Suriyalı dərzi Məhəmməd Mahir Qədri dünyada ilk dəfə Müqəddəs Qurani-Kərimin tam mətnini güləbətinlə işləyib
“International Quran News Agensy”yə istinadla bildirilir ki, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən bu iş hazırda beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Məhəmməd Qədri qara rəngli məxmər üzərində qızılı saplarla işlədiyi 12 cildi hazırlamaq üçün 12 il vaxt sərf edib. Hər bir cildin uzunluğu 60 santimetrdir. 426 səhifədən ibarət kitabların ümumi çəkisi 200 kiloqramdır. Tikmənin özünə 8 il, qüsurların aradan qaldırılmasına 2 il vaxt sərf olunub, sonra bu iş iki il ərzində islam alimləri tərəfindən yoxlanılıb. Mütəxəssislər kitabı 6,5 milyon dollar məbləğində qiymətləndiriblər.
Yaşı 50-ni yenicə keçmiş M.Qədri Suriyanın Hələb şəhərində anadan olub. O, vətəndaş müharibəsi başlayan kimi Türkiyəyə mühacirət edib. M.Qədri hazırda Bursada yaşayır. O, dörd övlad atasıdır.
Uşaqlıqdan İslam incəsənəti istiqamətlərindən birində gözəl əsər yaratmaq arzusunda olub. Əvvəllər xəttatlıq və rəssamlığa maraq göstərib, lakin dərzi peşəsini öyrənib. Quran mətninin tikmə üsulu ilə hazırlanması üzərində işə hələ vətəndaş müharibəsindən əvvəl – 2000-ci ildə Suriyada başlayıb. Əvvəlcə sadəcə hədislərdən sözləri işləməyə çalışıb, sonralar ağlına daha cəsarətli ideya gəlib və Quranın mətnini güləbətinlə işləməyə başlayıb. Qədri etiraf edir ki, bu işdə onu daim dəstəkləyən yeganə insan xanımı olub.
Məhəmməd deyib: “İnsanlar dəli olduğumu düşündükləri, təşəbbüsümü qəribə saydıqları bir vaxtda xanımım mənə böyük dəstək göstərdi. İstərdim ki, Quranı mümkün qədər çox insan görsün. Bəlkə bundan sonra İslamı qəbul edərlər. Mən ərəb xəttatlığı sənətinin qorunub saxlanılmasına öz töhfəmi vermək istərdim”.
Qədrinin başqa işləri də var. O hesab edir ki, Allah-Təala özü onu bu iş üçün seçib. Allahı razı salmaq üçün işlədiyinə görə parça və saplara nə qədər pul xərclədiyi barədə heç vaxt düşünməyib. Onun fikrincə, Allah yolunda xeyirxah iş görərkən öz mənfəətini güdmək olmaz.
Məhəmməd Qədrinin güləbətinlə işlədiyi Quran Türkiyənin Başakşehir şəhərində saxlanılır.
Lakin bu iş sənətkarın yeganə işi deyildir. O, “Loğman irsi”, “İmam Əli” və imam Ən-Nəvavinin “40 hədis” kitablarını da güləbətinlə işləyib. Onun işləri tez-tez islam sərgilərində nümayiş etdirilir.