TƏQVA LİBASI

0

Rəbbimiz yaratdığı milyonlarla varlıq içərisindən yalnız insan övladını seçərək əhsəni-təqvim üzrə, ən gözəl surətdə, məxluqatın əşrəfi olaraq yaratdı.

Onu ağıl, düçüncə və idrak kimi üstün məziyyətlərlə zinətləndirdi. Bir çox qabiliyyətlər verərək mükərrəm qıldı.

Sonra;

İmtahan etmək üçün insanı dünyaya göndərdi. Adəm (ə.s)-dan bu günə qədər milyonlarla insanın dünyaya gəlişi bu imtahan məqsədi ilə oldu. Dünyaya gələn hər bir bəndə imtahan verib getdi.

İndi isə növbə bizdədir. Biz də əvvəlkilərlə eyni imtahanı yaşayırıq.

Unutmamaq lazımdır ki;

Bəşər tarixi boyunca davam edən bu imtahanın mövzusu xeyrə də, şərə də meyilli olan insanın ağıl və idrak kimi qabiliyyətlərdən necə istifadə ediləcəyi olmuşdur. Hər bir insanın ilk vəzifəsi dünya adı verilən bu möhtəşəm dərsxananın içərisində bütün ömrünü Allaha layiqli qul olmaq testindən müvəffəqiyyətlə keçirməkdir.

Bu böyük imtahanda;

Allah təala bizi özümüzlə baş-başa qoymadı. Müvəffəqiyyətə nail olaq deyə öz dərgahından kitablar göndərdi. Sözlərin ən gözəli, insanı ən doğru olana aparan Qurani-Kərimi lütf etdi.

Həmçinin;

İlahi mesajları təbliğ və bəyan edib bizə şəxsən rəhbərlik etmələri üçün ən mükəmməl insan tərbiyəçiləri olan peyğəmbərləri də rəhmətinin əsəri olaraq ehsan etdi. Bizi heç bir qarşılıqsız hz. Məhəmməd (s.ə.s)-ə ümmət yaratdı. Nə qədər şükür etsək azdır.

Bu baxımdan həm şükürdə, həm də dünya imtahanında müvəffəq ola bilmək çox mühümdür. Allah təala bu xüsusda müvəffəq ola bilməyin yeganə yolu kimi Qurani-Kərimdə bizə yaşaya biləcəyimiz bir həyat tərzi göstərir:

 

TƏQVA HƏYATI

Bir bəndənin həyatı təqva ilə məna qazanır. Təqva həyatı yaşamaq Allah təalaya dost olmaq, cənnəti qazana bilmək, cənnətin gözəlliklərindən, dərinliklərindən, ilahi lütflərdən anlaya biləcək bir qəlbə dünyada ikən sahib ola bilmək deməkdir. Bu baxımdan təqvanın həqiqəti qəlbi təsfiyə etmək surətiylə qəlbi-səlim (tərtəmiz qəlb), qəlbi-munib (Allaha yönələn qəlb) halına gətirməkdir. Çünki insan yalnız bu şəkildə Allaha vasil olur.

Təqva dünya və axirət səadətimiz üçün çox mühüm xüsusdur. Allah təala Qurani-Kərimdə 258 dəfə batini dünyamıza təqva ilə xitab edərək müxtəlif formalarda təqvalı olma təlimatı verir. Qısaca olaraq deyə bilərik ki, Allah təala etiqadda, ibadətdə, əməllərimizdə, bir sözlə həyatın hər mərhələsində, hətta hər nəfəsdə təqva sahibi olmamızı murad edir.

Təqva nə deməkdir?

Allah dostları təqvanı müxtəlif şəkillərdə tərif etmişlər. Təqva lüğətdə: qorunmaq, varlığı hər cür pisliklərdən himayə etmək mənasında işlənir. Bu mənanın əsası isə;

 

ALLAHIN HİMAYƏSİ

Təqva bir termin olaraq qadağalarından uzaqlaşmaq, əmrlərinə sarılmaq surətiylə Allahın himayəsinə girmək, ona sığınmaq deməkdir. Cəlal sahibi uca Allahın qəzəbindən və əzabından qorxaraq rəhmətinin kölgəsinə girməyə cəhd etmək deməkdir. Bunun üçün də nəfsani arzuların koraldılması və ruhani istedadların inkişaf etdirilməsi zəruridir.

