Dekabrın 18-də Sumqayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərkibindəki “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmin mahiyyəti, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, “Azərikimya” İstehsalat Birliyinin məsul şəxsləri, eləcə də, müəssisənin əməkdaşları iştirak ediblər.
Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
“Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov maarifləndirmə məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyətinə toxunub. O, “Şəhadət” filminin əhəmiyyətindən danışaraq bildirib ki, sənədli film Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyinin təbliğatı baxımından yüksək əhəmiyyətə malikdir. V.Ömərov maarifləndirici sənədli filmlərin çəkilməsi və ictimaiyyətə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib, eyni zamanda bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Tədbirin maarifləndirici xarakter daşıdığını bildirən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu cür görüşlərin cəmiyyətin bütün təbəqələrini, xüsusilə ali və orta məktəbləri, strateji əhəmiyyət kəsb edən idarə və müəssisələri, hərbi hissələri, cəzaçəkmə müəssisələrini əhatə etdiyini qeyd edib. O vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların Azərbaycana ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir. Azərbaycanın uğurlu inkişaf modelini təmin edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan respublika kimi tanındığını bildirən sədr müavini dövlət tərəfindən dini təhlükəsizlik məsələsinə böyük önəm verildiyini, bu istiqamətdə ciddi addımlar atıldığını bildirib.
Səyavuş Heydərov Azərbaycanın mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin etdiyini və bu siyasətin hazırkı dövrdə davam etdirilməsinin son dərəcə vacib olduğunu söyləyib.
Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan S.Heydərov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edib. Sədr müavini, həmçinin, xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda bunların qarşısının alınması yollarından danışıb.
Bu səpkidə digər tədbir isə Sumqayıt şəhərində “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilib.
Görüşdə iştirak edən “SOCAR Polymer” şirkətinin Baş maliyyə direktoru Fuad Əhmədov çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq eyni zamanda, vurğulayıb ki, Azərbaycanda vicdan azadlığı təmin edilir və bunu düzgün qiymətləndirmək, dinə düzgün əməl etmək lazımdır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, respublikamızdakı tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur. Respublikamızda ictimai-siyasi, dini sabitliyin mövcud olduğunu qeyd edən DQİDK-nın sədr müavini deyib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir.
Sədr müavini ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparıldığını, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün zəruri işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi haqqında da ətraflı məlumat verib və film nümayiş etdirilib.