Şeyxülislam Səudiyyə Ərəbistanı Krallığında keçirilən tədbirdə iştirak edir

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığında səfərdədir. Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilən səfər  çərçivəsində QMİ sədri A. Paşazadə avqustun 4-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edib.

Sayca 9-cu dəfə təşkil edilən konfransda 60-dan çox müsəlman dövlətini təmsil edən rəsmi şəxslər, islam aləminin nüfuzlu din xadimləri iştirak edir. Tədbir Qurani-Kərimin tilavəti ilə öz işinə başlayıb. Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, Dəvət və İrşad naziri Əbdüllətif Al Əş-Şeyx qonaqları salamladıqdan sonra məruzə ilə çıxış edərək fikirlərini bildirib.

 Səudiyyə Ərəbistanı Krallığının himayəsi ilə baş tutan nüfuzlu forumda çıxış edən Şeyxülislam A.Paşazadə dünya müsəlmanlarının müqəddəs məkanı Məkkədə belə bir tədbirin keçirilməsinin İslam dünyası üçün xüsusi önəm daşıdığını vurğulayıb. QMİ sədri A.Paşazadə İslam ümmətinin maraq və mənafelərinə, beynəlxalq müstəvidə mötədil İslam irsinin təbliğinə, tolerantlığın təşviqinə xidmət edən, müxtəlif dinlər arasında tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ edən, insanlar arasında mənəvi körpülər yaradan Məkkə Bəyannaməsini ümumbəşəri dəyərlərə töhfə kimi qiymətləndirib.

Bu gün dünyanın müxtəlif nöqtələrində baş verən qarşıdurma və sülhə təhdid olan halların qarşısının alınması üçün İslam aləmi daxilində həmrəyliyin güclənməsi, məzhəblərarası anlaşma mühitinin möhkəmləndirilməsinin xüsusi zərurət kəsb etdiyinə diqqəti çəkən Şeyxülislam A. Paşazadə İslam dünyasının mötədil, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma məkanı olan Azərbaycanın örnək təcrübəsindən, bu istiqamətdə dövlətimizin səylərindən bəhs edib.

A.Paşazadə ümmətimiz üçün əhəmiyyət kəsb edən tədbirdə qəbul ediləcək fətvaların İslam daxili vəhdət, bəşəri həmrəyliyə, insan qardaşlığına, məzhəbi yaxınlaşmaya xidmət  etməli, bəzi siyasi qüvvələrin dindən sui-istifadə edərək cəmiyyətlərə yanlış dəyərlər təlqin etməsinin qarşısını almalı olduğuna diqqəti çəkərək, islamafobiya hallarının artmasına xüsusi toxunmuşdur. Məkrlə düşünülmüş, planlaşdırılmış siyasi oyunların təhlükəli fəsadlarının önünü kəsmək üçün ən münasib qərar olaraq, Şeyxülislam A.Paşazadə İslam dünyasının Fətva şuralarının Beynəlxalq mərkəzinin məhz Məkkədə yaradılması təklifi ilə çıxış etmişdir. Bildirmişdir ki, bir mərkəzdən verilən qərarlar və qəbul edilən fətvalar İslam ümmətinin gələcəyini mütərəqqi şəkildə yönəltməli, İslam daxili münaqişələrin aradan qaldırılmasına, müsəlman ümməti daxilində anlaşma mühitinə xidmət etməlidir.

Çıxışı zamanı QMİ sədri A. Paşazadə Azərbaycanda bu ilin noyabrında keçiriləcək  BMT miqyaslı tədbir – ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması məramlı COP 29 tədbiri barədə məlumat vermiş, bu forum çərçivəsində Dünya dini liderlərinin Sammitinin baş tutacağı və iqlim problemlərinin mənəvi dəyərləndirilməsi məramı ilə dünyanın tanınmış dini lider və ictimai xadimlərinin Bakıda toplaşacağı barədə ətraflı danışmışdır.

Şeyxülislam A. Paşazadə həzrətləri konfrans çərçivəsində Məkkədə bir sıra görüşlər keçirib. QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, Dəvət və İrşad naziri, konfransın prezidenti Əbdüllətif Al Əş-Şeyxlə görüşdə nazirə Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin salam-dualarını çatdırıb. Şeyxülislam nazirə bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında ətraflı məlumat verib və naziri bu tədbir çərçivəsində keçirilməsi nəzərdə tutulan Dini Liderlərin Sammitinə dəvət edib.

Konfrans çərçivəsində Şeyxülislam A.Paşazadə Türkiyə Cümhuriyyətinin Dini İşlər Başkanı Ali Erbaşla, Misir Ərəb Respublikasının Vəqflər naziri Usama Əl-Əzhəri ilə də görüşlər keçirərək fikir mübadiləsi aparıb. QMİ sədri A.Paşazadə, həmçinin, Mərakeş, Misir, Qambiya, Oman, Somali, Mali və digər müsəlman ölkələrinin dini işlər nazirləri, müftilər və din xadimləri ilə görüşüb.

Konfrans işini davam etdirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORDUBADDAKI “SƏRŞƏHƏR MƏSCİDİ” BƏRPA EDİLƏCƏK

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsi bərpa ediləcək. “Report” xəbər verir ki, bununla bağlı yerli Mədəniyyət...

Bağla