Başqa bir ifadə ilə təqva;

İki dünya səadətimizə səbəb olan Quran və sünnədəki təlimatları həyatın hər mərhələsinə şamil etməkdir.

Başqa bir ifadə ilə təqva;

Dini hökmləri vəcd və həyəcanla ifa edə bilməkdir. Yəni Allahın əmr və qadağalarına riayət xüsusunda həssaslıq göstərmək, xüsusilə də günahlardan qaçmaqdır.

Başqa bir ifadə ilə təqva;

“(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır” (əl-Əla, 14) ayəsi gərəyincə daxili dünyamızın tərbiyə edilməsidir. Bununla qəlblərimizin imanda, ibadətlərdə və müəməlatda Allahın rizasına uyğun davranışlardan ləzzət alacaq səviyyəyə gəlməsidir.

Başqa bir ifadə ilə təqva;

Bəndənin tövbəsində səmimi olması, dil ilə qəlbin müştərək olaraq davamlı istiğfar etməsidir…

Başqa bir ifadə ilə təqva;

Qəlbin məhəbbətlə dolması, Allahın əzəməti qarşısında qorxunun artmasıdır.

Başqa bir ifadə ilə təqva;

 

QƏLBİN MÜHAFİZƏSİ

Həyata tətbiq olunan bilgilər insanın irfanını artırır. Ancaq qəlbi mühafizə edən əsil fəzilət təqvadır. Bunun üçün də həqiqi mənada iman dilin iqrarı ilə birlikdə zehnlə deyil, qəlb ilə təsdiq olaraq bəyan edilmişdir. Çünki bilgilərin həyata əks etməsi və Allahın razı qalacağı səviyyədə yaşanması ən gözəl şəkildə təqva ilə dolu olan qəlbi həyat ilə mümkündür.

Bu baxımdan təqva;

Qəlbi Allahdan uzaqlaşdıracaq hər şeydən qorumaqdır. Eyni zamanda Allaha yaxınlaşdıracaq hər şeyə də yaxınlıq və məhəbbət içində olmaqdır.

Bu mivalla təqva;

Allah Rəsuluna böyük bir eşq və məhəbbətlə bağlanmaq, bütün məxluqata da Xaliqin nəzəriylə şəfqət və mərhəmətlə baxacaq sevgi içində olmaqdır. Əlbəttə ki, layiq olana da nifrət etməkdir. Yəni, qəlbi zədələyəcək hər hal və davranışdan uzaq durmaqdır.

Çünki təqva;

Qəlbin Allahdan uzaqlaşdıran hər haldan nifrət etməsi halında təzahür edər.

Yəni təqva;

Nəfsani arzuları koraltmaq, Allah təalanın insana yaradılış və fitrətdə verdiyi ruhani qabiliyyətləri inkişaf etdirməkdir.

Təqva qəlbin təsfiyəsi, yəni paklanmasıdır. Bu xüsusda müvəffəq olanların əldə edəcəyi xəzinə isə;

 

YÜKSƏK BİR QƏLBİ SƏVİYYƏ…

Həzrət Peyğəmbər (s.ə.s) bəzən əshabına suallar verərdi. Bununla da camaatın diqqətini çəkər, fikirlərini danışacağı mövzuya cəm edərdi. Yenə bir gün söhbət məclisində əshabi-kiramdan soruşdu:

“- Əbu Damdam kimdir?”

Səhabələr:

“Əbu Dammam adında bir adam eşitmədik. Ya Rəsulallah, bu bəhs etdiyiniz Əbu Damdam kimdir?” -dedilər.

Rəsulullah (s.ə.s) bu səfər:

“Əbu Damdam kimi olmaqdan acizsinizmi? Əbu Damdam kimi olmağa qabiliyyətiniz yoxdurmu?” -buyurdu.

Bütün səhabələr diqqət kəsilmişdi:

“Ya Rəsulallah, kimdir bu Əbu Damdam? Onun özəlliyi nədir?” -deyə soruşdular.

Peyğəmbər (s.ə.s) buyurdu:

“Əbu Damdam sizdən öncəki qövmlər içində yaşayan mömin idi. Hər səhər yuxudan oyandıqda: “Ya Rəbb, mənim qeybətimi edəni, əleyhimdə olanı, heysiyyətimə toxunanı əfv et!” deyərdi.” (Əbu Davud, Ədəb 36)

Budur, möhtəşəm təqva nümunəsi, qəlbin yüksək səviyyəsi.

