Yeni Zelandiyada iki məsciddə həyata keçirilmiş terror aktı İslam və müsəlman dünyasında etiraz dalğası yaratdı. Odlu silahla məscidə daxil olan terrorçu Brenton Tarrant müsəlman olduqları üçün orada olan insanları öldürməsi böyük rezonans doğurdu.
Beləliklə, son 10 ildə xüsusilə də, Qərb ölkələrində müsəlmanlara qarşı artan terror aktlarına daha biri əlavə olundu.
Din.az Milli.Az-a istinadən son 10 ildə ayrı-ayrı ölkələrdə müsəlmanlara qarşı həyata keçirilmiş terror aktlarını təqdim edir.
Yeni Zelandiya: İki məscidə hücum
2019-cu il martın 15-də Yeni Zelandiyanın Kristçerç şəhərindəki iki məscidə hücum zamanı 49 nəfər həyatını itirdi, 48 nəfər yaralandı. Terrorçu Brenton Tarrant əlində odlu silahla cümə namazı vaxtı məscidə daxil olaraq, qabağına çıxanların hamısını qətlə yetirdi.
Terrorçu hadisədən bir saat sonra həbs olundu. Ölkənin Baş naziri Jakinda Ardern baş vermiş hadisəni terror aktı adlandırdı.
Almaniya: Bottrop və Essendə hücumlar
2018-ci ildən 2019-cu ilə keçən Yeni İl gecəsində 50 yaşlı Andreas N. Almaniyanın Ruhr bölgəsində avtomobilini müsəlman miqrantların üzərinə sürdü. Nəticədə 4 nəfər həyatını itirdi, 20 nəfər yaralandı.
Qatil bundan sonra Bottrop şəhərində suriyalı və əfqan ailəni hədəfə aldı. Essen şəhərində də avtomobilini avtobus dayanacağında gözləyən miqrantların üstünə sürdü.
Qanlı aksiyasında İslam dini əleyhinə şüarlar səsləndirən şəxsin davranışları Almaniya tərəfindən rəsmi olaraq terror aktı adlandırıldı.
Kanada: Kvebekdə məscidə hücum
2017-ci ildə Kanadanın Kvebek bölgəsində İslam Mədəniyyət Mərkəzinə silahlı hücumda 6 müsəlman axşam namazı vaxtı qətlə yetirildi, 18 nəfər isə yaralandı.
Kanada Baş naziri Castn Trüdo hücumu “İbadət vaxtı müsəlmanlara qarşı törədilmiş terror aktı” adlandırdı.
ABŞ: Çarlottesvill sağçı aksiyalar
2017-ci ildə ABŞ-ın Virciniya ştatının Çarlottesvill şəhərində sağçı bir qrupun keçirdiyi aksiyada bir müsəlman qətlə yetirildi, 33 nəfər isə yaralandı.
Terrorçu 20 yaşlı amerikalı idi.
İngiltərə: Finzböridə məscidə hücum
2017-ci ildə London şəhərinin Finzböri rayonunda yerləşən məscidə avtomobillə basqın edən ingilis 1 nəfəri qətlə yetirdi, 10 nəfər isə yaraladı. BBC-yə açıqlama verən şəxs məqsədinin müsəlmanları öldürmək olduğunu etiraf etdi. Lakin o, ömürlük azadlıqdan məhrum olundu.
Almaniya: Münhendə ticarət mərkəzinə hücum
2016-cı ildə Münhendə ticarət mərkəzinə hücumda 10 müsəlman həyatını itirdi, 18 nəfər yarlandı.
18 yaşlı qatil hadisədən sonra intihar edərək özünü də öldürdü. O, bundan əvvəl müsəlmanlara odlu silahdan 60 dəfə atəş açmışdı.
ABŞ: Çapel Hilldə sui-qəsd
2015-ci ildə üç tələbə Çapel Hill şəhərindəki evdə 46 yaşlı qonşuları tərəfindən vurularaq öldürüldü. Qatil Kreyq H. bundan əvvəl Feysbuk sosial şəbəkəsində İslam dini əleyhinə paylaşımlar etməklə tanınmışdı.
Norveç: Breyvik qətliamı
2011-ci ildə radikal sağçı terrorçu Anders Breyvik həyata keçirdiyi qanlı aksiyada 77 müsəlmanı öldürdü. Breyvik əsasən gəncləri hədəfə almışdı.
Bu terror aktı İkinci Dünya Müharibəsindən sonra Avropa tarixində ən qorxunc terror aktı kimi qiymətləndirildi. Breyvik bu aksiyanı “Avropanın islamlaşmasının qarşısını almaq” məqsədilə törətdiyini iddia etdi.
O, 21 il azadlıqdan məhrum edilib.
Almaniya: Məhkəmə salonunda qətl
2009-cu ildə ərəb əczaçı Mərvə əl-Şərbi Drezdendə məhkəmə salonunda alman millətçisi Aleksandr V. tərəfindən bıçaqlanaraq öldürüldü.
Mərvə cinayətin qurbanı olarkən üç aylıq hamilə idi. Qatil qadını öldürməmişdən əvvəl “müsəlman”, “terrorçu” sözləri ilə təhqir etmişdi.