını nəzərə alırıq və bunu həyata keçirmək üçün krallığın kəskin tədbirləri var.” – deyə nazir vurğulayıb.
Anadolu agentliyi