İnsanların əllərində fürsət olduğu halda qəflətdə keçirtdikləri bir çox vaxtlar və zamanlar vardır. Halbuki, Rəsulullahın (s.ə.s) sünnəsində bu vaxtlarda edilən ibadətlərin böyük mükafatının olduğu bildirilmişdir. İnsanların çoxunun əhəmiyyət vermədiyi vaxtlarda edilən ibadətlər qul ilə Allah arasında gizli qalan ibadətlərdir. İbadətlərin gizli qalması isə qəbul olunmasının ən əsas səbəblərindəndir. Çünki, gizli edilən ibadətlər riyakarlıqdan uzaq və yalnız Allah rizası üçün edilər. Eyni zamanda belə ibadətlər insanın nəfsinə də ağır gələr. Rəsulullahın (s.ə.s) sünnəsinə uyğun olan və nəfsə ağır gələn əməllər isə ən fəzilətli əməllərdir. Allah Rəsulu (s.ə.s): “Savabın yorulduğun qədərdir“, – buyuraraq (Müslim, Həcc, 126) insanın Allah üçün ibadət edərək yorulduğu qədər mükafat qazanacağını açıqlamışdır.
Hər keçən gün Ramazan ayına doğru yaxınlaşırıq. Rəcəb ayını yola saldıq və artıq Şaban ayındayıq. Şaban ayı haram aylardan biri olan Rəcəb ayı ilə oruc ayı olan Ramazan arasında yerləşir. Bu ay insanların çoxunun qəflətdə keçirtdikləri bir aydır. Üsamə ibn Zeyd Rəsulullahın (s.ə.s) Şaban ayında çox oruc tutduğunu görüncə bunun səbəbini soruşmuş və Allah Rəsulu (s.ə.s) belə cavab vermişdir: “Rəcəb və Ramazan ayları arasında olan bu ay insanların qəflətdə keçirtdikləri bir aydır. Bu ayda əməllər aləmlərin rəbbi olan Allaha ərz edilir. Mən oruclu olduğum halda əməllərimin Allaha ərz olunmasını istəyirəm“. (Nəsai, Siyam, 70). Həzrət Aişə (r.anha) belə demişdir: “Mən Rəsulullahın (s.ə.s) Ramazan ayından başqa bütün ayı oruc tutduğunu görmədim. Onun ən çox şaban ayında oruc tutduğunu gördüm”. (Buxari, Savm, 51). Hətta Rəsulullah (s.ə.s) Şaban ayında o qədər çox oruc tutarmış ki, zövcələri onun bütün ayı oruc tutduğunu zənn edərlərmiş.
Allah Rəsulunun (s.ə.s) Ramazana yaxınlaşdıqca həyəcanı daha da artar və Ramazanı ən gözəl şəkildə qarşılamağa çalışardı. Bu mənada Şaban ayı Rəsulullah (s.ə.s) üçün Ramazana hazırlıq ayı olmuşdur. Bu səbəblə də ta qədimdən bəri Rəsulullahı (s.ə.s) özlərinə nümunə götürən müsəlmanlar Şaban ayında ibadətlərinə daha çox önəm vermiş və: “Rəcəb ayı əkin əkmək, Şaban ayı sulamaq, Ramazan ayı isə məhsul toplamaq ayıdır”, – demişdilər.
f.f.d Səfa Muradov