Əsl adı Piri Muhyiddin İbn Hacı Mehmed olan Piri Rəis tayı-bərabəri olmayan xəritəçi, dənizi və dənizçilik sirlərini dərindən bilən və tarixə böyük izlər salan bir kapitan olmuşdur. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, XV əsrdə Aralıq dənizinin Osmanlılara məxsus olduğunun qəbul edilməsində və bir türk gölü kimi tanınmasında da Piri Rəisin əvəzsiz xidmətləri olmuşdur.
Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda dünyaya göz açmışdır. Bu böyük səyyahın həyatına nəzər saldıqda görürük ki, gənc yaşlarından etibarən əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır.
Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və “Kitabül-Bəhriyyə” əsəri ilə dünyada tanınmış və elm aləminə böyük töhfələr bəxş etmişdir. Əsərin təqdimatında “Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir” kimi ifadələrin yer alması onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
İkinci xəritə hazırda İstanbulun Topqapı Kitabxanasında saxlanılır. 1528-ci ildə hazırlanmış bu xəritə Atlantik okeanının 250 – 90 dərəcə qərb uzunluğu ilə 10 – 90 dərəcə şimal enlikləri arasındakı əraziləri əhatə edir. Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə öz əksini tapmışdır. İkinci xəritə ada və sahillərin birinci xəritəyə nisbətən daha dəqiq çəkilməsi ilə seçilir.
Piri Rəisin tərtib etdiyi bu xəritə dünya miqyasında Şimali Amerikanın ilk tərtib olunmuş xəritəsi sayılır. Xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağlarının son dərəcə dəqiqliklə göstərilməsi insanı heyrətə gətirir. Çünki bu dağlar ancaq 1952-ci ildə səsötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında olan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq olaraq qalmaqdadır.
Dünyaca məşhur professor Şarles Hapjood və riyaziyyatçı V.Staşonun xəritə üzərində apardığı tədqiqatlar dünya alimlərində böyük çaşqınlıq yaratmışdır. Çünki hazırda səmadan çəkilən şəkillərlə xəritə arasında böyük oxşarlıq müəyyən edilmişdir. Hətta bəzi tədqiqatçılar xəritənin səmadan çəkilən fotoşəkillərə əsaslandığı qənaətinə gəlmişlər.
Dövrünün böyük alimi sayılan G.Katman 1960-cı ildə elmi nəşrlərin birində bu haqda fikrini belə ifadə etmişdir: “Piri Rəisin tərtib etdiyi iki xəritənin dövrümüzdə mövcud olan dəniz xəritələrindən heç nə ilə fərqlənməməsi insanı heyrətə gətirir”.
Qrenlandiyanın üç adadan ibarət olması da Piri Rəisin tərtib etdiyi xəritədə açıq-aydın görünməkdədir. Halbuki Qrenlandiyanın üç adadan ibarət olduğu peyklərdən alınan fotoşəkillərə əsasən bundan uzun illər sonra məlum olmuşdur.
Araşdırmalar Xristofor Kolumbun Amerikanın varlığını da türk dənizçilərdən öyrəndiyini göstərir. Osmanlı türklərindən yardım istəyən Kolumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq xidmətçisi Rodriqonu özünə köməkçi götürmüşdür. Rodriqo müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kolumbun səyahətində ilk dəfə qurunu görən də Rodriqo olmuşdur.
Daha sonra isə bu türk dənizçi Kolumb tərəfindən belə tanıdılır: “Rodriqo Osmanlı dəniz qüvvələrinə mənsub bir dənizçi idi”. Hətta bu türk dənizçinin müsəlman olduğu və bunu Kolumbdan başqa kimsənin bilmədiyi də qeyd edilir. Və məhz müsəlman olduğu üçün yeni dünyanın kəşfi şərəfini ona vermədiyini etiraf edir.
“Kitabül-Bəhriyyə” əsəri isə 1521-ci ildə yazılmış, 1525-ci ildə təkmilləşdirilərək Sultan Süleymana təqdim edilmişdir. Kitab gəmiçilikdə istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. “Kitabül-Bəhriyyə” dənizçilik və dənizçilik qanunları haqqında avropalılardan çox qabaq yazılmış ilk elmi biliklərə əsaslanan dəyərli əsərdir. Piri Rəis bu əsərində gəzib gördüyü yerlər və dənizçilik haqqında heç kimə məlum olmayan zəngin məlumatlar verir. Bir hissəsi şeir şəklində yazılan bu əsərin tərcüməsi Paris milli kitabxanasında saxlanılır.
Ümumilikdə tarixə nəzər saldıqda müsəlman elm adamlarının dünya tarixinə bəxş etdiyi elmi kəşflərin və nailiyyətlərin şahidi oluruq. Lakin qədim zamandan indiyə kimi bu kəşf və ixtiraların tanınması və müsəlmanlar adına tarixə düşməsinin qarşısına hər cür əngəl qoyulmuş və unutdurulmağa çalışılmışdır. Halbuki tarix heç nəyi unutmur, zamanı gəlir, bir gün baş verən ədalətsizliklər tarix qarşısında hesab vermək məcburiyyətində qalır. O zaman artıq bütün həqiqətlər ortaya çıxmış olur. Bizim də üzərimizə düşən vəzifə bu həqiqətləri araşdırmaq və tarixdə iz qoymuş bu şəxsiyyətləri hər kəsə tanıtmaqdır.
/Şahalı CƏLİLOV/