SƏMİMİYYƏTİN  4   FAYDASI…

0

Səmimi bir ürəklə bəslənməyən sözlər

 qabıqdan ibarətdir.

“Şəxsiyyət Dili”mizin inkişafında diqqət edəcəyimiz ilk amil “səmimiyyət”dir. Öz nəfsi üçün gizli bir mənfəəti olmadan pak bir ruhla ürəkdən gələn ünsiyyət qurmanın adı olan səmimiyyət şəxsiyyətimizə dəyər qazandıran ən mühüm amillərdən biridir. Səmimi olmaq:

1. Daxili bütünlüyümüzdən və özümüzə qarşı dürüst olmağımızdan irəli gələn zəruriyyətdir. Daxili və zahiri eyni olmaq, olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq insanın özünə inamını artırır. Səmimiyyətdən uzaq olanlar əksər hallarda maska ilə gəzən və özlərilə barış halında olmayan narahat insanlardır. Belə insanlar heç zaman özləri ola bilməzlər. Dini ədəbiyyatda bu cür insanlara ikiüzlü mənasında “münafiq” adı verilir. Qurani-Kərim belə insanların bariz xüsusiyyətlərindən tez-tez bəhs edir. Məsələn, mənfəətləri naminə daxil olduqları hər bir qrupa “Biz sizinlə birlikdəyik, digərləri ilə bərabər olduğumuza fikir verməyin” deyərlər, “təşkil edilən hər toplantını və danışılanları öz əleyhlərində zənn edərlər”, “gizli-gizli iş görməkdən xoşlanırlar”, “həmsöhbətlərini inandırmaq üçün tez-tez and içərlər”, “daxildəki əskiklərini ört-basdır etmək üçün xarici görünüşlərinə və danışıqlarına xüsusi əhəmiyyət verərlər”. Bu cür insanların özünə inam əskikliyi hər hərəkətlərində aydın hiss edilir.

2. “Təsirli insan” olmanın vaz keçilməz bir şərtidir. İnsanlar üzərində təsir buraxmanın ən mühüm vasitələri söz və davranışlardır. Söz və davranışlara güclü bir həyəcan yüklənməmişdirsə, təsirli olmaq çətindir. Səmimi bir ürəklə bəslənməyən sözlər qabıqdan iba­rət­dir. Belə sözlər əksər hallarda konstruktiv və düzəldici deyil, dağıdıcı və bezdiricidir. Sözə enerji və dirilik qazandıran sirr könüldən qaynamış olmasıdır. Gözəl danışma metodları adlı seminarlarda iştirak etmək faydalı olsa da, sözün təsirli olması üçün kifayət deyildir. Sözə səmimi və isti bir könlün yoldaşlıq etməsi həqiqətdə o sözə ruh qatar, onu canlarndırar və nəhayət sözü təsirli edər. Bu baxımdan başda pey­ğəm­bərlər olmaqla bütün tərbiyyəçilər şəxsiyyətin təşəkkülündə səmimiyyəti ilk sıraya qoymuşlar.

Davranışlarda da belədir. Səmimi olmayan hər davranış saxta bir görüntü verər. Həmsöhbətimizdə bizə qarşı hörmət oyandıran və şəxsiyyətimizi təsirli edən davranışlar könüldən bəslənənlərdir. Buna görə də təsirli bir lider və təsirli bir tərbiyyəçi, ancaq səmimi in­sanlar arasından çıxar. Səmimiyyət həmsöhbətdə sevgi, hörmət və təqdir hisslərini hərəkətə gətirir. Səmimiyyətdən məhrum bir xarakterə fərdi inkişaf sahəsində xeyli sayda sertifikat aldırmaqla iş bitməz.

