SONUMUZ SONSUZLUQMU?

0

Bilindiyi kimi hal-hazırda yaz fəslindəyik. Soyuq, şaxtalı və qarlı günlərin ardından yenidən isti yaz havasını tənəffüs etməkdəyik. Çox deyil, üç ay əvvəlki təbiətləbugünkü təbiət arasında görün nə qədər fərq var. İki-üç ay əvvəl ağaclar, bitkilər öz canlılığını itirib, yarpaqlarını töküb, qış yuxusuna getdikləri halda, bu gün yavaş-yavaş tumurcuqlayıb çiçək açır, təbiət cürbəcür rənglərə boyanmağa başlayır.

Bu, hər il beləcə təkrarlanıb getməkdədir. Çünki fəsillər bir-birini əvəz etməkdə və beləcə zaman axıb getməkdədir. Biz insanlar da bu kimi dəyişiklikləri təfəkkür etmədən və ibrət almadan izləyir, ən acınacaqlısı isə hər şeyi adi təbiət hadisəsi kimi qimətləndiririk. Əslində isə nəinki təbiət, hətta bir yarpaq belə Uca Rəbbimizin izni olmadan nə yaşıllaşa, nə də budağından qopub yerə düşə bilər. Dahi şairimiz Nizami Gəncəvi Allahın bu möcüzəsini necə də gözəl təsvir etmişdir;

Buludlar yağdırmaz, Sən deməsən : “Yağ!”

Sən “bitir!” deməsən, bitirməz torpaq.

Özün də kimsədən kömək almadan,

Yaratdın nə gözəl, səfalı cahan.

İstidən, soyuqdan, qurudan, yaşdan

Yoğurub yaratdın gözəl bir cahan.

Nə gözəl naxışlar vurdun xilqətə,

Ağıllar heyrandır bu məharətə.

Doğrudur, nəticədə bütün bu işlərin yaradıcısı Allah olduğunu bir çox insan qəbul edir, ancaq yazın gəlməsi ilə təbiətin oyanması kimi, qiyamət günündə ölülərin də qəbirlərindən dirilib qalxacaqları fikrini qəbul etmir. Və bunun üçün də belə şeylərə bir möcüzə deyil, təbiət hadisəsəsi kimi qəbul edib, adi hal kimi baxırlar.

Bu yerdə yenə dahi şairimizin misrasını xatırlayırsan;

Biz aciz bəndəyik, Sənsən yaradan,

Sənin qüvvətinlə yaşayır insan.

Yaranmış hər bir şey baxıb görənə,

Yaradandan verir xəbəri yenə.

Mən Sənə ağlımla salıram nəzər,

Yolunu görməmək olarmı məgər?

 

Çox təəssüf ki, bu gün də bəzi insanlar Rəsulullah (s.ə.s)-i inkar edən, yenidən dirildiləcəklərinə inanmayan Məkkə müşrikləri kimi düşünürlər. O müşriklər də hər şeyin yeganə yaradıcısı Allah-Təala olduğuna inanırdılar. Amma yenidən dirilib hesab verəcəklərinə qətiyyən inanmırdılar. Allah-Təala bunu bizə belə xəbər verir: “And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah! -deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər.” (əz-Zuxruf, 87)

Başqa ayədə buyurulur: “(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşrklərindən): “Göyləri və yeri kim yaratmış, günəş və ayı kim ram etmişdir?-deyə soruşsan, onlar mütləq: “Allah! –deyə cavab verəcəklər.” (əl-Ənkəbut, 61) O dövrün cahilləri bunları qəbul edib bildikləri halda, onları, ilk dəfə yaratmaqdan daha asan olmasına baxmayaraq qiyamət günü dirildilməyi və Ona qayıdacaqlarını inkar edirdilər.

Allah-Təala dünya həyatından sonra Ona qovuşacağımızı və qiyamət günü təkrar diriləcəyimizi bizə bir çox ayələrdə xatırlatmış, hətta bu işin ilk yaratmaqdan daha asan olduğunu bildirmişdir. Doğrudur, Allah-Təala üçün çətin və ya asan bir şey yoxdur.Amma bizim daha asan yolla anlamağımız üçün bizə belə bildirmişdir:

“Əvvəlcə yaradan, sonra onu təkrarlayan Odur. Bu, Onun üçün daha asandır.” (ər-Rum, 27), “Sizin yaradılmanız da, yenidən dirildilməniz də tək bir nəfərin diridilməsi kimidir.” (Loğman, 28).

Onlar: “Allah ölən bir kimsəni diriltməyəcəkdir!- deyə  Allaha möhkəm and içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (ən-Nəhl, 38)

İnsan həqiqətən də kainata ibrət nəzəri ilə baxarsa, görər ki, Uca Rəbbimiz nələrə qadirdir. Bu qədər xarüqələrə gücü çatan Rəbbimiz, heç bir zərrəmiz yox ikən yaradan, toza-torpağa can verən Uca Rəbbimiz bizi sümüklərimiz çürüdükdən sonra niyə də dirildə bilməsin?

Bu həqiqəti də yenə Uca  Rəbbimiz bizə belə xəbər verir: “Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyuruğu ona ancaq: “Ol! deməkdir. O da dərhal olar.” (Yasin, 81-82)

Hz. Mövlana bu diriliş həqiqətini belə dilə gətirir; “Heç torpağa atılan bir toxumun cücərib oradan çıxmadığına şahid oldunmu? Bəs insana gəlincə, buna nədən inanmırsan?”

Bu sonlu və müvəqqəti həyatın ardından Rəbbimiz bizə nemətlərlə və ya əzab-əziyyətlərlə dolu bir həyatın varlığından söz etməkdədir. Demək ki, sonumuz yeni bir sonsuzluğa açılmaqdadır. Ağlın və xəyalın uzağında bir yerdir ora. Bizə yalnız inanmaq və qəbul etmək qalır.

 AQİL ƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TİCARƏTDƏ YALAN DANIŞMAQ OLARMI?

Bir cəmiyyətin maddi-mənəvi inkişafı və tənəzzülü bu cəmiyyətdə yaşayan fərdlərin əxlaqi keyfiyyətlərindən asılıdır.

Bağla