Şərəf və izzət insan ruhunun zinətləri və bəzəyi sayılır. Bu zinətlər Allahın əlindədir və dilədiyinə bəxş edir. Quranda Fatir surəsi 10-cu ayədə Rəbbimiz belə buyurur: O kəs ki, izzət istəyir bilsin ki, izzətin hamısı Allaha məxsusdur. Bir hədisində Peyğəmbər aleyhissəlam əfəndimiz “Bil ki, möminin şərəfi gecələri ibadətə qalxmasında, izzəti isə insanlara möhtac olmamasındadır” Möminin şərəf və izzət qazanmasının iki yolunu açıqlayan bu hədisə görə, bir insan gecə ibadətlərinə qalxarsa şərəflənər, insanlara bağlanmadan yaşayarsa, yəni səadəti insanlarda və onların əlindəkilərdə axtarmazsa izzəti artar. Gündə beş dəfə fərz namazlarını namaz qılarkən ən az 17 dəfə, vitr və sünnətləri də qılarsaq 40 dəfə Allahdan şərəf və izzət istəyirik. Çünki, fatiha surəsində oxuduğumuz “təkcə sənə ibadət edirik” və “təkcə səndən mədəd umuruq” ayələri bizə şərəf və izzətin kimdən gəldiyini öyrədir. “Fatiha” surəsini hər dəfə oxuduğumuzda ruhumuza sonsuz xeyir və bərəkət cəlb edərkən, Allahdan şərəf və izzət də istəyirik.
Şərəfli olmağımız, yəni ibadətlərimiz, xüsusilə gecə ibadətləri bizim Allahla əlaqəmizi, bütövlüyümüzü təmin edir və bizi pillə-pillə Allaha yaxınlaşdırır. İzzətli olmaq, yəni insanlardan və onların əldə etdiklərindən asılı olmadan yaşamaq insanın cəmiyyət arasındakı səviyyəsini müəyyənləşdirir. İnsanlara möhtac olmamağın mənası bu deməkdir ki, insan öz özünü idarə edir, öz ehtiyaclarını qarşılayır, hətta başqa insanlara kömək edir. “Verən əl alan əldən üstündür” buyuran Peyğəmbər aleyhissəlam əfəndimiz möminin izzətli olmasını itəmişdir. İnsanlara və onların əllərində olanlara möhtac olmamaq üçün çoxlu işləmək, düşünmək, ixtira etmək, istehsal etmək və hər vaxt xeyir işlərlə məşğul olmaq lazımdır. Mömin surəsi 4-cü ayədə Rəbbimiz “onlar zəkat üçün çalışırlar” buyuraraq möminin zəkat vermək naminə çalışıb çabalamasını, beləliklə izzət qazanmasını tərifləyərək bizi “mal və mülk” qazanmağa təşviq edir.
İzzət qazanarkən kibir tələsinə düşməmək də ayrı bir məharət tələb edir. Öz özünə kifayət edən insan olmaq başqasına yük olmamaq deməkdir. İnsanların xeyir işlərində bir-birinə kömək etməsi və yaxud başqalarının hədiyyələrini, xeyirxahlığını, ehsanını qəbul etməsi izzəti əksiltməz. Əsl məsələ tamahkar olmamaq, həsəd aparmamaq, nankorluq etməmək, Allahın qədərinə qarşı gəlməməkdir. Rəbbimizin Taha 131-ci ayədə buyurduğu, onlara sınaq üçün dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! əyəsində başqalarına verilən şeylərə tamahkarlıq gözü ilə baxmamaq əmr edilib. Mal-dövlət, elm və bilik, güc və qüdrət qazanaraq xeyir sahibi olmaq, başqalarına əl açmadan izzətli yaşamaq üçün dünyanı tanıyaraq aldanmadan ona sahib olmaq lazımdır.
Rəşad Manafov