SOSİAL PROBLEMLƏRİN HƏLLİNDƏ İMANIN ƏHƏMİYYƏTİ

0

İnsan oğlu beşiklə məzar arasında, axirət hesabıyla bir gün və ya gün yarım çəkən bir həyat yaşayır. Lakin o həyatda  min bir müəmma ilə problemlər labirinti içində ömür sürüb gedir. İnsan təkbaşına qaldığı zaman onu beş duyğu üzvü ilə əhatə edən problemlər dünyası  mühasirə altında məhbus tutar. Bu problemlər insanla doğular, insanla ölər. Bunlar sosial, iqtisadi və mənəvi problemlərdir. Günümüzdə gənclər sanki boşanmaq üçün evlənir. Bu problemlər az imiş kimi, müasir insanımız günü-gündən yenilənən, biri köhnəlməmiş yerini daha dəbdəbəli şəkildə bir başqası alan texnologiya hücumu ilə süst vəziyyətdə qalmışdır.

Bütün bu böhranların tək çarəsi mənən oyanmaq, özünə gəlmək, daha doğrusu, əslinə dönməkdir. Əlimizdə şəfa resepti deyə biləcəyimiz Quran və Sünnə kimi iki nur var. Həyatımızı daha mənalı şəkildə yaşaya biləcəyimiz bu təlimatlar bizi hər iki dünyada ən yaxşı, ən gözəl və ən kamil səviyyəyə gətirəcəkdir. Dinin əsası saydığımız iman, əməl və əxlaq Peyğəmbərimizin (s.ə.s) həyatında olduğu kimi bizim həyatımızda da yer almadan problemlərdən çıxış yolu tapmaq mümkün olmayacaqdır.

Allahın yer üzündə yaratdığı ən şərəfli məxluq insandır. İnsanın ən şərəfli yeri onun qəlbidir. Qəlbin isə ən şərəfli meyvəsi imandır. Bir insan üçün imandan daha böyük sərmayə düşünmək mümkün deyil. Qurani-Kərimdə imanın əməldən öncə vurğulanması bu fikri dəstəkləyir. İman Allah ilə qul arasında ən şərəfli, ən güclü əlaqədir. Bir insanın iman etməsi də qəlbindən başlayır. İslam alimləri imanı tərif edərkən imanın: “qəlb ilə təsdiq, dil ilə iqrar” (Sabuni, əl-Kifayə 86; Bəyadi, İşaratul-məram, səh. 69; Harputi, Tənkihul-kəlam, səh. 252) olduğunu söyləmişlər. Bəzi mühəddislər əməli də imandan saymışlar. İmam Əzəm Əbu Hənifə isə iman və əməli bir-birindən ayıraraq belə söyləmişdir:

“Əgər fərz olan işlər birbaşa iman olsaydı (yəni fərz əməl ilə iman bitişik olsaydı), Allah o əməlləri işləyənə qədər qullarını mömin olaraq adlandırmazdı. Halbuki Allah iman ilə əməli bir-birindən ayırmışdır:

“İman edən qullarıma söylə, namaz qılsınlar”. (İbrahim, 31)

“Ey iman edənlər! Sizə qisas fərz qılındı”.  (əl-Bəqərə, 178)

“Ey iman edənlər! Allahı çox zikr edin”.  (əl-Əhzab, 41)

Bu və bənzər ayələr bu xüsusu bildirməkdədir. Başqa ayələrdə də, “İman edən və saleh əməl işləyənlər…” (əl-Əsr, 3) deyilməkdədir.

O halda möminlər  imanlarından ötrü namaz qılar, oruc tutar, zəkat verər, həccə gedər və Allahı zikr edərlər. Yoxsa namaz, zəkat, oruc və həcc etdiyinə görə iman etmiş sayılmazlar. Bu onların iman etdikdən sonra işlədikləri əməllərdir. Fərz olan işləri yerinə yetirmələri də iman etmiş olmalarından dolayıdır, yoxsa onların imanı fərz olan işləri etdiklərindən dolayı deyildir”. (Beyazizade, el-Usulul-Munife (Tərc. İmam Azam Ebu Hanifenin İtikadi  Görüşleri) səh. 38-40)

Nəyə, necə iman etməliyik?

İlk başda “Allaha iman” gəlir. İnsan Allahı nə qədər tanıyır, Ona nə qədər güvənir, Ondan nə qədər çəkinirsə imanının dərəcəsi də o qədər olur.

Allaha təslim olmadıqca iman yoxdur. İman təslimiyyət və itaət istəyir. (ən-Nur, 51-52; əl-Əhzab, 36; ən-Nisa,65) Allahı tanımaq üçün də, Onun üçün vacib və caiz olan sifətləri, Onun gözəl adlarını (əl-Əsmaul-Hüsna) öyrənmək, bilmək, tanımaq lazımdır. Bununla yanaşı, xovf və rəca (qorxu və ümid) adlanan, Allaha sayğı və sevginin qəlbimizdə yer tutması ən ümdə vəzifələrimizdən olmalıdır.

İnam məsələsində bir sonrakı mövzu “mələklərə iman”dır.

Mələklər Allahın yaratdığı qeybi məxluqlardır. Buna görə də mömin qeybə inanmaq məcburiyyətindədir. Mələklər yeməz, içməz, erkək və dişi deyillər, günah işləməz, Allahın əmrlərinə qətiyyən qarşı gəlməzlər. Mələklər həm də Allahın ordusudur.

“Rəbbinin ordularını özündən başqası bilməz”. (əl-Müddəssir, 31)

Haqq-Təala insan ağlını məhdud yaratmışdır. Bizim bilmədiklərimiz və görmədiklərimiz, bildiklərimizdən və gördüklərimizdən hər zaman çoxdur. İnsan ağlının bilinməyən aləmləri idrak etməməsi onların mövcudiyyətini inkar etməyə əsas vermir. Allaha inanan kəs mələklərin varlığına da inanmalıdır. Yenə də mələklərin varlığından şübhə edən varsa, ölüm anında o mələyi görəcəyinə dair bu xəbərdarlığı edə bilərik:

“(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (əs-Səcdə, 11)

Mələyi görəndən sonra isə inanmağın bir faydası yoxdur.

“(Ya Rəsulum!) Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Ey Rəbbimiz! Gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin!” (əs-Səcdə, 12)

Kamran MƏMMƏDOV / İrfan jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İFRAT-TƏFRİT ARASINDA

Xeyir və fəzilət orta yolu tutaraq  getməklə əldə olunur. Bu, nə ifrata varmaq, nə də təfritdə olmaqdır. İfrat - həddi aşmaq, təfrit isə -...

Bağla