SƏNİN  PEYĞƏMBƏRİN  KİMDİR?

0

“Niyə ən gözəl insan məhz sizin Peyğəmbərinizdir?” sualına necə cavab verərdiniz?Onun tərtəmiz həyatını təsvir etmək üçün hansı cümlələri qurardınız?

Şübhəsiz ki, ən gözəl insan o olmuşdur. Yaxşı, bəs ardınca: “Niyə?” – deyə soruşsalar, onda nə cavab verəcəksiniz? Bəli, mütləq bu sualı da verəcəklər. Öncəki suala verdiyiniz cavabın doğru olduğunu qəbul etsələr belə, “niyə?” sualını verəcəklər. Çünki hər kəsin özünəməxsus pəncərəsi var. “Niyə?” sualını verməklə gözəlliyin sizin pəncərənizdən necə göründüyünü, ən əsası da, hər kəsə bəlli olan gözəlliyin sizin pəncərənizdən niyə məhz o cür göründüyünü bilmək və o gözəllik vasitəsilə pəncərənizin ölçüsünü və parlaqlığını təyin etmək istəyəcəklər.

Bilirsinizmi bunu niyə soruşuram? Sizə uzadılacaq o mikrofona söyləyəcəyiniz və müsahibənizi izləyəcək insanları qane edəcəyini hesab etdiyiniz o üç-beş cümlə barədə düşünəsiniz deyə… Bir daha soruşuram: “Niyə ən gözəl insan məhz sizin Peyğəmbərinizdir?” sualına necə cavab verərdiniz? Düşüncəsində min bir tərəddüd dolaşaraq pərən-pərən düşən bu zəmanə adamlarının qəlb və zehinlərinə necə səslənərdiniz? Ən gözəl insanın qəddar bir cani və ya şəhvətpərəst kimi təqdim edildiyi bu dövrdə onun tərtəmiz həyatını təsvir etmək üçün hansı cümlələri qurardınız? Düşünüb-daşınmadan anidən quracağınız üç-beş qırıq-kəsik cümlə nə ifadə edərdi, nələri vurğulayardı?

“Üç-beş cümlə” deyib məsələni səthiləşdirməyimə fikir verməyin. Əslində, söhbət sizin Peyğəmbər obrazınızdan, onu necə dərk və təsəvvür etməyinizdən gedir. Bu obraz anidən qurmaq məcburiyyətində qalacağınız o üç-beş cümlə ilə çox gözəl ifadə edilə də bilər… Çox güman ki, bu yarımçıq cümlələr səmimi-qəlblə deyildiyindən onların ifadə etdiyi Peyğəmbər obrazı saatlarla düşünüb-daşınıb həssaslıqla hazırladığınız mətnlərdəki Peyğəmbər obrazından daha doğru və daha dəqiq olacaq. Necə deyərlər, qəlbindəki nədirsə, dilindəki də odur. “Mənim peyğəmbərim” deyəndə ilk ağlınıza gələn fikirlər, əlbəttə ki, özünəməxsus və sünilikdən uzaq olacaq. Naqis olub-olmamağından asılı olmayaraq, əsas sizin öz düşüncəniz və öz fikirlərinizdir, kitablarda yazılanlar deyil.

“Sizin Peyğəmbəriniz” kimdir? “Sizin Peyğəmbəriniz” aləmlərə rəhmət olaraq göndərilmiş Rəsulullah haqda öyrənməyə, onu anlamağa və gətirdiyi prinsipləri tətbiq etməyə başladığınız andan etibarən qəlbinizdə böyüyən Peyğəmbər portretidir. Həyata onun kimi yanaşmağa, dünyanı onun kimi dəyərləndirməyə və ümid, qorxu və sevinci onun kimi anlamağa çalışan hər kəs tədricən özünəməxsus Peyğəmbər təsəvvürünə sahib olur. Bu, onun həyatı haqqındakı kitablarda və ya hədislərdə bəhs olunan yox, məhz qəlbimiz və vicdanımıza həkk olunan Peyğəmbər obrazıdır. Qəlbimizdən dilimizə töküləcək və bizə uzadılan mikrofona söyləyəcəyimiz o üç-beş cümlədə bəhs olunan Peyğəmbər məhz bizim Peyğəmbər obrazımızdır. Yəni bu belə sadədir? Bəli, bu, üç-beş cümlə ilə ifadə edilə biləcək qədər sadə və asandır. Lakin aləmlərə rəhmət olaraq göndərilmiş bir şəxsi üç-beş natamam cümlə, dayaz düşüncə və məhdud bir həyəcanla “mənim Peyğəmbərim” şablonuna sığdıracaq qədər də məsuliyyətli və çətin bir işdir. Bəli, çətindir, amma bizi dəyişdirəcək, hərəkətə gətirəcək və ona ümmət qılacaq şey onun haqqındakı təsəvvürümüzdən doğulacaq və həyəcanla dilə gətirəcəyimiz o üç-beş naqis cümlədir. Bu üç-beş cümlə ilə, əslində, yalnız və yalnız onunla bağlı qismətimizə düşən pay təzahür etmiş olacaq.

Peyğəmbərimiz göylərlə yer arasındakı çətin və dəhşətli əlaqənin mərkəzindəki insandır. Bu mübarək insanın yerinə yetirdiyi vəzifənin ehtişamını qaranlığa alışmış gözlərimizlə yox, nurani işıq arzulayan ruhumuz və qəlbimizlə dərk edə bilərik. Göylərin əbədi dil və mənasını yerin məhdud idrakına bağlayan və təqvalıların rəhbəri olan Peyğəmbərimizdən – bu Haqq aynasından yalnız yerin ehtiyaclarından ibarət olan həyat tərzi ilə və zehni və qəlbi təfəkkürlə faydalanmaq mümkün deyil. Rəsulullahdan faydalanmağın yolu ona və gətirdiklərinə yaraşacaq şövq və həssaslığa sahib olmaq, ən əsası da, onun taleyini bölüşməkdən keçir.

O məsum yetim gözəl əxlaqı, pak soyu və təmiz həyatı ilə göylərdən gələn sözlərin yerdə canlı, səyyar bir mərkəzi olmuşdusa, deməli, ondan örnək götürmək istəyənlər də buna bənzər yol tutmaq məcburiyyətindədirlər. Bu yol onun kimi səy və fədakarlıq göstərməklə, onun kimi əxlaq sahibi olmağa, çirkaba bulaşmış bir dünyada təmiz yaşamağa və pak bir həyata sahib olmağa çalışmaqla açıla bilər. Oyaq ikən yuxu görmək, dar məqamda İran, Şam və Yəmənin açarlarına sahib olmaqla müjdələmək və ölüm ayağında belə, sevimli qızına: “Ağlama, qızım, atan bir daha ağrı-acı çəkməyəcək”, – deyə biləcək qədər axirət və Allah sevgisinə sahib olmaqla açıla bilər. Bu yol eşq, şövq və mərhəmətlə bəzənmiş Peyğəmbər fitrətinin yoludursa, deməli, bu yolla yalnız onun sahibinin eşq, səy, dərd və istiqamətini bölüşməklə getmək olar.

GƏNC PEYĞƏMBƏR VƏ GƏNC DOSTLARI,  MEHMET LÜTFİ ARSLAN

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMAZIN ƏHƏMİYYƏTİ

Allahın insana bəxş etdiyi bir çox nemətlər vardır ki, Rəbbimiz bütün bu nemətlərin şükrünü, bizdən istəməkdədir.

Bağla