Ramazan ayı Allah-Təalanın möminlərə böyük bir lütfü və ehsanıdır.
Çünki Ramazan ayı: Quran, oruc, təravih, yaxşılıq və gözəlliklərlə dolu olan, tövbənin, duaların, xeyir və yaxşı əməllərin qəbul olunduğu mübarək bir aydır. Ramazan – lüğətdə: yandırıcı, qovurucu istilik, günəşin şiddətli hərarəti ilə yerin və daşların istiləşməsi və qızması mənalarına gəlir. Bu ayda tutulan orucla günahların yanıb silinməsinə görə elə bu aya Ramazan adı verilmişdir. Bəzi alimlərə görə isə Ramazan Uca Allahın adlarından biridir ki, Allahın əfv və məğfirəti ilə günahların yanıb yox olması deməkdir. (İbn Qudamə, əl-Muğni, III, 85) İslam təqviminin doqquzuncu ayı olan Ramazan bənzərsiz fəzilətlərlə dolu, çox şərəfli bir aydır.
Ramazan ayı orucu, iftarı, sahuru, təravihi, camaatla dolan məscidləri, Qurani-Kərim müqabələləri ilə bir qurtuluş ayıdır.
Ramazan ayı Qurani-Kərim ayıdır. Ürəklərə nur, könüllərə şəfa, möminlərə rəhmət və bütün insanlığa hidayət olan Qurani-Kərim bu ay içərisində yer alan Qədr gecəsində endirilməyə başlamışdır. Allah-Təala bu haqda belə buyurmuşdur:
Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Ramazan ayı girdiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular”. (Buxari, Savm, 5)
Cənnət qapılarının açılıb cəhənnəm qapılarının bağlandığı və şeytanların zəncirə vurulduğu Ramazan ayında ixlas və səmimiyyətlə oruc tutan möminlərin sığınacağı yer Cənnətdir. Peyğəmbərimiz (s.ə.s) bizləri belə müjdələmişdir: “Cənnətdə Rəyyan adı verilən bir qapı var. Oradan yalnız dünyada ikən Ramazan ayını oruclu keçirənlər girəcəklər. Oruclular girdikdən sonra o qapı bağlanar. Artıq heç kim oradan Cənnətə girə bilməz”. (Müslim, Siyam,166)
Allah-Təalanın razı qalması üçün ixlas və səmimiyyətlə tutulan oruc, insanı Cəhənnəm atəşindən qoruyar. Peyğəmbərmiz (s.ə.s) orucun qoruyucu xüsusiyyəti barəsində belə buyurmuşdur: “Oruc möhkəm bir qalxandır”. (Tirmizi, Salat, 433)
Uca Kitabımız Qurani-Kərimdə və Peyğəmbərimizin dilində təriflənən Ramazan ayı ilahi rəhmət və bağışlamanın zirvəyə çatdığı və bir növ üstdən aşağı, səmalardan yer üzünə axdığı bir aydır. Qəlbimizi və bütün orqanlarımızı pis işlərdən uzaq tutmaq və ibadətlərlə Uca Allahın sonsuz rəhmət və məğfirətinə daxil olmaq üçün bu ay qaçınılmaz bir fürsətdir. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim fəzilətinə inanaraq və mükafatını yalnız Allahdan diləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”. (Buxari, İman 28, Savm 6)
Ramazan ayının gündüzlərini orucla, gecələrini də namaz, zikr, dua, tövbə və istiğfarla keçirmək onun həqiqətini dərk edən mömin üçün ən doğru yoldur. Gecənin bir qismində yatmaq, bir qisimində də ibadət etmək bu ayın mənəvi ab-havasından istifadə etmək üçün çox mühümdür. Bu ayda Qurani-Kərimi çox oxumalıyıq. Oxuduqlarımızı anlamağa çalışmalı, anladıqlarımızı da həyatımıza əks etdirməliyik. Tutduğumuz oruclara xələl gəlməməsinə çalışmalıyıq. Oruc tutan bir müsəlman yalan, hiylə, pis söz və pis davranışlardan uzaqlaşacaq, orucunu bütün varlığı ilə və yalnız Allah rizası üçün tutacaqdır. Həqiqi oruc mömini pis hərəkət və davranışlardan qoruyan orucdur. Yoxsa oruc yalnız yeməyi və içməyi tərk etmək, yəni ac qalmaq demək deyil. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:
“Biriniz oruc tutacaq olsa pis söz danışmasın, qışqırıb çığırmasın. Biri özünə ədəbsiz bir söz desə və ya savaşmaq istəsə: “Mən orucluyam!” desin (və ona baş qoşmasın)”. (Buxari, Savm, 2,9)
Oruc tutan insan daim ibadət halında olduğu üçün günah işlərdən uzaq durmaqdadır. Bunun üçün də etdiyi duası məqbuldur. Bu baxımdan, bir mömin oruclu olduğu zaman Allahdan dünya və axirət səadəti istəməli, yer üzündəki bütün möminlər üçün, xüsusilə də çətinlik və əziyyət içərisində olan qardaşlarımız üçün dua etməlidir. Uca Allah oruclarımızı və dualarımızı qəbul etsin! Amin!
Aqil ƏLİYEV