Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb.
Qonağı səmimi salamlayan Şeyxülislam Çerkessk şəhərində yeni məscid kompleksinin istifadəyə verilməsi münasibəti ilə təbrik və xeyir-dualarını Qaraçay-Çərkəz Respublikası əhalisinə çatdırmağı xahiş edib.
Azərbaycana səfərinin məqsədi, burada keçirdiyi görüşlər barədə QMİ sədrinə məlumat verən Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, dinamik inkişafdan məmnunluğunu ifadə edib. Müdrik ağsaqqal kimi bütün Qafqazda tanınan Şeyxülislam ilə Bakıda görüşməkdən şərəf duyduğunu vurğulayıb. Rəşid Temrezov Şeyxüliaslamı Qaraçay-Çərkəz Respublikasına dəvət edib.
Söhbət zamanı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.