İslam dininin mühüm prinsiplərindən olan “tədbir” və “təvəkkül” bir müsəlmanın həyatında labüd iki bir-birindən asılı əməldir. “Tədbir” bir işi icra etmək üçün müəyyən vasitələrdən istifadə edib əlindən gələni etməkdirsə, “təvəkkül” də bir insanın özünü Allaha təslim etməsi, Allahı kəfil bilərək işlərinin aqibəti barədə yalnız Ona arxalanmasıdır. Fərasətli mömin həm Allaha təvəkkül edər, həm də tədbiri əldən buraxmaz, yəni qövli dua ilə yanaşı bir də feili dua edər.
Bu barədə bir nəfər Həzrət Peyğəmbərdən (s.ə.s): “Dəvəni bağlayıb Allaha təvəkkül edim, yoxsa dəvəni açıb buraxaraq təvəkkül edim?” – deyə soruşduğu zaman Peyğəmbərimiz (s.ə.s) ona: “Əvvəlcə dəvəni bağla, sonra təvəkkül et!” – deyə cavab vermişdi.[1]
Qurani-Kərimdə Uca Allah Peyğəmbərinə (s.ə.s) əvvəlcə tədbir görüb daha sonra Allaha təvəkkül etməsi gərəkdiyi ilə bağlı belə buyurur: “(Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər”.[2] Yəni hər bir işimizdə öz tədbirimizi görməli, işin aqibətini isə Allaha həvalə etməliyik. Digər bir ayeyi-kərimədə də Allah-Təala: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!“[3] – buyuraraq həyatımıza təhlükə törədəcək tədbirsiz işlər görməməyimizi tövsiyə edir.
Təvəkkül etmək möminlərin ən əsas xüsusiyyətlərindən biridir. Bir çox Quran ayəsində bu, təkidlə vurğulanır. Həmin ayələrin bir qismində Allah-Təala belə buyurur:
“Kim Allaha təvəkkül edərsə, Allah ona yetər”[4].
“Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! “[5]
Təvəkkül etməyin əhəmiyyətinə diqqət çəkən Peyğəmbərimiz bir hədisi-şərifində: “Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, quşları ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi. Görmürsünüzmü ki, quşlar səhər yuvalarından ac çıxır, axşam qarınları tox şəkildə geri qayıdır”,[6] – buyuraraq insanların təvəkkül baxımından naqis olduqlarını vurğulamışdır.
Nəticə etibarilə, möminin hər hansı bir işlə bağlı təvəkkülü, gərəkli bütün tədbirləri aldıqdan sonra Uca Allahın qədərinə razı olmaqdır. Belə bir insan xoşbəxt bir həyat yaşayar, həyatı ilə bağlı psixoloji narahatçılıq keçirməz və ruhunə əza çəkdirməz.
f.f.d. Ələddin Sultanov
[1] Tirmizi, “Qiyamət”, 60
[2] Ali İmran, 3/159.
[3] Bəqərə, 2/195.
[4] Təlaq, 65/3.
[5] Fürqan, 25/58.
[6] Tirmizi, “Zühd”, 33.