Etiraf edirəm, çətin idi bu qərarı vermək. Çünki bunu hər kəsə deyəcəkdim və düşünürdüm ki, bu sözümdə cığallıq etsəm, heç yaxşı olmayacaq.
Başlayacağamsa davam etməli və uğurla tamamlamalıyam bu prosesi.
Bu, nə idi? Aşağıdakı üç maddəlik (özümə) meydan oxuma (CHALLENGE):
1. Evdə bir ay WiFi bağlatdıracaqdım. Çıxacaqdım abunəlikdən.
2. Telefonumda sadəcə nəqliyyatı izləməyə yetəcək qədər olan ən az internet paketinə keçəcəkdim.
3. Telefonumdan facebook, twitter, face-messenger, hangout, linkedini siləcəkdim.
Bunun niyə çətin göründüyünün, edim-etməyim deyə düşünməyimin səbəbini əminəm ki, təxmin edə bilirsiniz: Telefona gələn bütün rəylər, ismarıclar, digər hər cür bildirimlərin səsi kəsilir və telefonunuz bir anda fərqliləşir. Artıq hər əlinizə alıb baxdığınızda sizə mütləq bir neçə YENİLİK təqdim edə bilmir. Yeni nə isə görə, dinləyə, izləyə biləcəyiniz, sizə saniyəlik adrenalin yaşadan bir cihaz deyil, artıq o özəllikləri yoxdur və ya belə deyək: əlindən alınıbdır.
Bir neçə saniyəlik düşünün, telefonunuzdan o səs gələndə nə hiss edirsiniz? Hansı ki, duyduğunuz anda bilirsiniz, hesablarınızın birindən kimsə sizə nə isə yazdı. Reaksiyanız nə və necə olur o anda?
O səsi eşidəndə nə edirsiniz? O an hansı qərarı verir, nələr düşünürsünüz?
1. Deyirsinizmi ki, 3-5 saat sonra baxaram ki, kimdəndir və nədir?
2. Yoxsa, heç önəmsəmirsiniz və başınızı salıb işinizə davam edirsiniz, heç nə olmamış kimi?
3. Bəlkə iclasdasınız və səs deyil, TİTRƏŞİMİ hiss edirsiniz, səbrinizə nə olur, zehniniz necə hərəkətə keçir?
4. İştirak etdiyiniz toplantıda deyilənlərin neçə faizini eşidə bilirsiniz?
5. Ofisdə çətin bir problem üzərində otaqda təkbaşına oturub işləyirsiniz və artıq həllə yaxınlaşdığınızı, sona çatdığınızı hiss edirsiniz, yorğun olsanız da həyəcanlısınız və həll etmədən masadan qalxmaq niyyətiniz yoxdur. Amma bir anda o səs gəlir və diqqətiniz anasını gördüyü anda ona qaçan körpə kimi o səsə qaçır; zehniniz artıq həllə yaxınlaşdığınız o işdən qopdu. Təbriklər!
6. İndi yenidən tam da o intensivlikdəki bir fokuslaşma və yoqilərə bənzər konsentrasya ilə problem üzərində necə işləyəcəksiniz və ya bu səviyyəyə gəlmək üçün indi neçə dəqiqə sərf etməlisiniz?
7. Marşrutda, metroda gedirsiniz, çox sıxlıqdı, zorla bir əlinizlə bir yerdən tutmusunuz və birdən “dınnnnn…” eşidirsiniz telefonunuzdan və bu, messengerin səsidir. Nə edirsiniz? Daha sonra rahat baxaram deyirsiniz, yoxsa elastikliyinizi maksimum səviyyədə işə salıb, o sıxlıqda bir yolunu tapıb, əlinizi yaxınlaşdırırsınız telefona, bir az gimnastik əyilmələrdən sonra telefona qovuşa bilirsiniz. Baxırsınız, oxuyursunuz nə gəlibdir və sonra? Dərin bir nəfəs alırsınız….ohhh deyir və rahatlayır beyniniz…
Bəs özünüzü idarə etməyə çalışdığınızda, “gələn hər nədirsə baxmayacam” deyə ciddi qərar verdiyinizdə nələr olur?
Sanki deyinmə üzrə rekordlar kitabına düşmüş QAYINANA oturub zehninizin içərisində və sadalamağa başlayır səbəbləri, hansılara görə ki, siz mütləq yoxlamalısınız: kim yazdı, nə yazdı… Baxmadıqca sakitləşmir və deyinməyə, donquldanmağa davam edir.
Yaxşı, deyək ki, baxırsınız və bilirsiniz nə yazıb, kim yazıb. Cavab verirsiniz, daha sonra qarşı tərəfdən/tərəflərdən cavablar gəlir…
Sonra nə olur? Aha, mən də bunu deyəcəkdim – növbə sizdədir və cavablandırırsınız, müzakirə qızışır və siz bir müddət sonra, əslində o hesabınızda olmasanız, başqa işlə məşğul olsanız belə, diqqətinizin bir hissəsi o söhbətdə, müzakirədə qalır…
Nəticəni kobudca hesablamağa çalışsaq, aşağıdakı kimi olur:
Ən önəmli iş üzərinə yönləndirilən diqqətin keyfiyyəti + intensivliyi + müddəti = əldə olunan nəticə.
İndi isə uzatmadan bir sual soruşacağam:
Sizcə diqqətinizi bu qədər dağıtmış olduğunuz halda, hansı önəmli işin üzərində əla formada işləyə bilərsiniz?
Nə qədər orada və o işlə ola bilərsiniz?
Ən əsası, bu cür bir diqqətdən, fokusdan nə dərəcə dərin, intensiv, uzunmüddətli performans gözləyə bilərsiniz?
Bəlkə də sualı belə ünvanlamalıyam:
1. Bu cür öhdəlikləri olan diqqətdən ELİT PERFORMANS gözləmək, istəmək, arzulamaq nə qədər ədalətlidir?
2. Bu miqdar və keyfiyyətdə bir FOKUSLAŞMA nəticəsində aldığın nəticələri potensialının azlığına, yetərsizliyinə bağlamaq, bununla əlaqələndirmək və nəticə olaraq da VİZYONUNU, xəyallarını aşındıra-aşındıra CÜCƏLƏŞDİRMƏYİ özünə xəyanətdən başqa necə adlandırmaq olar?
Əsla “hər kəs bu cür etməlidir” demirəm. Nə də, internet və sosial media hesablarını işlətmək lazımsızdır demirəm, sadəcə mən bunu özüm üçün etdim və təcrübəmi sizinlə bölüşdüm.
İndi bu sualları dürüstcə cavablandırın və qərar verin: Telefonunuzda o hesablarınızın olması sizə nə qədər lazımdır? Onlar olmasa çoxmu şey itirəcəksiniz? Hədəfləriniz, xəyallarınız bu hesablarınızdan gələn səslərin insafına buraxılacaq qədər dəyərsizdirlərmi bəyəm? İndi siz bu analizləri edin və növbəti yazımda mən təcrübə etdiklərimi, bu bir aylıq prosesi detallı şəkildə paylaşacağam.
İSMAYIL VƏLİYEV