RUHUN XƏRÇƏNGİ KİBİR

0

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: {لَا يَدْخُلُ الْجَنَّةَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ كِبْرٍ} قَالَ رَجُلٌ: إِنَّ الرَّجُلَ يُحِبُّ أَنْ يَكُونَ ثَوْبُهُ حَسَنًا وَنَعْلُهُ حَسَنَةً، قَالَ: {إِنَّ اللهَ جَمِيلٌ يُحِبُّ الْجَمَالَ، الْكِبْرُ بَطَرُ الْحَقِّ، وَغَمْطُ النَّاسِ}

Abdullah ibn Məsuddan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Qəlbində zərrə qədər kibir olan kimsə cənnətə daxil ola bilməz.” Bir nəfər: “İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyər. (Bu da kibirdir?)” – deyə soruşduqda, Rəsulullah (s.ə.s) belə cavab verdi: “Allah gözəldir, gözəl olanı sevər. Təkəbbür isə haqqı qəbul etməmək və insanları alçaltmaqdır”. (Müslim, İman, 39; Tirmizi, Birr, 61)

Bu hədisi-şərifdə diqqəti çəkən iki məqam vardır. Birincisi, az olsa belə, təkəbbürün insanın cənnətə girməsinə mane olmasıdır. Deməli, insanın cəzasını çəkib bu xəstəlikdən təmizlənmədən cənnətə girməsi mümkün olmayacaq. İkincisi isə Rəsulullahın (s.ə.s) gözəl və təmiz geyinməyin təkəbbürlə əlaqəsinin olmadığını bildirməsi, Rəbbimizin gözəlliyi sevdiyini, verdiyi nemətin izlərini qulunun üzərində görməkdən razı qalacağını söyləməsidir. Ancaq bir şərtlə ki, geyindiyi gözəl geyimlər insanı kibirləndirməməli, bu geyimləri ona verilən nemətə şükür niyyəti ilə geyinməlidir.

Təkəbbür Allaha boyun əyməməkdir. Çünki böyüklük, ucalıq Allaha məxsusdur. İnsanın kibirlənməsi Allaha aid olan bir sifətin onda da olduğunu iddia etməsidir. Bu, insanın Allaha qarşı həddini aşmasıdır və cəzası çox ağırdır. Rəsulullah (s.ə.s) bir hədisi-qüdsidə belə buyurur: “Allah-Təala buyurur ki: Ucalıq və qüdrət Mənim izarım, böyüklük isə Mənim ridam sayılır. Bunlardan birinin özündə olduğunu iddia edən bir kəs olarsa, onu cəzalandıraram”. (Müslim, Birr, 136) Bu hədisdəki “izar” insanın qurşaqdan aşağı geyindiyi, “rida” isə insanın qurşaqdan yuxarı geyindiyi paltardır. Allah-Təala buyurur: “Sizin bədəninizi örtmək üçün sarındığınız izar sizi necə örtürsə, izzət, ucalıq, üstünlük və qüdrət sifətlərim də məni elə sarmışdır. Sizin bədəninizin yuxarı hissəsinə geyindiyiniz rida sizi necə örtürsə, Kibriya – yəni böyüklük sifətim də Məni elə örtmüşdür. Bu sifətlər ancaq Mənə məxsusdur. Kim həddini aşaraq özündə ucalıq, üstünlük, qüdrət və böyüklük varmış kimi hərəkət edərsə, o, Mənə ortaqlıq iddia etmiş olar. Mənimlə bu cür yarışa girən kimsəyə ən ağır cəzanı verərəm”.  

Təkəbbür mənəvi xəstəliklərin ən ağırıdır. Bu xəstəliyə tutulan insan xəstəliyi artdıqca özünü böyük hiss etməyə, başqalarından üstün olduğunu düşünməyə başlayar. Ona insanlardan fərqli imkan və xüsusiyyətlərin verildiyinə inanar. Nəhayət, kibir və qürur onun bütün davranışlarına hakim olar. Məlum olduğu kimi, insanlıq tarixi təkəbbür və zülmləri ilə dillərə dastan olan Fironların, Nəmrudların və Qarunların faciəli aqibətlərinin şahididir.

Səfa Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İTALYADA ORTA MƏKTƏBDƏ QURAN TƏDRİS EDİLİR

İtaliyanın Biella şəhərindəki orta məktəblərdən birində, din dərslərində İncillə yanaşı Quran da tədris edilir. Miqrantların kompakt yaşadığı Çiavazza məhəlləsindəki məktəbin...

Bağla