Ərəb dilində “şəf’” sözündən törəmiş şəfaət, lüğətdə bir kimsənin bağışlanmasını istəmək, başqası adına kömək diləmək, dua etmək, xahiş etmək deməkdir. Şəfaət bir möminin günahlarının bağışlanması üçün Allaha dua edib yalvarmaqdır. Başqa bir ifadə ilə, bir kimsənin kömək etmək və ya kömək diləmək məqsədi ilə, başqa bir adama nisbət edilməsi, onunla birlikdə xatırlanmasıdır. Şəfaət edənə “şafi” və ya “şəfi”; şəfaət edilənə də “məşfu” (şəfaət gözləyən) deyilir.
Quranda şəfaət sözü 30 yerdə işlədilmişdir. Bu ayələrin bir qismi kafirlər üçün şəfaətin mötəbər olmadığı, qəbul edilməyəcəyi ilə əlaqədardır.
Allah (c. c.) inkarçılardan, bütə sitayiş edənlərdən belə soruşur: “Yoxsa onlar Allahdan başqa şəfaətçilərmi götürdülər?” (əz-Zümər, 43). Allahın dəvətinə cavab verməyib Kitabdan üz çevirənlər o gün “bizə şəfaət edəcək bir şəfaətçi yoxdurmu?” deyə yalvaracaq və dünyaya geri dönməyi arzu edəcəklər (əl-Əraf, 53).
Müşriklər bir tərəfdən Allaha şirk qoşur, digər bir tərəfdən də qoşduqları ortaqların Allah qatında mütləq şəfaət edəcəklərini iddia edirdilər. Qurani-Kərim isə Allaha şirk qoşulan şeylərin şəfaət səlahiyyətinə sahib olmadığını açıqca vurğulamışdır (əl-Maidə, 72, 94; əl-Əraf, 53; Yunus, 18). Allah qatında ancaq Onun icazə verdiyi “yaxşı kəslər” (salehlər) şəfaət məsələsində vasitəçilik edə bilərlər. (Taha, 109; ən-Nəcm, 26)
Quranın şəfaətlə əlaqədar olaraq vurğuladığı əhəmiyyətli nöqtə şəfaətin Allaha aid olduğu, O icazə vermədikcə kimsənin şəfaət edə bilməyəcəyidir. Quranın şəfaət anlayışının da tövhid əqidəsi ilə əlaqəsini quraraq şəfaəti Allahın icazəsinə bağlaması göstərir ki, həqiqətdə şəfaət edən də, şəfaəti qəbul edən də Uca Allahdır. Şəfaət diləkləri də, möminlərin şəfaətdən faydalanmaları da Allahın icazəsinə bağlıdır.
Buna görə də şəfaət istəyi və duası yalnız Allaha edilməlidir. Tirmizinin rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (s.ə.s) bir səhabəyə şəfaətini istəməsini belə öyrətmişdir: “Allahım, Onu (Rəsulullahı) haqqımda şəfaətçi et.”
Quran şəfaət hadisəsinin daha çox axirətdəki vəziyyətini izah etməkdədir. “…Onun icazəsi olmadan, Onun qatında şəfaət edəcək kimdir?…” (əl-Bəqərə, 255) ayəsi, əgər Allah icazə verərsə, başqalarının da şəfaətçi ola biləcəyi mənasını verdiyi kimi; müşriklərin şəfaət ümid etdikləri bütün bütlər və bənzərlərinin əsla şəfaətçi ola bilməyəcəyini də ifadə edir. Çünki Allah (c.c.) onlara belə bir səlahiyyət verməmişdir.
Allah (c.c.) öz dərgahından əhd (söz) alanlara (Məryəm, 87), Haqqa şahidlik edənlərə (əz-Zuxruf, 86), dilədiyi və razı olduğu kəslərə (ən-Nəcm, 26) şəfaət etmələri üçün icazə verməkdədir.
Peyğəmbərlər içində ilk dəfə şəfaət edəcək və şəfaəti qəbul ediləcək peyğəmbər Hz. Muhamməddir (s.ə.s.). (Müslim, Fədail 2). Hz. Peyğəmbərin şəfaəti ilə hesaba və sorğuya çəkilmədən cənnətə girəcəklər də olacaq (Buxari, Təfsir Surə 18; Müslim, İman 84). Cənnətdə dərəcələrin artırılması üçün ilk şəfaət edəcək olan da Hz. Muhamməddir (s.ə.s.). Peyğəmbərimiz bir hədisində:
“Cənnətdə insanların əvvəlcə şəfaət edəni mənəm”, (Müslim, İman 85) – buyurmuşdur.
Hədisi-şəriflərdən ən böyük şəfaətçinin Hz. Muhamməd (s.ə.s.) olduğu görünür:
“Hər peyğəmbərin müstəcab (Allahın şübhəsiz qəbul edəcəyi) bir duası vardır. Əvvəlki peyğəmbərlər o duanı etməkdə tələsdi. Mən isə bu duamı qiyamət günündə ümmətimə şəfaət olaraq istifadə etmək üçün saxladım (istifadə etməyi axirətə buraxdım). Ona, inşallah, ümmətimdən şirk qoşmadan ölənlər nail olacaqlar”. (Buxari, Dəavat 1, Tövhid 31; Müslim, İman 334 (198); Muvatta, Quran 26; (1, 212); Tirmizi, Dəavat 141 (3597); Darımı, Siyər 28, Riqaq 85; Kutubu Sittə Tərc. 14/402-403).
Hz. Peyğəmbərin hədisdə bəhs olunan bu böyük şəfaətinə “şəfaətül-uzma” deyilir.
Bundan başqa, digər peyğəmbərlər də öz ümmətlərinə şəfaətçi olacaqlar:
“Axirətdə peyğəmbərlərin hamısına möminlərə şəfaət etmə haqqı veriləcəkdir”. (Buxari, Riqaq 45, Tövhid 33; Müslim, İman 81; Əbu Davud, Cihad 26; Əhməd bin Hənbəl, Müsnəd III/ 94, 325, V/43; Tirmizi, II/66).
“Hər peyğəmbər öz ümmətinə şəfaət edəcək”. (Buxari, Təfsir, Surə 18)
İnsanlar mühakimə olunmaq üçün məhşərdə toplandıqda peyğəmbərlər: “Allahım, salamatlıq ver!” – deyə dua edəcəklər (Buxari, Riqaq 52; Müslim, İman 81).
Peyğəmbərlərin və Hz. Muhammədin (s.ə.s.) şəfaəti Allahın icazəsi ilə yalnız möminlərə şamil ola biləcək. Peyğəmbərimiz (s.ə.s.) də hədislərində, ümmətindən böyük günah işləyənlər də daxil, möminlərin onun şəfaətinə nail olacaqlarını söyləmişdir (Buxari, Riqaq 51; Əbu Davud, Sünnə 20; Tirmizi, II/66).
Kamran Məmmədov