Allah dostu Hallac Mənsur da daş-qalaq edilərkən daş atanlar üçün belə dua etdi:

“Ya Rəbb, bunlar bilmirlər. Məndən əvvəl onları əfv et!”

Təqva o qədər böyük bir xüsusiyyətdir ki, ona sahib olanları Rəsuli-Əkrəmə yaxınlaşdırır.

Həzrət Ənəs belə rəvayət edir:

Bir səhabə Peyğəmbər (s.ə.s)-dən:

“Ya Rəsulallah, Məhəmmədin əhli-beyti kimlərdir?” -deyə soruşdu. Allahın ən təqvalı bəndəsi olan həzrət Məhəmməd (s.ə.s) belə cavab verdi:

“Məhəmmədin əhli-beyti bütün müttəqilərdir, təqva sahibləridir.”

Təqvanın kamilliyi də bir mömini Peyğəmbər (s.ə.s)-in əhli-beyti səviyyəsinə yüksəltməkdədir.

Təqvanın mərtəbələri vardır. Bütün mərtəbələri etibarilə də;

 

TƏQVA ÜÇ DƏRƏCƏDİR:

1. Qadağalardan uzaqlaşmaq,

2. Əmrlərə sarılmaq. Bu keyfiyyət bütün möminlərin tabe olacağı təqva ölçüsüdür.

3. Daima Allahla bərabərlik duyğusu daşımaq. Bu xüsus təqvanın xas bəndələrə məxsus olan ölçüsüdür. Eyni zamanda təqvanın ən yüksək dərəcəsidir.

İnsana “şah damarından daha yaxın…” (Qaf, 16) olduğunu bildirən və bəndələrinə “Haraya getsəniz, sizinlə bərabərdir” (əl-Hədid, 4) deyə xəbər verən Allah ilə bərabərlik onunla birlikdə olmağın şüuruna vara bilmək və camal sifətləri ilə təzyin olmaqdır.

Bu şəkildə təqva libasını geyən qəlbdə dogruya, əyriyə qarşı ilhamlar başlar. Qəlb əşyanın həqiqətini anlama şüuru əldə edər. Quran elə bir ilahi əsərdir ki, insan bütün müşküllərini Quran və sünnə çərçivəsində həll edib sükunət tapa bilər. Çünki insanın şərhi Qurandır. İnsanda nə varsa Quranda vardır. Quranda da nə varsa insanda vardır. Quranın digər bir şərhi də kainatdır. İnsan təqvada zirvələşdikcə Quranı dərk etmək və kainatı qavramaq xüsusunda dərinləşir. Kainatın dərinliklərindəki sirlərdən agah olur. Quşların, bülbüllərin nəğmələrində, güllərin və sünbüllərin təbəssümündə, axar suların şırıltısında və kainatın hər naxışında ona təqdim olunan ilahi lütfün idrakına varar. Yunus kimi sarı çiçəklə danışmağa, onun dilini anlamağa başlar. Sirlərin tərcümanı olur.

Xülasə, təqva Allahı tapmağın nişanəsidir. Bu etibarla Ataullah əl-İsgəndəri həzrətləri təqvaya çataraq qəlbi-səlimə qovuşan möminin halını nə gözəl ifadə edir:

“Ya Rəbb, səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?”

Bu mənada hər bir möminin mütləq şəkildə riayət edəcəyi əmr budur:

 

HƏR ZAMAN TƏQVA ÜZRƏ OL!

İnsan həyatı eniş-yoxuşlarla keçər.

Zaman-zaman qıtlıq və çətinliklər, zaman-zaman bolluq və rahatlıqlar, zaman-zaman iztirab və hicranlar, zaman-zaman da sevinc və fərəh həyata hakim olur.

Məhz bu eniş və yoxuşlar içində möminin mövqeyini Rəsulullah (s.ə.s) bəyan etməkdədir:

“Qıtlıqda və bolluqda təqva üzrə ol!”

Peyğəmbər (s.ə.s) bəzi hallarda deyil, hər hal və şərtdə təqva üzrə olmağın vacibliyini ifadə etmişdir.

