SƏHABƏLƏRİN QURAN TƏFSİRİNDƏKİ YERİ

0

Həzrət Peyğəmbəri (s.) görən, ona iman edən və bu iman üzrə vəfat edən şəxslərə “səhabə” deyilir. Səhabə sözünün bir çox mənaları vardır. Ancaq burada nəzərdə tutulan “dost”, “tərəfdar” deməkdir. Səhabələr Həzrət Peyğəmbərin (s.) hər zaman yanında olmuş, ondan yeni nazil olan (enən) dinin incəliklərini öyrənmiş və İslamın uzaq diyarlara yayılması üçün böyük səylər göstərmişdir.

            Səhabələrin eyni zamanda Qurani-Kərim təfsirində xüsusi yeri və əhəmiyyəti vardır. Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Əli ibn Əbi Talib və Übey ibn Kab təfsir sahəsində başda gələn ilk səhabələrdir. Adları qeyd edilən dörd səhabənin hər biri özündən sonra məktəb yaratmış şəxslərdir. Məsələn: Abdullah ibn Məsud İraq rey və təfsir məktəbinin,[1] Abdullah ibn Abbas Məkkə təfsir məktəbinin, Əli ibn Əbi Talib və Übey ibn Kab isə Mədinə təfsir məktəblərinin qurucularıdır.

            Bu səhabələrdən başqa Əbu Hüreyrə, Abdullah ibn Səlam, Təmim əd-Dari, Ömər ibn Xəttab və s. səhabələr də təfsir sahəsində böyük önəm kəsb edən şəxsiyyətlərdən sadəcə bir neçəsidir. Səhabələr Qurani-Kərimi Həzrət Peyğəmbərdən (s.) öyrəndikləri kimi tətbiq edir, bir növ gələcək nəsillər üçün praktik təcrübə halına gətirirdilər. Namazın qılınma şəkilləri, orucun hökmləri, zəkatın miqdarı və xüsusiyyətləri haqqında açıqlamalar səhabələrin praktik təcrübələri vasitəsilə bu günə qədər gəlib çatmışdır. Onların Həzrət Peyğəmbərə (s.) yaxın olmaları Qurani-Kərimin incəliklərini öyrənmələrinə və gözəl bir şəkildə həyata keçirmələrinə kömək etmişdir. Deməli, qeyd edilənlərdən belə bir nəticə çıxara bilərik: Bəzi səhabələr təfsir elmində öndər olduqları üçün təşkil etdikləri elm məclislərində Qurani-Kərimin ayələrini insanlara açıqlayır, insanlardan bu bağlamda verilən sualları cavablayırdılar. Bəzi səhabələr isə Qurani-Kərimin ayələri ilə bağlı Həzrət Peyğəmbərdən (s.) öyrəndiklərini tətbiq edərək insanlara praktik təcrübəni öyrədirdilər. Beləliklə, Qurani-Kərim sadəcə sözdə qalmır, eyni zamanda praktikada tətbiq edilərək insanların könüllərinə yerləşirdi. Əslində bu metod Həzrət Peyğəmbərin (s.) metodu idi. Səhabələr Həzrət Məhəmmədin (s.) ilahi kəlama yaxınlaşdığı tərzdə Qurani-Kərimə yaxınlaşaraq onun yolunu davam etdirirdilər. Eyni zamanda səhabələrin Qurani-Kərim təfsirindəki önəmini incələdikcə Həzrət Peyğəmbərin əxlaqını da görürük. Bu da həm Həzrət Məhəmmədin (s.), həm də səhabələrin ilahi kəlama nə qədər ehtiram göstərdiklərini bir daha sübut edir.

            Nəticə etibarilə, kimliyindən aslı olamayaraq hər bir səhabənin Qurani-Kərimin təfsirində az ya da çox rolü vardır. Onlar son ilahi vəhyin yayılması, insanların qəlblərində yerləşməsi üçün həm praktik olaraq bunu göstərmiş, həm də elm məclisləri təşkil edərək insanlara kəlamın incəliklərini öyrətmişlərdir. Bu bağlamda o uca şəxsiyyətlərin bizim nəzərimizdəki yeri əvəz olunmazdır. Biz onlardan razıyıq. Allah da onlardan razı olsun!

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.

[1] Qeyd: Əbu Hənifə Abullah ibn Məsudun rey məktəbində yetişmiş böyük alimlərdən biridir. Belə ki, Abdullah ibn Məsudun tələbələrindən Əlqamə ibn Qeysin elm məclisində təhsil almış İbrahim ən-Nəhai və Şabinin yanında yetişmiş Həmmad ibn Əbi Süleyman Əbu Hənifənin ən seçkin müəllimlərindən biri olmuşdur. Abdullah ibn Məsudla başlayan və Əbu Hənifəyə qədər davam edən müəllim-tələbə zənciri böyük əhəmiyyətə sahibdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Bölgədə sülhə töhfə vermək əvəzinə, ədalətsiz yanaşmaları davam etdirmək qəbulolunmazdır”

Avropa Parlamentinin martın 10-da Azərbaycanla bağlı qəbul etdiyi, tamamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə...

Bağla