Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirərkən çəkdiyiniz əziyyətlərə, düçar olduğunuz bəlalara) səbir edin, (Sizə üz verən müsibət və çətinliklərə) dözün, hazırlıqlı və oyanıq olun və Allahdan qorxun ki, nicat tapasınız”. ( Ali-İmran, 200)
“Yalnız (dünyada Allah yolunda çəkilən çətinliklərə) səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir”. (əz-Zümər 10)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Dünya həyatı hər gün yeni oyunlarla, bəlalarla, müsibətlərlə və bunların doğurduğu vicdan rahatsızlığı ilə üzərimizə yürüməkdədir. Belə qeyri-bərabər şəraitdə əməllərimizin ilahi nəzarət sisteminin sağlam aləti olan ədalət tərəzisindəki müvazinətini sabit saxlamaq qulluq sahiblərindən olduqca böyük məharət tələb etməkdədir. Bütün bu çətinliklərə sinə gərməyə müqtədir olan səbir bərəkətini ruhumuza hakim kəsməyə nail olmasaq, bəla və çətinliklərin şiddətli təsiri altında vurnuxan nəfsin əbədi səadətimizə qənim kəsilmiş üsyankar təbiətinə təslimiyyətimiz qaçınılmaz olacaqdır. Bu mənfur təhlükə qarşısında insan övladını nəfsi ilə baş-başa savaş meydanlarında tək buraxmayan Allah dostları təsirli nəsihətləri ilə iman əhlini qurtuluş cığırına yönəldərək və səbirlə ən çətin məsələlərin öhdəsindən gəlmə düsturlarını qəlblərin hafizəsinə diqqətlə nəqş edərək ümmət üçün müstəsna fədakarlıq xidmətlərinə daima imza atmaqdadırlar. Bu yolun mahir ustadlarından olan Musa Topbaş əfəndi belə buyurur: “Bir məsələni yaxşıca anlamalıyıq ki, bizim qurtuluşumuz, salamatçılığımız və səadətimiz hər bir halda və vəziyyətdə, hər nəfəsdə, hər addımda, bütün hərəkətlərimizdə Rəsulullaha tam olaraq uymaqla, onun boyasına boyanmaqla, onun əxlaqı ilə əxlaqlanmaqla, onun sünnəsindən qətiyyən ayrılmamağa çalışmaqla mümkündür”.
Dünyamız İlahi qanunlarla yaşama yolunu əngəlləyən saysız-hesabsız çətinliklərlə dolu olan bir imtahan yurdudur. Ona görə də, Rəbbimizə ibadət edərkən qarşımıza çıxacaq çətinliklərə qarşı səbir, günah işləməməyə qarşı səbir və bəla və müsibətlərə qarşı səbir möminlərin qulluq həyatında xüsusi mahiyyət daşıyan imtahan növləridir. Uşaqların kiçik yaşda ölməsi, var-dövlətin əldən çıxması, gözlərin tutulması, qulaqların eşitməməsi kimi önlənməsi insanların əllərində olmayan müsibətlərə səbir etməkdən daha fəzilətli səbir yoxdur. Bəlalara səbir isə siddiqlərin dərəcəsidir. İnananların dözümlülük həddinin sınanması ilə cərəyan edən hadisələrdə ümmətinin imdadına yetişən Rəsulullahın səbir edənlərə yönəlik dualarında Rəbbimizdən asan bir dözüm diləməsi necə də təqdirəlayiqdir:
Dünya həyatının ağır sınaqları qarşısında həm özlərinin, həm də inananların üzüağ və səlim niyyətli bir qəlb qazanaraq çıxmasını arzulayan Allah dostlarının mənəviyyat divanı səbir nemətini tanıdan neçə-neçə söz inciləri ilə zəngindir. Onlardan biri olan Mehmed Zahid Kotku əfəndinin zəngin mənəviyyat divanındakı məna inciləri səbir nemətini anlama və onu qazanma yollarını iman əhlinə məharətlə izah edən bir könül əsəridir:
“Hər nə yaşayırsansa, imtahandır. Şər və ya xeyir olduğunu yalnız Allah bilir. Səbir məqamına yetişmək asan deyil. Fəqət o məqama çatdığında dadına doymaq mümkün deyil. Qəlbini qırmaq istəyənləri mələklərə burax. Onlar sən (səbir edərək) susduğunda danışmağa başlayarlar. Bunu hiss etmək belə əlçatmaz bir hüzurdur”.
Sad ibn Vəqqas adında böyük bir səhabə var idi. Rəqiblərini məğlub edən komandan idi. Qocalana yaxın artıq gözləri görməz olmuşdu. Ona demişdilər ki, “Biz sənin duanın bərəkətini bilirik. Sənin duan qılınc kimi kəsən bir duadır. Nə olar, Allaha dua et, gözlərinin işığını sənə qaytarsın”. Bu tələb qarşısında Sad ibn Vəqqas həzrətlərinin cavabı necə də möhtəşəm olmuşdur: “Mən Allahın təqdirini gözümün nurundan çox sevirəm! Ona görə də israr etdiyiniz bu dua ilə Rəbbimə yönəlməyə həya edirəm”.
MÜBARİZ ƏLİOĞLU