Həyatımız boyu edəcəyimiz çox şeyə hələ tezdir deyib, qarşımızdakı günlər buraxdıq. Çox keçmədən gördük ki, günlər yerini illərə vermiş, qarşımızdakı illər keçirdiyimiz illərdən az qalmışdır. Ona görə həyatda hər zaman gecikdiyimizin şahidi olduq. Bu gün görəcəyimiz işləri sabahlara keçirdikcə, onların unudulduğunun fərqinə vardıq. Amma buna bir gün son deməliyik. Bəlkə bu gün, bəlkə də elə indi. Bir şeyi unutmamalıyıq ki, içərisində olduğumuz hər bir zaman, görəcəyimiz işə ən münasib bir vaxtdır. Hələ heç bir şey gec deyildir. Əgər bir şeylər öyrənməmişiksə indi öyrənməyə çalışaq. Gəlin birgə başlayaq.
Sevməyi öyrən: sevdikcə varlığının kainatla bütünləşdiyini hiss edəcəksən. Sevdikcə özünü özündən yüksəyə daşıyacaqsan, sevdikcə qəlbinə yeni və sonsuz qanadlar taxacaqsan, sevdikcə qəlbin bir mavi dənizə dönəcək, səni heç tanımadığın sahillərə aparacaq. Sən sevdiyinin sevgiləri altında yeni bir dünya qazanacaqsan. Elə bir dünya ki, kin, nifrət və düşmənçiliklərdən uzaq, dərd və kədərlərdən xali olacaq. Hər kəs səni qarşılıqsız sevgin üçün qarşılıqsız sevməyə başlar. Sevginin qarşısında minlərlə bağlı qapılar açılar.
Bağışlamağı öyrən: bağışladıqca dostlarının sayını on dəfələrlə artıracaqsan. Bağışlamaq qəlbinin yükünü azaldacaq. Bağışlayınca qəlbinə batan tikanlar gülə dönəcək, bağışlayınca öncə özünü bağışlamış kimi olacaqsan, nifrətin və kinin yükünü çiyinlərindən atmış olacaqsan. Bu dünyada xoşbəxt yaşamağın əsas qaydalarından biri odur ki, nə sən kimsədən inciyəcəksən nə də kimsə səndən inciyəcək. Elə bir həyat yaşayacaqsan ki, kimsənin xətrinə dəyməyəcəksən. İnsanlarla elə davranacaqsan ki, ətrafındakılar səndən incik olmayacaqlar.
Peşman olmaqdan qorxma: peşman olduğunu etiraf etdikcə xətalarının kiçik, bağışlana biləcək parçalara bölündüyünü hiss edəcəksən. Peşmalığın sənə mənliyini və şəxsiyyətini tanıdacaq. Peşmanlıq hissini nəzərdə tutduğun müddətdə zərərin yarısından dönməyin ləzzətini yaşayacaqsan. Peşmanlıq səmimiyyətin imtahanıdır. Səmimiyyəti olmayanlar peşman olmazlar, peşman olmayanlar səmimiyyət qazana bilməzlər.
Xatırlamağı öyrən: xatırladıqca sevgilərin acı köklərini tapıb onlardan hüznü uzaqlaşdıracaqsan. Hər zaman sənə edilən yaxşılıqları xatırla. Sənə qarşı edilən pislikləri ağlından belə keçirmə. İçində uşaqlığını yaşat, uşaqlığını xatırla ki, qayğısız yaşadığın anları yenidən yaşaya biləsən.
Dəyər verməyi öyrən: dəyər verdikcə sevgi dənizlərini tapıb onların xoşbəxtliyi artırdığının şahidi olacaqsan. Dəyər vermədən keçirdiyin günün günəşi heç doğmamış kimidir. Dəyərini bilmədiyin əşya səninki deyil. Dəyərini bilmədiyin dostların sənə görə heç yaşamamış kimidir. Dəyər verməyi öyrəndikdə həyatın qiymətini fərq edəcəksən, daha yavaş yeriyəcəksən, amma ayaqlarını yerə bərk basacaqsan. Sən dəyər verdiyin müddətcə başqaları yanında dəyərli olacaqsan.
Üzr istəməyi öyrən: üzr istədikdə nifrətin və hirsin sonsuzluğa bölündüyünü, beləliklə, onun sıfıra yaxınlaşdığını görəcəksən.
Kövrəlməyi öyrən: qəlbinə hüznün enməsinə icazə ver. Bütün xoşbəxtliklərin və zövqün sonunda bir ayrılıq var. Hamımız ayrılıqların mühasirəyə aldığı bir arada yaşayan fanilərik. Hüzn faniliyin incə sızıntısını qəlbinə hiss etdirdiyi, səni kövrəltdiyi üçün səni əbədiyyətə yaxınlaşdıracaq. Hüznü öldürsən, ölümü anlaya bilmədiyin kimi, həyatı da anlaya bilməyəcəksən.
Bir gün öləcəyini bil: mütləq öləcəksən və öldüyün gün anlayacaqsan ki, yaşadığın bu həyat nə qədər böyük bir tam olsa da, o xırda hissələrdən ibarət imiş. Sonda o da sıfıra bərabər olur. Ona görə də yaşadığın o tamın üzərinə sonsuzluğu özündə saxlaya bilən bir şeylər qoymaq lazımdır. Sənin əlində sıfırdan başqa bir şeyin yoxdur.
Hər gün yenidən oyan: oyanmağı, sadəcə, gözünü açmaq kimi qiymətləndirən üçün günəşin doğması adi bir hadisədir. Heyranlıq duyğusunu hər gecə iki göz qapağının altında gizlətdiyi gözü kimi daim yuxuda gizlədənlər üçün günəşin doğuşu sabahın qaranlığıdır. Aç gözlərini, aç könlünü, indi burada var olduğunun fərqinə var, yaradıldığının fərqinə var. Buraya, bu sabaha bir insan olaraq göndərildiyini bil. Bu sabahın sənin üçün açıldığının fərqinə var. Oyan, çünki Günəş sənin üçün doğur…
MƏTANƏT KƏRİMOVA