SİRLİ DÜNYA BİZƏ NƏ DEYİR?

0

Bəyan insanın Allah kəlamını idrakı, bunu ifadə edə bilməsi, danışması, düşünməsi və təfəkkür etməsi mənalarına gəlir. Bəyanın öyrədilməsi bütün bunlara fiziki və metafiziki nöqteyi-nəzərdən qabiliyyət və istedadla təchiz olunmağı da ehtiva edir.

Saysız-hesabsız kəlmələrlə ifadə zənginliyi olan danışma neməti də insana məxsus qılınmışdır. Danışmağın ilk addımı isə düşüncənin kəlmə dediyimiz rəmzlərə çevrilməsidir. Bu rəmzlər hafizənin dərinliklərindən, sirrini dərk edə bilmədiyimiz bir mexanizmlə çalışır, bir cümlə içərisində ard-arda düzülür. Cümlələrə kəlmələr, mənalar və duyğular yüklənir.

Sonra vücudda işini görmüş və tullantı maddə olaraq ci­yər­lərdən çıxmaq üzrə olan hava səs telləri vasitəsi ilə dil, diş və dodaq kimi məxrəclərdə kəlmələrə çevrilir. Danışarkən üzümüzdəki qırx dörd əzələ hərəkətə gələrək mimikamızla da məramımızı bəyan edən kəlmələrə təkan verir.

Hava zərrələri bu kəlmələri alaraq milyonlarla nüsxəsini dinləyənlərin qulaq pərdəsinə çatdırır. Hava olmayan yerdə səs ötürülə bilməz. Qulaq asanın vücudunda da ən az danışan qədər əzəmətli proseslər gedir. Cümlə və kəlmələrin mənası aydınlıq tapır, ehtiva etdiyi fikir və duyğular anlaşılır. Xülasə, danışılanı anlamaq da “bəyan” möcüzəsinin ən az danışmaq qədər mühüm bir halqasıdır. (Bax. Kandemir ve digerleri, Meal II, 1831)

Əlbəttə, “bəyan” bəsit bir danışmaqdan ibarət deyil. Rəh­man surəsinin başında:

“Rəhman Quranı öyrətdi, insanı yaratdı” – buyurulduqdan sonra bəyanın öyrədildiyi ifadə olunur. Yəni “bəyan”dan qəsd olunan əsas ilahi murad insanın təfəkkür və anlayışında Kəlamullahı və kainatdakı ilahi mesajları “anlayıb ifadə edə bilməsi”dir.

Haqq-Təala insanlığın atası olan Həzrət Adəmə hər şeyin isimlərini öyrətmişdir. Digər məxluqlar fitrətlərinə yerləşdirilmiş instinktlə hərəkət edər, onlar üçün müəyyən edilmiş çərçivədən kənara çıxmazlar. Heç bir it pişiyin mahiyyətini, varlığını, ismini və cismini bilməz. Hikmətləri haqda təfəkkür də edə bilməz. Heç bir pişik dağların nə adını, nə ekoloji ahəngdəki faydasını bilir. Çünki ilahi təqdir “bəyan”ı onlara deyil, ancaq insana öyrətmişdir.

Bəyan sadəcə maddi səbəbləri bilmək və bildirmək də deyil. Möminin mənəvi səviyyəsi yüksəldikcə qəlb gözü önündə yeni üfüqlər açılır. Necə ki, Peyğəmbər r belə buyurmuşdur:

“Allaha and olsun ki, əgər mənim bildiyimi bilsəydiniz, az gülər, çox ağlayardınız. Yollara, səhralara tökülüb (bəlanızı dəf etməsi üçün) Allaha yalvar-yaxar edərdiniz”. (Bax. Müslim, Fəzail 134; İbn Macə, Zöhd 19)

Deməli, Allah-Təalanın “öyrətdiyi bəyan” hər qəlbin səviyyəsinə görə dəyişir. Bu bəyan, yəni Allahın ayə və mesajlarını anlaya bilmək, sirr və hikmətlərdən agah olmaq Allah Rəsulunda zirvə halındadır… Allah dostlarında onların qəlbi səviyyələrinə görə təcəlli etməkdədir. Avamda isə zahiri anlamaq, dinləmək və ifadə etmək səviyyəsindədir. 

Hər kəs eyni rəhilin önündə oturar, eyni mənzərəni seyr edər və eyni sətirləri oxuyar, lakin qəlbi səviyyəsinə görə kainat və Qurandakı ilahi bəyanlardan fərqli istifadə edər.

Burada onu da qeyd edək ki,

Allahın insana lütf etdiyi və ona xas qıldığı ağıl, idrak və bəyan kimi nemətlərdən onları bəxş edən ilahi əzəmətin əleyhinə istifadə etmək necə də böyük nankorluq və alçaqlıqdır.

Bu gün yaradılışı rədd edib “təkamül”ə və təsadüfə inanan zəlalət əhli insanı heyvanlar içində fövqəladə zəkası ilə onlardan fərqlənən bir canlı kimi görməkdədir. Bunu da Yaradandan deyil, təbiətdən görmə cəhalətini göstərərək edirlər. Sadəcə nəzəriyyədən ibarət olan təkamülü çürütmək üçün;

“Bəs indi nə üçün yeni canlılar təkamül etmir?” – deyə soruş­duqda da “zaman”ı bəhanə edirlər. “Yüz minlərlə il ərzində yavaş-yavaş öz-özünə oldu”, – deyirlər. Bu batil zehniyyətə cahiliyyə dövründə sahib olanlar da belə de­yirdilər:

“Onlar dedilər:

(Həyat) ancaq bizim dünya həyatımızdır. (Kimimiz) ölür, (kimimiz də) doğulur. Bizi öldürən ancaq zamandır”.

Allah-Təala onlara belə cavab verdi:

“Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar”. (əl-Casiyə, 24)

 

Mənbə: “KAİNAT, QURAN VƏ İNSAN”, OSMAN NURİ TOPBAŞ.

İPƏKYOLU NƏŞRİYYATI.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
‎“NAMAZ” SİLSİLƏSİNDƏN – SÜBH NAMAZI

Mobil telefonun zəngi 6:20-də çaldı. Həmişəki kimi gözüyumulu əlini uzadıb düyməni basdı və kəmşirin yarıyuxuya getdi.

Bağla