Həzrət Mövlana buyurur:

“Nə sevinclərə aldan, nə də iztirablara. Çünki sənin qəlbin bir müsafirxana, sevinc və iztirablarsa gəlib-keçici müsafirlərdir.”

Qıtlıq anında müvazinəti itirmədən səbirlə Allaha sığınmaq çox mühüm və zəruridir. Eyni şəkildə bolluq zamanında da şükür etmək və bununla da yoldan çıxmamaq lazımdır. Bolluq anında nəfsimizə uymaq və ömrü hədər etməməliyik. Həmçinin sevinc anlarında şükür edib, qıtlıq zamanı üsyana da düşməməlyik.

Bolluqda daima Allah təalaya həmd halında ilahi lütflərin şükrü içində olmalıyıq. Qıtlıq zamanında da səbirlə Allaha təslim olub: “Mənim üçün xeyirli olan budur” deyə bilmək lazımdır. Təqvanın ölçüsü budur.

Peyğəmbər (s.ə.s) Məkkənin fəthində əldə edilən böyük zəfərə görə: “Əsas həyat axirət həyatıdır.” buyuraraq lütfün Allahdan olduğunu ifadə edərək əshabını şükür etməyə çağırmış, Xəndək hərbində isə zəfərdən əvvəl çəkilən əziyyətlər qarşısında: “Əsas həyat axirət həyatıdır” buyuraraq əshabını səbrə dəvət etmişdir.

Bu ölçüyə sahib olmamız üçün Qurani-Kərim Allahın bizdən istədiyi təqva həyatını ayə-ayə izah etməkdədir. Çünki Qurani-Kərim;

 

TƏQVA SAHİBLƏRİ ÜÇÜN BİR RƏHBƏR

Heç şübhəsiz ki, Qurani-Kərim bizim üçün çox böyük bir lütf, bərəkət və feyz qaynağıdır. Allah təala: “Rəhman! Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.” (ər-Rəhman, 1-4) buyuraraq insanın din ilə, Quran ilə dirilik tapacağından xəbər verir.

Allah (c.c) Quranın əhatə etdiyi mövzuları belə bildirməkdədir:

“Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara) doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə, 2)

Bu ayənin həqiqəti çərçivəsində özümüzə baxaq:

Görəsən qəbrimiz, gələcəyimiz olan axirətimiz necə olacaq? Qiyamət günü, o böyük partlayış günü, o böyük şiddət günü, bütün kainatın havada uçuşduğu gün halımız necə olacaq?

Dünyamız necə olmalıdır ki, qiyamətin dəhşətli anları bizim üçün salamatlıq olsun?

Ömər bin Əbdüləzizin: “Axirətinin necə olmasını istəyirsənsə, dünyada ona görə hazırlıq gör!” tövsiyəsindən nə qədər nəticə çıxarırıq görəsən?

Qurani-Kərim bütün bu suallar ətrafında əbədi yolçuluqda bizə rəhbərlik edəcək, hər sualın cavabını, həllini göstərəcək bələdçi, yəni təqva bələdçisidir.

İnsan təqvaya nə qədər sahib olarsa, o nisbətdə məcralar açılar. Duyğular zərifləşər, incələr, nəfsani arzular isə koralar. Bununla da insan Allaha yaxınlaşar. Allah təala onun “görən gözü, eşidən qulağı, dərk edən qəlbi” olar. Belə bəndələr təfəkkürdə dərinləşərlər; açan çiçəklərin, cəh-cəh vuran quşların, meyvəli ağacların dilindən anlarlar. Onlardakı zərafət, incəlik və gözəlliyi ruhani həyatlarına əks etdirərlər. Çiçəklər kimi incə ruhlu, meyvəli ağaclar kimi qonaqpərvər olarlar.

Məhz bunlar Allahın Qurani-Kərimdə mədh etdiyi təqva sahibləridir.

Onlar bir çaya bənzər ki, uzun illər boyunca minlərlə canlıya; insana, ağaca, gülə, bülbülə həyat verərək axıb gedərlər. Gedəcəkləri mənzil də Allah təalanın əbədi vüslət dəryasıdır. Bu etibarla təqva Allaha yaxınlaşmağın ilk addımıdır. Qurani-Kərimdə təqva sahiblərinə belə buyurulur:

 

YAXINLAŞMAQ ÜÇÜN VƏSİLƏLƏR AXTARIN!

