SSENARİNİ DƏYİŞ!

0

Hər birimiz beynimizdə öz həyatımızı rəngləndirmək üçün müxtəlif planlar qururuq.
Xəyal etdiklərimiz sadəcə bu gün edəcəklərimizlə bağlı olmur, bəzən on il sonrasının da planlarını bu gündən hazırlayırıq. Bundan sonra da xəyal etdiyimiz planlarımız reallaşdıqca daha xoşbəxt olduğumuza inanmağa başlayırıq. Xəyal etdiyimiz uğurlara vaxtında nail olmağımız isə bizə həyatda yaşamağımıza stimul verir. Hər şeyin bizim xeyrimizə işlədiyini düşünür və bütün xəyallarımızın gerçəkləşəcəyinə inanırıq. Ancaq hər zaman planladığımız işlər heç də bizim beynimizdə şəkilləndirərək yazdığımız ssenariyə uyğun baş vermir.


Belə ki, bizim həyatımızda baş verən hadisələr sadəcə bizim istəyimiz və imkanlarımız sayəsində gerçəkləşmir. Planlanan bir işin vaxtında baş tutması üçün hər şeyin vaxtında, məkanında əskiksiz olması lazımdır. Belə demək mümkündürsə, biz dənizə getdiyimiz üçün günəş çıxmır, günəş çıxdığı üçün dənizə gedirik. Yəni ümumi qaydaya tabe olan hadisələr bizim həyatımıza görə yox, biz onun işləmə mexanizminə uyğun dəyişirik. Biz eyni zamanda ümumi planın tamamı deyil, onun bir hissəsiyik. Planın bir hissəsi olmaq da o deməkdir ki, bizim digər hissələrə təsirimiz minimal səviyyədədir.

Tutaq ki, siz bir dostunuzla bir gün sonra təyin etdiyiniz bir vaxtda balıq ovuna getməyi planlaşdırmısınız. Bunun üçün də bu gündən, sabah yaxşı istirahət edəcəyinizi düşünüb, pozitiv xəyallar qurmusunuz. Siz artıq bu gündən sabah yaşayacaqlarınızı düşünərək xoşbəxt olmağa başlayırsınız. Ancaq sabahısı gün balıq ovu üçün planlaşdırdığınız vaxtda hava kəskin surətdə dəyişir və bu pis hava şəraitində siz avtomobil qəzası törədirsiniz. Qarşılaşdığınız bu hadisə nəticəsində də dünəndən qurduğunuz planlar tamamilə dəyişir. Sözün həqiqi mənasında əvvəldən qurduğunuz xəyallar suya düşür. İşlərin də planlı getməməsi sizi davamlı olaraq narahat edir və psixologiyanızın pozulmasına, həyat eşqinizin yox olmasına səbəb ola bilir.

Bu hadisələr qarşısında əsas diqqət edilməsi lazım olan məsələ ondan ibarətdir ki, özümüz üçün arzuladığımız və uğrunda canımızı fəda etdiyimiz işlərin baş tutması üçün o işin baş tutmasında rolu olan bütün vasitələrin güc səfərbərliyində olması lazımdır. Hava şəraitinin dəyişməsi, gözlənilməz qəzaların baş verməsi bizim əlimizdə olmadığı üçün xoşbəxtliyimiz üçün yazdığımız həyat ssenarimizdə onlar da diqqətə alınmalıdır. Əks təqdirdə heç bir işim düzgün getmir deyib özümüzü pessimist düşüncələrin əsirinə çevirərək həyatımızı məhv etməkdən başqa yolumuz qalmır.

Bunun üçün də qarşılaşdığımız hadisə nə olursa olsun, onu xeyrimizə dəyişməyi bacarmalıyıq. O hadisə həyatımız üçün planladığımız ssenariyə uyğun gəlmirsə, ssenarimizdə o hadisəyə yer verib həyatımıza maraq qatmağa çalışmalıyıq. Xəyalını qurduğumuz balıq ovuna gedə bilməmişiksə, o gün gediləcək heç bir yerin və ediləcək heç bir şeyin olmadığını düşünmək doğru deyil. Edəcəyimiz işin alternativləri mütləq həyatımıza rəng qatacaqdır. Bunun əksinə olaraq alternativlər haqqında düşünə bilmiriksə və heç bir alternativimiz yoxdursa, qışda sadəcə günəş enerjisi ilə isinməkdən başqa vasitə tapa bilməyənlər kimi soyuqdan ölməyə məhkum olmalıyıq. Biz ona inanmalıyıq ki, çarəsiz insan yoxdur, sadəcə çarəsinin olduğuna inanmayan insan vardır.

Son olaraq siz də mənimlə razılaşarsınız ki, həyatın hər bir anında bizi xoşbəxt edəcək bir şey vardır. Bunun üçün də başımıza gələn bütün hadisələrdə bir hikmətin, bizim üçün xeyrə doğru bir nişanənin olduğunu düşünmək kifayətdir. Balıq ovuna gedərkən havanın qəfildən pisləşməsinə bizim əyləncəmizə mane olan bir maneə kimi baxmaqdansa, əyləncə olaraq düşündüyümüz o hadisədə başımıza gələcək bir müsibətin qarşısını alan ilahi bir mühafizə mexanizmi kimi baxmaq həyatımıza daha çox rəng qatacaqdır. Həmin gün işlərimiz qaydasında getmədi deyib boş oturmaqdansa, o havaya uyğun başqa bir işlə məşğul olmaq bizi daha çox xoşbəxt edəcəkdir. Yəni bu gün üçün dünən yazdığımız ssenarini bu gün qarşılaşdığımız hadisələrə uyğun olaraq gün içərisində dəyişməyi bacarmalıyıq.

Bir həqiqəti də unutmamalıyıq ki, ən uğurlu ssenarist əvvəldən yazdığı ssenarisini dəyişən hadisələr qarşısında daha da yaxşıya doğru dəyişəndir. Xoşbəxt yaşamaq üçün davamlı olaraq ssenarini dəyişməyi unutma!..

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
4 ADDIMDA ƏDALƏT

Ədalət hər kəslə eyni davranmaq deyil, hər kəsə və hər şeyə layiq olduğunu verməkdir. Ədalət əksər hallarda dövləti idarə edənlərdə...

Bağla