RAMAZAN AYININ SON ON GÜNÜ

0

Ramazan ayı ilə bağlı hədisi-şəriflərə nəzər saldığımız zaman belə bir cümlə ilə qarşılaşırıq: “Ramazan ayının son on günü girdiyi zaman…” Bu cümlə əslində Ramazan orucunu tutan hər bir müsəlman üçün böyük əhəmiyyət kəsb edən bir cümlədir. Çünki Rəsulullah (s.ə.s) ümmətinə bu günlərin insana böyük savab qazandıran dəyərli günlər olduğunu açıqlamışdır. Allah Rəsulunun (s.ə.s.) Ramazan ayının son on gününə verdiyi əhəmiyyət haqqında nəql edilən hədislərdən bəziləri aşağıdakılardır:

Həzrət Aişə (r.a) belə nəql edir: “Ramazan ayının son on günü girəndə Rəsulullah (s.ə.s) gecələri ibadətlə keçirər, ailəsini oyandırar və xanımları ilə münasibətdən uzaq durardı” (Buxari, Leylətul-qədr, 5). Allah Rəsulu (s.ə.s) Ramazan ayını ilin digər aylarından fərqli bir şəkildə dəyərləndirdiyi kimi, Ramazan ayının son on gününü də Ramazanın digər günlərindən fərqli bir şəkildə keçirmişdir. Belə ki, Allah Rəsulu (s.ə.s) bu on gün içində özünü tamamilə Allaha həsr etmiş və dünya ilə əlaqəsini kəsmişdir. Hətta ömrünün son Ramazanını keçirtdiyi il Allah Rəsulu (s.ə.s) Ramazanın son iyirmi gününü ibadətlə keçirmiş və belə etməklə ümmətinə ömrün sonuna doğru ibadətləri artırmaq lazım gəldiyi mesajını vermişdir (İbn Macə, Siyam, 58).

Həzrət Aişə (r.a) belə nəql edir: “Rəsulullah (s.ə.s) Ramazanın son on günündə ramazanın digər günlərindən daha çox ibadət edərdi” (Müslim, Etikaf, 8). Allah Rəsulu (s.ə.s) Ramazan ayının hər gecəsini ibadətlə keçirmişdir. Lakin son on gündə ibadətlərini daha da artırmışdır. Çünki O (s.ə.s), Ramazan ayında Allahın min aydan daha xeyirli bir gecə olaraq vəsf etdiyi Qədr gecəsinin bu ayın son on günü içində olduğunu daha çox güman edirdi. Bu səbəblə də ümmətinə: “Qədr gecəsini ramazanın son on günü içərisində axtarın”, – buyurmuşdur. (Tirmizi, Savm, 72).

Həzrət Peyğəmbər (s.ə.s.) Ramazan ayının son on günündə etikafa çəkilər və bu gecələri Qədr gəcəsinə rast gələr düşüncəsiylə ibadət, itaət, dua, zikr, istiğfarlarla keçirərdi. Ümmətinə hər bir yöndən nümunə olan Allah Rəsulunun (s.ə.s) bu davranışı müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəblə də hər bir müsəlman Rəsulullahın (s.ə.s) yolundan gedərək Ramazan ayının son on gecəsinə daha çox önəm verməli və ibadətlərini artıraraq Qədr gecəsinə qovuşmağı ümid etməlidir.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL UŞAQLARA ƏN ÇOX ƏLİ VƏ ZƏHRA ADI QOYULUB

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.  Cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib. Belə...

Bağla