ŞEYXÜLİSLAM DAĞISTAN RESPUBLİKASI MİLLİ ŞURASININ SƏDRİNİ QƏBUL EDİB

0

Aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovu qəbul edib.

Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Azərbaycan və Dağıstan xalqları arasında tarixi əlaqələrdən, bizi birləşdirən dini dəyərlərdən danışıb, qonşuluq münasibətlərinin inkişafı üçün atılan addımları yüksək dəyərləndirib: “Tarixi köklər, İslami dəyərlər bizi daim yaxınlaşdırıb, ağır günlərdə xalqlarımız bir-birinə arxa-dayaq olub. Ötən əsrin 90-cı illərinin əvvəlini yaxşı xatırlayıram, Azərbaycan çətin günlər yaşayırdı, un ehtiyatımız tükənirdi. Həmin  günlərdə ilk kömək məhz Dağıstan Respublikasından gəldi”.

QMİ sədri bildirib ki, son illər müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafı üçün rəsmi səviyyədə mühüm işlər görülür və bu da münasibətlərin davamlı olmasına zəmin yaradır.

Şeyxülislam Allahşükür Paşazadə mayın əvvəlində Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi” mövzusunda dini liderlərin Bakı görüşünün keçiriləcəyini qonağın diqqətinə çatdırıb, nüfuzlu tədbirə Rusiya Federasiyası subyektlərindən tanınmış din xadimlərinin də dəvət olunduğunu deyib.

Şeyxülislam həzrətləri salam-dualarını Dağıstan Respublikasının rəhbəri Sergey Melikova çatdırmağı qonaqdan xahiş edib.

Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov xoş qarşılanmaya görə minnətdarlığını bildirib, respublika rəhbərinin və əhalisinin salamlarını, müqəddəs Ramazan bayramı ilə bağlı təbriklərini Şeyxülislam həzrətlərinə yetirməkdən qürur duyduğunu diqqətə çatdırıb. Azərbaycana səfərinin məqsədi və keçirdiyi görüşlər barədə QMİ sədrinə məlumat verən Milli Şuranın sədri bildirib ki, ortaq mənəvi dəyərləri qorunmaq, mədəni və iqtisadi sahədə faydalı işlər görmək üçün birgə əməkdaşlıq çox vacibdir.

 Zaur Askendərov Şeyxülislam Allahşükür Paşazadəni Dağıstan Respublikasına səfərə dəvət edib, ona xatirə hədiyyəsi bağışlayıb.

Görüşdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: İSLAM DÜNYASI BİRLİK ÜÇÜN SƏYLƏRİNİ ARTIRMALIDIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb. Söhbət zamanı qlobal...

Bağla