TARİXŞÜNASLIQ ELMİNİ YENİDƏN SİSTEMLƏŞDİRƏN MÜTƏFƏKKİR: İBN XƏLDUN

0

İslam coğrafiyasının hər tərəfi elm və mədəniyyət baxımından çox zəngindir. Sahib olduğumuz mədəni miras özünü müxtəlif elm sahələrində göstərmişdir. Tarixi faktlara əsaslanaraq belə bir ifadə qeyd edə bilərik: Mədəni mirasın zənginliyi, ona sahib olan cəmiyyətin digər cəmiyyətlərdən üstün mövqedə olmasına imkan verən faktordur. Bunu tarixin hər dövründə görmək mümkündür. Fikrimizi daha yaxşı izah etmək üçün mədəniyyətimizdə öxünəməxsus yerə sahib Cabir ibn Xəyyan (722-815), İbn Sina (980-1037) kimi mütəfəkkirlərin adlarını qeyd edə bilərk. Cabir ibn Xəyyan dağınıq halda olan kimyanı bir araya gətirmiş və bu sahəni sistemləşdirərək ilk dəfə kimya elminin əsasını qoymuşdur. VIII-IX əsrlərdə bir müsəlman mütəfəkkirin hazırladığı elmi sistem bu gün bütün dünyada insanların stolüstü kitabı halına gəlmişdir. Eyni şəkildə İbn Sinanın tibb sahəsində əldə etdiyi nəaliyyətlər də mədəni mirasımızın nə qədər geniş və əhatəli olduğunu bir daha təsdiq edir. Mütəfəkkirin tibb sahəsində yazdığı kitab (Kitabut-tibb) XVIII əsrə qədər avropalı həkimlərin dərs kitabı olmuşdur.

Mədəni irsimizin sahib olduğu dərin ədəbi və elmi izlər sadəcə Cabir ibn Xəyyan və İbn Sina ilə məhdudlaşmır. Belə ki, mədəniyyətimizin parlayan ulduzlarından biri də İbn Xəldundur. İbn Xəldun “Müqəddimə” adlı əsəri ilə tarixçilik sahəsini yenidən sistemləşdirən şəxsdir. Ona qədər həm İslam dünyasında, həm xristianlıq aləmində həm də bütün dünyada tarixi kitablar sadəcə rəvayətlərə və əfsanələrə əsaslanırdı. Lakin İbn Xəldunun hazırladığı metod tarix elminə fərqli bir prespektiv qazandırdı.

Böyük mütəfəkkir Əbdürrəhman Əbu Zeyd Vəliyuddin ibn Xəldun əl-Maliki əl-Hədrəmövti 1332-ci ildə Tunis şəhərində anadan olmuşdur. İlk təhsilini atasından aldıqdan sonra dövrünün tanınmış alimlərindən təfsir, hədis, tarix, məntiq, fəlsəfə, fiqh və digər elmləri öyrənmişdir. İbn Xəldunun gəncliyi Məğribdə (şimali Afrikada) hökmranlıq etmiş Mərinilər dövlətinin və Əndəlüs İslam Xilafətinin saraylarında katib, hacib və s. vəzifələri icra etməklə keçmişdir. Bu müddət ərzində qazandığı təcrübə və elmi biliklər “Müqəddimə” adlı əsərini yazarkən köməyinə yetişmişdir. Mütəfəkkir 1375-1383-cü illər arasında siyasi fəaliyyətlərdən uzaqlaşaraq İbn Səlamə qalasında çoxdandır yazmaq istədiyi kitabını qələmə almağa başlamış və “Müqəddimə”ni qısa müddət ərzində yazıb bitirmişdir. İbn Xəldun İbn Səlamə qalasında olduğu müddət ərzində məhdud qaynaqdan istifadə edərək çox ciddi bir əsər ərsəyə gətirmişdir. Daha sonra mütəfəkkir əsərini genişlətmək üçün Misirə səyahət etmiş və Qahirə şəhərində yerləşmişdir. Burada, ömrünün sonuna qədər yaşayaraq əsərini daha da genişlətmişdir. İbn Xəldun 1406-cı ildə Qahirədə vəfat etmişdir.

