RƏSULULLAHA (S.Ə.S) SALAVAT GƏTİRMƏYİN FƏZİLƏTİ

0

“Salavat” kəlməsi “salatu-salam” şəklində də ifadə olunan bir kəlmədir. “Salat” sözü dilimizdə dua, təzim, rəhmət, “salam” kəlməsi isə cansağlığı, sağlamlıq və səhhət kimi mənalara gəlir. Qurani-Kərimə nəzər saldığımız zaman Uca Allahın və Mələklərin Rəsulullaha (s.ə.s) salatu-salam gətirdiklərinə dair bir ayə ilə qarşılaşırıq. Həmin ayə belədir:

Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi qəlbdən salamlayın!” (Əhzab, 33/56)

Ayədə “Allahın salavat göndərməsi” mərhəmət etməsi və mələklərin yanında Həzrət Peyğəmbəri mədh edərək şanını ucaltması şəklində izah olunur. “Mələklərin salavat göndərməsi” isə onun üçün dua və istiğfar etmələridir.

Ayədə Uca Allah iman sahibi möminlərə də Həzrət Peyğəmbərə səmimi qəlbdən salavat göndərmələrini tələb etməkdədir. Bunun səbəbi Həzrət Peyğəmbərin möminlərə özlərindən daha əziz olması (Əhzab, 33/6) və möminlərin onun vasitəsilə hidayətə qovuşmalarına görədir. Bu baxımdan möminlərin Həzrət Peyğəmbərə salavat gətirmələrini ona qarşı içlərində bəslədikləri sevginin təzahürü olaraq izah etmək mümkündür. Əslində namaz qılan hər bir mömin gündüz və gecə qıldığı hər bir namazında Həzrət Peyğəmbərə salavat gətirir.

Bəs salavatı hansı sözlərlə və necə gətirmək lazımdır? Bu barədə Buxari və Müslimin əsərlərində belə bir hədis nəql olunur: Bir gün səhabələr Rəsulullahdan (s.ə.s) ona necə və hansı sözlərlə salavat gətirmək barəsində soruşmuş və Rəsulullah: “Belə salavat gətirin!” buyurmuşdur: “Allaahummə salli aləə Muhammədin və aləə əəli Muhəmməd. Kəməə salləytə aləə İbraahiimə və aləə əəli İbraahiim. İnnəkə həmiidun məciid. Allaahummə bəərik aləə Muhəmmədin və aləə əəli Muhəmməd. Kəməə bəəraktə aləə İbraahiimə və aləə əəli İbraahiim. İnnəkə həmiidun məciid”. Mənası: Allahım! İbrahimin (ə.s) ailəsinə mərhəmət etdiyin kimi, Muhəmmədə (s.ə.s) və onun ailəsinə də mərhəmət elə. İbrahimə xeyir və bərəkət verdiyin kimi, Muhəmmədə (s.ə.s) və onun ailəsinə də xeyir və bərəkət ehsan et! Şübhəsiz ki, Sən həmdə (tərifə) layiqsən və ucalardan ucasan. (Buxari, Ənbiya, 11; Müslim, Salət, 66).

Salavat gətirməyin fəziləti haqqında bir çox hədis mövcuddur. Bunlardan bəzilərini qeyd edə bilərik:

– Duaya başlayarkən salavat gətirmək:

Rəsulullah (s.ə.s) bir gün dua edən bir adamın salavat gətirmədən duaya başladığını eşitmiş və belə demişdir: “O tələsdi“. Sonra həmin şəxsi çağıraraq belə buyurmuşdur: “Sizdən biriniz dua etdiyi zaman Allaha həmd-səna edərək və Allahın Rəsuluna salavat gətirərək başlasın. Sonra isə istədiyi kimi dua etsin!” (Tirmizi, Dəavat, 65).

 – Cümə günü çoxlu salavat gətirmək:

Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Şübhəsiz Cümə günü ən fizlətlə günlərinizdəndir. Adəm (ə.s) o gün yaradılmışdır. İkinci dəfə sura o gün üfürüləcəkdir. Birinci dəfə də sura o gün üfürüləcəkdir. O gün mənə çox-çox salavat gətirin. Çünki sizin salavatlarınız mənə çatır…” (Əbu Davud, Salət, 206; İbn Macə, İqamətus-salət, 79).

– Rəsulullahın (s.ə.s) adı çəkilərkən salavat gətirmək:

Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Adım yanında çəkildiyi zaman mənə salavat gətirməyən kimsə yerlə sürünsün!” (Tirmizi, Dəavat, 101).

Nəticə olaraq həm Qurani-Kərimdə həm də hədislərdə Rəsulullaha (s.ə.s) salavat gətirməyin əhəmiyyətinə diqqət çəkilmişdir. Bu baxımdan inanc sahibi hər bir müsəlmanın gündəlik zikr və dualarının yanında Rəsulullaha (s.ə.s) salavat gətirməyi də vərdiş halına gətirməsi lazımdır. Çünki salavat gətirməklə möminin Allah Rəsuluna (s.ə.s) olan sevgisi güclənmiş olar.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN: ERMƏNİSTAN ATƏŞKƏSƏ RİAYƏT EDİLMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR

“Ermənistan bölgədə davamlı sülhün dəstəkçisi olmaq üçün reallığı qəbul etməli və üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”. Bunu Türkiyə...

Bağla