Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında ilk dəfə dronlara quraşdırılan radiometr nümayiş etdirəcək.
Bunu İnstitutun baş direktoru İslam Mustafayev bildirib.
“Bu cihaz keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqi aparmaq üçün hazırlanıb, pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilir. Onunla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ekspedisiyalar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 8 dəfə radioekoloji monitorinq aparılıb. Sərgidə nümayiş etdirəcəyimiz digər qurğu isə yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən müxtəlif zəruri proqramlarla təchiz olunub”, – deyə o, qeyd edib.
İ.Mustafayevin sözlərinə görə, institut alimlərinin hazırladığı bu texnoloji həllər yüksək texniki göstəricilərə, geniş imkanlara malikdir və gələn ay keçiriləcək festivaı onların ölkə ictimaiyyətinə təqdimatı, eləcə də gələcək əməkdaşlıqlar üçün mühüm platformadır.