Əsər, özündən əvvəlki tarixşünaslıq elminə yeni bir metod qazandırmışdır. Yuxarıda qısaca bəhs etdiyimiz kimi, İbn Xəlduna qədər İslam dünyasında və Avropada tarixşünaslıq, rəvayətlərin və əfsanələrin nəql edilməsindən ibarət idi. Lakin İbn Xəldun bir çox tarixçinin kitablarını tədqiq etmiş, müəlliflərin kitablarında yer verdiyi bir çox rəvayətləri ağıl süzgəcindən keçirərək təhlil etmişdir. Ona görə keçmiş tarixçilər sadəcə bir dövrə və ya hökmdara aid olan rəvayətləri nəql etməkdən başqa bir şey etməmişdir. Bu da tarixi hadisələrə yalanın qarışmasına səbəb olmuşdur. Bir müddət sonra isə yalanlar həqiqətə çevrilərək insanlar tərəfindən qəbul edilməyə başlamışdır. İbn Xəlduna görə bu məlumatlar yenidən ağıl süzgəcindən keçirilməli və təhlil edilməlidir. Bu zaman yalanla doğru bir-birindən ayırd ediləcəkdir. İbn Xəldunun tarixi rəvayətləri təhlil etmə metodunu aşağıdakı kimi maddələr halında sıralaya bilərik:

  1. Hadisələr keçmişdə necədirsə, günümüzdə və gələcəkdə də elədir. Yəni, keçmişdə baş vermiş tarixi hadisələrin meydana gəlmə səbəbləri ilə günümüzdə meydana gələn hadisələrin səbəbləri eynidir. Məntiqi əsası olmayan bütün məlumatlar yalandan ibarətdir. İbn Xəldun fikrini dəstəkləmək üçün Məsudinin və digər tarixçilərin kitablarında keçən bir rəvayətlərə yer vermiş, onları təhlil və tənqidə tabe tutmuşdur.
  2. Tarixçilərin mənimsədikləri ideologiyalar və aid olduqları məzhəblərə bağlılıqları tarixi faktların doğru şəkildə dəyərləndirilməsinə əngəl təşkil etmişdir. Tarixçi mötədil bir düşüncə ilə tarixi hadisələri məntiqi dəlillərə əsaslanaraq təhlil edərsə, kitabı və fikirləri sağlam təməl üzrə inşa ediləcəkdir. Əgər hər hansı bir düşüncəyə bağlı qalarsa, fikrinə tərs düşən real tarixi hadisələri bir kənara atacaq və yalanları həqiqət kimi qələmə verəcəkdir.
  3. İbn Xəlduna görə tarixi hadisələri nəql edən şəxslər də tarixşünaslıq sahəsində önəmli bir meyar olaraq qəbul edilməlidir. Çünki güvənilməyən bir şəxs tərəfindən yalan xəbərlər həqiqət kimi qələmə verilib nəlq edilmişdir. Bunun nəticəsində yalanla həqiqət bir-birinə qarışmışdır. Mütəfəkkir cərh və tədil metodları ilə yalan xəbər söyələyən şəxslərin aşkarlana biləcəyini, bu vəsilə ilə onların nəql etdiyi xəbərlərin tarix kitablarından təmizlənəcəyini bildirmişdir.
  4. İbn Xəlduna görə tarixi hadisələrin təhlilində “ümran” böyük önəm kəsb edir. Yəni, insanların sahib olduqları mədəniyyət, adət və ənənələr tarixi rəvayətlərin yenidən dəyərləndirilməsində böyük əhəmiyyətə sahibir. Bir xalqın tarixi təhlil edilərkən həmin xalqın mədəniyyət cizgiləri göz ardı edilməməlidir.

İbn Xəldunun tarixşünaslıqla bağlı təkmilləşdirdiyi sistem hər nə qədər tənqidlərə məruz qalsa da özündən sonrakı tarixşünaslıq sahəsinə ciddi təsir etmişdir. Hətta bu təsirlər sadəcə İslam aləmi ilə məhdudlaşmamış, Avropada da tarixşünaslıq sahəsinin yenidən təşəkkül etməsinə qapı aralamışdır. Belə ki, İbn Xəldunun metodu Nikola Makiavelli, Monteskyö, Viko, Jan Jak Russo, Qabriel de Tard, Ogüst Komt, Karl Marks başda olmaqla bir çox avropalı mütəfəkkirin fikirlərinə və əsərlərinə təsir etmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTANIN QARABAĞ MÜHARİBƏSİNDƏ DİZ ÇÖKDÜRÜLMƏSİNDƏN BİR İL ÖTÜR

Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından bir il ötür. İşğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın...

Bağla