3. Mötəbər bir insan olmanın zəminini hazırlayır. Ailə həyatında, dostluqlarda və iş həyatında etibarlı olmaq, münasibətlərin davam etməsi və dərinləşməsi ba­xımından olduqca zəruridir. Məhz bu etimad hissi, ancaq səmimiyyət zəminində yetişir. Sözündə və münasibətlərində səmimilik olmayan səmimiyyət yoxsulu olan zavallılarla heç kəs yol yoldaşı, həyat yoldaşı və iş yoldaşı olmaq istəməz. Belələrinin əqidə yoldaşlığından və dostluqlarından bəhs etmək də mümkün deyil. Çünki səmimiyyətdən məhrum bir sevgi həqiqətdə ruhsuz bir nümayişdən ibarətdir. Dostluğu möhkəmlətməz, əksinə nifrətə yol açar.

4. Səmimiyyət xalq nəzərində “şəxsiyyət dili”nin vaz keçilməz bir əsası olduğu kimi, Haqq dərgahında da sanki qulluğun keyfiyyət nişanıdır. Dinin ən mühüm məqsədlərindən biri də səmimi insan formalaşdırmaqdır. Allah Rəsulu -sallallahu aleyhi və səlləm- bir gün üç dəfə ard-arda belə buyurdu:

“-Din səmimi olmaqdır, din səmimi olmaqdır, din səmimi olmaqdır”.

Bu sözü eşidənlər:

“-Kimə qarşı, ey Allahın elçisi?”, -deyə soruşdular. Hz. Peyğəmbər belə cavab verdi:

“-Allaha, Onun elçisinə, kitabına, müsəlmanların li­derlərinə və hətta bütün insanlara qarşı səmimi olmaqdır”.

Quranda qulun Allaha qarşı səmimi olmasını bildirən ifadə “ixlas”dır. İxlas əməllərin göstərişdən və nəfsani hesablardan təmizlənmiş olmasını ifadə edir. Əməllərin Haqq dərgahında məqbul olmasının vacib şərtlərindən biri də o əməlin ixlasla işlənməsidir. İbadətdə səmimiyyət yoxdursa, o ibadət quru bir yorğunluqdur və hətta bəzən sahibi üçün vəbaldır. Çünki göstəriş (riya) dində ən böyük günah olan “Allaha ortaq qoşma” mənasındakı “şirk”in gizli bir növü olaraq qəbul edilmişdir.

Uca Allah səmimiyyətlə başlanılan hər söz və işə bərəkət lütf edər. Savadı və digər imkanları kifayət qədər olmadığı halda səmimiyyətlə bir xidmətə niyyət edən insanların neçə-neçə böyük əsərlərə imza atdıqlarını hər birimiz görmüşük, ya da eşitmişik. Səmimiyyətin təsirli olması din, dil və irqə bağlı deyil. Hər kimdə bundan bir nəsib varsa, onun könlündən, əlindən, dilindən və gözündən həmsöhbətlərini təsir altına salan bir enerji çıxar. Bu enerjinin müsbət və ya mənfi olması, sahibinin niyyətinə bağlıdır.

“Şəxsiyyət Dili”nin bu gücünü müsbət bir enerji olaraq xarakterimizə qatmaq üçün:

1. Səmimiyyətin əhəmiyyətinə inanmaq,

2. Səmimi olmağa ciddi şəkildə qərar vermək,

3. Bəsit hesabların arxasınca düşməmək,

4. İnsanların razılığını deyil, Haqqın rizasını hər şeydən üstün tutmaq,

5. Səmimiyyət və ixlas lütf etməsi üçün Uca Allaha dua etmək lazımdır.

Mənbə: “Şəxsiyyət Dili”, ADEM ERGÜL.  İPƏKYOLU NƏŞRİYYATI.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAŞLANMAĞI DURDURMAQ RİYAZİ OLARAQ MÜMKÜNDÜRMÜ?

Arizona Universitetində hüceyərələr üzərində tədqiqatlar aparan Poul Nelson və Joanna Masel bu nəticəyə gəliblər. Onlar fəaliyyətini dayandıran hüceyrələrin təmizlənməsi ilə...

Bağla