RUHUN ZƏRAFƏTİ-İFFƏT

0

İffət qadının namusudur, əsalətidir, gözəlliyidir, bəzəyidir, zinətidir, gözəl əxlaqıdır.

Qadının ədəbli və həyalı olması, utanma duyğusu, evinə, ərinə və uşaqlarına bağlı olması, doğruluğu və yaxşılığı “iffət” anlayışının mənası içində yer alır.

İffətli olmaq qadının da, kişinin də gözəl əxlaqındandır. Evlilik iffətin qoruyucusudur. Yoldaşların bir-birlərini haramdan çəkindirmələri və iffətli olmağa yönləndirmələri ailə həyatının ən şirin ibadət halıdır.

Dinimiz başdan-başa ədəbdir. Ədəb, qulun Cənabı Haqqın iradəsinə tabe olması, gözəl əxlaqlı olması deməkdir. Hədisi-şərifdə,

– buyurulur.

Həzrət Ömər, “Ədəb elmdən əvvəl gəlir” buyurur. Çox heybətli olmasına baxmayaraq ədəbindən, həyasından Rəsulullahın hüzurunda çox yavaş danışardı. Peyğəmbərimiz də insanların yanında iki dizi üstündə oturar, qarşısındakına hörmət əlaməti olaraq mübarək ayağını uzadıb oturmazdı.

 Hər bir möminin bariz sifətlərindən biri – iffətli olmasıdır. İffətli insan özünü elə bir tufanlı dəryada görür ki, heç bir nəfsani burulğanlar ona qələbə çala bilməz.

İffəti bir sıra növlərə ayıra bilərik:

  1. Fikir iffəti.

İnsanın fikri hər nə qədər ali olarsa, kamala daha çox meyl edərsə, tez bir zamanda təkamülə çatacaqdır.

  1. Baxış iffəti.

Göz – qəlbin qapısıdır. O şey ki, gözlə daxil olar, bəzən onu səadət mənzilinə və bəzən də zillətə çəkər.

  1. Ünsiyyət iffəti.

İctimai fəaliyyətlər insanın istedadlarını çiçəkləndirə bilər. İslam sağlam ictimai rabitələri həmişə mədh etmişdir. Ancaq bu rabitələrin öz ədəb və şərtləri vardır ki, bu da ictimai rabitələrdə olan iffətdir. Yəni rabitə quran zaman mömin gərək iffətinə riayət etsin.

  1. Danışıqda iffət.

Danışıqda da mömin iffətinə riayət etməli və nalayiq sözlərdən çəkinməlidir.

 İnsan bu həyatda nazənin bir qonaqdır. Allah Təala insana minlərlə fərqli duyğu bəxş edib. Hər duyğusu və üzvü mükəmməl bir sənətlə var edilmişdir. İnsanın həm bədənini, həm də ruhunu sonsuz qüdrət və hikməti ilə var edən, onun fitri ehtiyaclarının qarşısında halal-qanuni yollar açan Yaradıcısı insana “iffətli” olmağı əmr edir. Onun insana nümunə olaraq göndərdiyi elçisi Hz. Məhəmməd (s.ə.s.) də “İffət sahibi olun. Çirkin şeylər etməyin”- buyurur.

Allah Təala hər şeyi, hər kəsin etdiyini görür. Onun görməsinə heç bir şey mane ola bilməz. Allahın, ürəkdəki pıçıltıları, beyindəki birləşmələri, fikirdəki gizlilikləri, zülmət qaranlıq bir gecədə qapqara bir daşın üzərində gedən qapqara bir qarışqanı və çıxardığı səsi görür, duyur, bilir. İbadətdə ixlas, qulun Allahı görməməsinə baxmayaraq, Allahın onu gördüyünü bilməsi və onu görür kimi ibadət etməsidir. Şair nə gözəl demiş:

Əhli irfan arasında aradım, qıldım tələb.

Hər hünər məqbul imiş, illa ədəb, illa ədəb.

Allahu Təala Qurani-Kərimin bir çox yerində iffətini qoruya bilənə böyük mükafatlar vəd etmişdir.

İffət prinsipi, kamil iman sahibi olağın əsaslarından biridir. İffətlilik, Allah və Rəsulunun bizdən tələb etdiyi bir mömin şüarıdır. İffətsizliyin baş alıb getdiyi, bəşəri dəyərlərin həva və həvəslərin insafına tərk edildiyi günümüzdə, ədəbli ola bilmək, iffətli qala bilmək fövqəladə bir nailiyyətdir. Belə bir həssaslığa sahib ola bilməyin nə qədər məşəqqətli olduğu nəzərə alınacaq olsa, iffət əxlaqını qorumanın Haqqın xatiri üçün pisliklərə yox deyə bilməyin insanı nə dərəcədə zirvələrə daşıyacağı böyük bir xoşbəxtlikdir. Gözəlliyin sədəqəsi iffətdir!

 Yazımı gözəl bir hekayə ilə tamamlamaq istərdim.

Bir zamanlar valilik edən birinin çox gözəl bir bağçası vardı. Rəngarəng çiçəklərlə əhatə olunmuş, tam bir zövq və səfa yeri idi. Bir gün vali, bu bağçaya gəldi. Vali, bir bəhanə ilə bağçada işləyən qadının əri olan bağbanı, bir iş üçün çölə göndərdi. Qadına da dedi ki:

-Bağçanın qapılarını bağla. Heç bir qapı açıq qalmasın!

Qadın, ağıllı və namuslu idi. Valinin ona qarşı pis niyyət daşıdığını anladı. Gedib bir ağacın arxasına gizləndi və bir az sonra gəlib dedi ki:

-Qapıları bağladım. Ancaq bir dənəsi qaldı. Onu bağlamağa gücüm çatmır. Nə qədər çalışsam da bağlaya bilmirəm.

-O, hansı qapıdır?

-Bu qapı, Allah Təalanın (Basir) sifəti ilə bizi gördüyü qapıdır. Vali, bu sözü eşidincə, peşman olub tövbə etdi. Bir daha ağlına belə pisliklər gətirməmək üçün, Allah Təalanın sevimli qullarından birinin olduğu yerə gedib, onun söhbətinə yetişdi. Allah Təalanın sevimli qullarından biri oldu.

Allahım, səndən hidayət, təqva, iffət və könül zənginliyi diləyirik. Rəbbim daima doğru yolda olmağı nəsib etsin. Amin!

Mətanət Kərimova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏDƏNİYYƏT BUDURMU?

Başda atom olmaqla son əsrimizdə minlərlə insanı qətl edən müxtəlif bombaları, raketləri, kimyəvi və bioloji silahları “ağıl və elm” meydana...

Bağla