TARİXƏ İŞIQ TUTAN ŞƏHƏR: QÜDS

0

Qüds, Ölü dənizin qərbində, Yəhudiyə platosunun üstündə yerləşir. Dəniz səviyyəsindən 747 m. yüksəklikdə yerləşən bu şəhər, Ölü dənizdən 24 km., Aralıq dənizinin sahillərindən isə 57 km. uzaqlıqdadır.

            Qüds adının İbrani dilindəki qarşılığı “Yeruşalayim”dir. “Yeruşalayim” mürəkkəb isimdir və iki ayrı sözün (“yeru” “şalayim”) birləşməsindən meydana gəlmişdir. Alimlər, “yeru” sözünün hansı kökdən törədiyi mövzusunda fərqli fikirlər səsləndiriblər. Bu sözün “tikmək”, “qurmaq”, “inşa etmək” mənalarına gələn “yarah”dan törədiyi fikri daha çox qəbul edilir. “Şalayim” sözü isə “sülh”, “əmin-amanlıq” deməkdir. “Yeruşalayim”, Ərəb dilinə “Darussalam” (əmin-amanlıq yurdu) və ya “Mədinətussalam” (sülh şəhəri) kimi tərcümə edilir (Harman, 2007, 323). Müsəlmanlar da şəhərə fərqli adlar vermişlər. Ən çox istifadə edilən ad isə “Qüds”dür. “Qüds”, “bərəkət”, “mübarək olmaq” deməkdir (İbn Manzur, Lisanul-Ərəb, “q-d-s” maddəsi).

            Qurani-Kərimdə, Qüds adı çəkilmədiyi kimi, bu şəhərin İslam mənbələrində qeyd olunan digər adlarına da rast gəlinmir. Lakin müfəssirlər Qurani-Kərimdə “əl-Məscidul-Əqsa” (əl-İsra 17/1), “mübəvvəə sidq” (Yunus 10/93) və “əl-ərzul-müqəddəsə” (əl-Maidə 5/21) kimi ifadələrin Qüds şəhərini təmsil etdiyini bildirmişlərdir. Digər tərəfdən Elmalılı Məhəmməd Həmdi Yazır ayədə bəhs edilən Məscidul-Əqsanın “Beytulməqdis”, mübarək olduğu bildirilən ətrafın isə Qüds və ətrafı olduğunu söyləyir (Elmalılı 4/3144-3145). İslamın ilk dövrlərində bəzən “Məscidul-Əqsa” termini Qüds üçün istifadə olunsa da, əsrlər boyu xüsusilə “Hərami-Şərif” üçün nəzərdə tutulmuşdur.

            Qüds, Yəhudi, Xristian və İslam dinlərinə görə müqəddəs bölgələrdən biridir. Tövratda “Salem” adı ilə yalnız bir dəfə xatırlanır (Yaradılış, 14/18). Şəhərin səltənət və ibadət mərkəzi olması Həzrət Davudla başlayır (II Şamuel, 6-7; Fəsillər, 24/18-25; I Salnamələr, 21/18-22). Birinci məbədin dövründə məbədin yerləşdiyi təpə Sion təpəsi adlanırdı və Sion adı da bütün Qüdsə aid edilirdi. Həzrət Davuda padşahlığının əbədi olaraq davam edəcəyi vəd edildikdə, bu, həm də padşahlıq və məbəd şəhəri olan Qüdsün əbədiliyinə işarə sayılırdı (II. Şamuel, 7/13-16). Həzrət Süleymanın dövründə məbədin tikilməsi Qüdsə xüsusi bir müqəddəslik bəxş etdi; bir tərəfdən, Davudun padşahlığının əbədi olaraq davam edəcəyinə dair Allahın vədi, digər tərəfdən isə məbədin Allahın əbədi məskəni kimi qəbul edilməsi Qüds şəhərini müqəddəsləşdirdi (Harman, 2007, 234).

            İncillərdə də Qüds şəhərinin önəmi vurğulanmışdır. Belə ki, Mark İncilinə görə Həzrət İsa Qaliley bölgəsindəki insanlara Allahın dinini təbliğ etməyə başlayır və onların mənfi münasibəti ilə qarşılaşdığı üçün Qüds şəhərinə gedir. Şəhərə daxil olur və məbədi təmizləyir. Yəhudi hakimiyyətinin reaksiyası ilə qarşılaşdıqda, şəhərin cəzalandırılacağını və məbədin murdarlanacağını elan edir. O, şəhərdən kənarda çarmıxa çəkiləndə məbədin pərdəsi cırılır. Digər İncillər Qüdslə bağlı bu məlumatlara bəzi əlavələr edir. Yəhya İncilində qeyd olunur ki, Həzrət İsa dəfələrlə Qüdsə gəlib. Eyni şəkildə İncillərə görə Həzrət İsanın yer üzündəki həyatı Qüdsdə başa çatır.

            Qurani-Kərimdə Qüds adı birbaşa qeyd edilməsə də, bu şəhər Məscidul-Əqsanın mübarək ətrafı şəklində bəhs edilir (əl-İsra 17/1). Bundan başqa “müqəddəs diyar” (əl-Maidə 5/21), “Yaxşı, gözəl yer” (Yunus 10/93) kimi də təsvir edilmişdir. Hədislərdə Məscidul-Əqsanın Məscidul-Haram və Məscidur-Rəsulullah (və ya Məscidi-Nəbi) ilə birlikdə ziyarət edilə bilən üç böyük məsciddən biri olduğu və Məscidul-Haramdan sonra yer üzündə tikilmiş ikinci məscid olduğu bildirilir (Buxari, “Fəzlus-salah fi məscid- Məkkə və Mədinə”, 6, “Həc”, 26, “Ənbiya”, 8, 40; Müslim, “Həc”, 288, “Məsacid”, 2; Nəsai, “Məscid”, 3). Bundan əlavə, bəzi rəvayətlərdə Həzrət Peyğəmbərin (s.ə.v.) Beytulməqdisdə namaz qılmağı tövsiyə etdiyi də bildirilir (Əbu Davud, “Salat”, 14).

Hicrətdən iki-üç il əvvəl Həzrət Peyğəmbərin (s.ə.v.) Kəbəni önünə alaraq Qüdsə tərəfə dönərək namaz qıldığı (İbn Səd, 1/243; Qurtubi, 2/150; Fəxrəddin ər-Razi, 4/ 110) qıldığı bildirilir. Mədinə dövründə bu əməlin on altı və ya on yeddi ay davam etdiyi, sonra qiblənin Kəbəyə çevrildiyi qəbul edilir (Buhari, “Salat”, 31, “Təfsir”, 18; Müslim, “Məsacid”, 11-12). Həzrət Peyğəmbərin (s.ə.v.) sağlığında müəyyən bir müddət Qüdsün qiblə olaraq üstün tutulması müsəlmanların bu şəhəri dini mərkəz kimi görmələrinin səbəblərindən biri idi.

Bunların xaricində Qüds, Həzrət İbrahimdən bəri bir çox peyğəmbərin yaşadığı, Həzrət Süleymanın tikdirdiyi “Beytulməqdisin” yerləşdiyi, İsrail oğullarının və onlara göndərilən peyğəmbərlərin mübarizə meydanı olması baxımından ilahi dinlər ənənəsində mühüm yer tuturdu (İbn Cövzi, 63-147).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssalam ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə...

Bağla