RUHUN QOXUSU

0

İnsan ruhunun özünə məxsus qoxusu və ətri var. Quranda və hədislərdə bu barədə bir çox məlumat var. Gəlin onları incələyək. Quranda Yusuf surəsi 94-cü ayədə belə deyilir; Karvan ayrılanda ataları dedi: “Əgər məni səfeh hesab etməsəydiniz deyərdim ki, Yusufun ətrini alıram!” Yəqub aleyhissəlam öz oğlu Yusufun qoxusunu uzaq məsəflərdən hansı şəkildə ala bilər? Bir möcüzə sayəsində bu qoxunu uzaq məsafədən “bədən burnu” vasitəsilə aldı, yaxud deyə bilərik ki, Yəqub aleyhissəlamın “ruh burnu Yusufun qoxusunu aldı. Yusufun köynəyinin qoxusu əvəzinə ayədə məhz Yusufun qoxusundan danışılır.

Ənfal surəsi 46-cı ayədə Rəbbimiz belə buyurur: ….Bir-birinizlə çəkişməyin, yoxsa gücdən düşərsiniz…. Ayədəki gücdən düşərsiniz olaraq tərcümə edilmiş sizin qoxunuz gedər “وَتَذْهَبَ ر۪يحُكُمْ”  cümləsindəki “ريح”, yəni qoxu kəliməsi biraz əvvəl Yusuf surəsi 94-cü ayədə Yusufun qoxusu mənasına gələn “رِيحَ يُوسُفَ” sözündəki “ريح”, yəni qoxu kəliməsiylə eyni məzmundadır. Deməli mübahisə, münaqişə, savaş və ayrıseçkilik kimi pis və qəbahətli davranış sərgiləyən insanların ruhlarındakı “yaxşı qoxu” yox olur. Hər bir insan ruhunun öz əməlləri müqabilində əldə etdiyi özünəməxsus qoxusu mövcüddur. Saleh əməllərin insan ruhuna bəxş etdiyi gözəl qoxuların əksinə pis əməllər də insan ruhuna üfunət qoxusu verir.

Rəbbimiz Tövbə surəsi 28-ci ayədə müşriklər haqqında danışarkən onların نَجَسٌ , yəni nəcis olduğunu bəyan edir. Bir başqa ayədə (Tövbə 95) Rəbbimiz münafiqlər haqqında   اِنَّهُمْ رِجْسٌۘ, onlar murdardır buyurur. Nəcis və murdar şeylərin ən bariz xüsusiyyəti pis qoxulu və iyrənc olmasıdır. Söhbət Allahın sevmədyi insanların ruhlarındakı iyrənc qoxudan gedir. Bir hədisində Peyğəmbər əfəndimiz kafir insanın ruhu mələklər tərəfindən alındıqdan sonra göylərə yüksəldilərkən mələklər bu insan ruhuna baxıb مَا هَذَا الرُّوحُ الْخَبِيثُ , yəni “bu necədə pis ruhdur” deyərlər. Bunun tam əksinə mömin kimsənin ruhu mələklər tərəfindən alınıb göylərə yüksəldiyi ərəfədə buna şahid olan mələklər مَا هَذَا الرُّوحُ الطَّيِّبُ , yəni “bu nə təmiz ruhdur” deyərlər. Deməli ruhlar gözəl, təmiz və pak olduqları kimi pis, murdar, nəcis və iyrənc də olurlar. İnsan ruhunun qoxusu bəlkədə insan frekansı ilə birbaşa əlaqəlidir. Belə ki, müasir cihazlarla ölçülərək hər bir insanın özünəməxsus frekansı olduğu isbat olunmuşdur.

Görəsən bizim ruhumuz üfunət, yoxsa misk kimi mi qoxur. Bunu bilməyin asan bir yolu var, o da ruhumuz hansı əməllərlə rahatlıq tapır sualına cavab verməyimiz lazımdır. Əgər münafiq, fasiq və müşriklərin elədikləri əməllərdən zövq alırıqsa ruhumuz üfunət qoxuludur. Yox əgər möminlərin və müttəqilərin etdikləri əməlləri eləməklə rahatlıq tapırıqsa o zaman ruhumuz təmizdir və qoxusu misk kimidir.

Hər birimizin Quran oxuyan möminin hədisdə bənzədildiyi portağal kimi olması, yəni həm gözəl qoxulu, həm də dadlı olması diləyi və təmənnası ilə Allaha əmanət olun.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANLARIN ÇOXU İKİ ŞEY HAQQINDA ALDANAR

İnsan istəsə də, istəməsə də onun qarşısında əbədi axirət həyatı var. Axirətdə insanı ya sonsuz əzab, ya da sonsuz mükafat...

Bağla