Ayeyi-kərimədə:

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (əl-Maidə, 35) buyurulur.

Allaha yaxınlıq səbəbi nələrdir?

Nəfs təzkiyəsi, qəlb təsfiyəsi, ibadətlər, qəlbdə ilahi məhəbbəti və sevgini artırmaq, Allahın əzəməti qarşısında ürpərərək qorxmaq…

Allah təala bu vəsilələri araşdırmamızı istəyir. Çünki əhəmiyyət verəcəyimiz ən ümdə qayəmiz gerçək istiqbal, yəni axirətdir. Çünki dünya əbədiyyət ümmanı qarşısında bir damladan ibarətdir. Qurani-Kərim məhşər meydanında bizə “yaşadığın həyatı tərif et!”deyildiyi zaman cavabımızın “bir axşam qaranlığı və ya bir səhər vaxtı qədər” olacağını bildirir. Qiyamətdən dünyaya baxışımız budur.

Allah təala bizdən bir damla kimi olan ömrümüzdə təqva üzrə yaşamağı, bununla da axirət ümmanını hədər etməməyimizi istəyir.  

Bizdən istənilən təqva ölçüsü Allahın əzəməti qarşısında ona layiq olacaq şəkildədir. Yəni;

 

“YARAŞDIĞI KİMİ”

Ayeyi-kərmədə belə buyurulur:

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun!” (Ali-İmran, 102)

Yəni; “Allaha yaxınlaşmaq üçün bütün cəhdlərinizi göstərin, imanda, ibadətdə, müəməlatda, hər şeydə bütün gücünüzü səfərbər edin…” -buyurulur.

Ən kiçik maddənin belə həqiqətini tam olaraq bilməyən bizlər sözsüz ki, Allahın ilahi əzəmətinə yaraşan ölçünü tam mənada dərk edə bilmərik. Elə isə bütün səy və cəhdlər səfərbər edilməlidir.

Ayənin davamında isə: “Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” -buyurulur.

Dünyada ikən dünyəvi vəsilələrlə bir sıra mövqelərə çatmaq, ünvanlar almaq mümkündür. O ünvanlar ömür boyu davam edər. Fəqət mənəvi həyatda belə bir zəmanət yoxdur. Qurani-Kərim Bəlam bin Baura kimi, Qarun kimi son anda yoldan çıxan, azğınlaşan insanlardan xəbər verir.

Qarun Musa (ə.s) dövründə yaşayan, Tövratı ən yaxşı təfsir edən biri idi. Allah təala onu imtahan etmək üçün mal verdi. O isə malına güvənərək “mənimdir” dedi. “Mən qazandım, mən etdim” -deyərək Musa (ə.s)-a qarşı çıxdı. Həlak olub getdi. Allah təala onu güvəndiyi xəzinələri ilə birlikdə torpağa gömdü. Yerin dibinə batarkən o malların heç bir faydası olmadı.

Bəlam bin Baura da bir çox mənəvi mərtəbələrə vasil olduqdan sonra bir anlıq nəfsinə, həva-həvəsinə meyil etdi. Elmindən sui-istifadə etdi. O da həlak olub getdi.

Qarun malını, Bəlam elmini qoruyucu qalxan olaraq gördükləri üçün həlak oldular.

Bunun üçün;

Allah təala təqva ilə qorunmamızı əmr etməkdə və: “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr, 99) buyuraraq son nəfəsə qədər təqva içərisində qulluq həssasiyyətini mühafizə etməyimizin gərəkli olduğunu bildirməkdədir.

Ya Rəbb, dünyada qəlbən hər şeydən sıyrılaraq yalnız sənə təqva ölçüləri ilə yönələ bilməyi nəsib et! Bizi son nəfəsimizə qədər qulluqda daim et! Hüzuruna da ancaq müsəlman olaraq gələ bilməyi nəsib et!

Amin!..

İRFAN DƏRGİSİ

irfandergisi.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DƏYƏR MARKAMIZ QURANİ-KƏRİM

İlk insan olan Hz. Adəmlə Həvvanın ilahi qadağalara riayət etməmələri səbəbilə cənnətdən dünyaya göndərilmələri hər kəsə məlum olan bir hadisədir. 

Bağla