TİCARƏTDƏ YALAN DANIŞMAQ OLARMI?

0

Bir cəmiyyətin maddi-mənəvi inkişafı və tənəzzülü bu cəmiyyətdə yaşayan fərdlərin əxlaqi keyfiyyətlərindən asılıdır.

Əgər cəmiyyətdə mənəvi tənəzzül və gerilik varsa, bu, cəmiyyəti təşkil edən fərdlərin mənəvi xəstəliyi səbəbindəndir. Bu geriliyi  inkişafla  əvəz  etmək  isə  cəmiyyətin  üzvləri olan fərdlərin səy və istəyinə bağlıdır. Çünki Allah Qurani-Kərimin “Rəd” surəsinin 11-ci  ayəsində buyurur ki, bir  xalq özünü dəyişmədikcə, Allah onları dəyişməz.

Bu yazımızda  ticarətdə yalan mövzusuna toxunacağıq. Ümumiyyətlə yalan həm çox iyrənc və  haram olan əməl, həm də ən böyük günah sayılır. Çünki ən böyük günah olan şirkin özü də bir  növ yalandan ibarətdir. Allah-Təala uca kitabımız Qurani-Kərimdə belə buyurur:

“Yalanı  ancaq  Allahın  ayələrinə  inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!

“… Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!

“Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!

İndi isə gəlin görək, bəs ticarətdə necə, yalanın yeri varmı?!
Bu suallara ən yaxşı cavabı yenə də Allahın kitabı və Onun Rəsulunun (s.ə.s) hədisləri verir. Allah-Təala ölçü və tərəzidə aldatmamağı əmr edərək belə buyurur:

“Bizə qarşı hiylə quran (bizi aldadan) bizdən deyildir”.

“Rəsulullah (s.ə.s) bazarda buğda satan bir adam gördü. Əlini həmin məhsulun içinə saldı və çıxartdı. Barmaqlarına rütubət (nəm) dəydi. O malı satan adama: “Ey satıcı, bu nədir?”, – deyə səsləndi. O adam da: “Ey Allahın Rəsulu, yağış ıslatdı” deyincə, Rəsulullah  (s.ə.s)  ona: “Bu  nəm  olan  ərzaqı  üstə  gətirib,  hər  kəsin  görməsini təmin etməli deyildinmi? Kim bizi aldadırsa o bizdən deyildir”, – buyurdu.

Uca Allah ticarətdə yalanı “fitnə-fəsad” adlandıraraq belə buyurur:

“Mədyən tayfasına da qardaşları Şüeybi peyğəmbər göndərdik. Şüeyb onlara belə dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu dediklərim sizin üçün xeyirlidir!”

Başqa bir ayədə isə belə buyurulur:

“…Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində firavan yaşamaqda görürəm. Bununla belə Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə sizi bürüyəcək bir günün əzabından  qorxuram!  Ey  qövmüm!  Ölçüdə  və  çəkidə  düz  olun. İnsanların  heç  bir  şeydə  haqqını  əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin!

Aldadan şəxs aldatdığı insanların qul haqqına təcavüz edir: “Qul haqqı” da  həddindən artıq təhlükəli məsələdir. Çinki “qul haqqını” Allah  bağışlamır, bu Allahın deyil, bəndələrin haqqıdır.   Aldadılan bəndə aldadan şəxsi bağışlamasa, o şəxs Allah tərəfindən də bağışlanmaz və cənnətə     girə bilməz. Qiyamət günü aldatdığının qarşılığında aldadanın savabları aldatdığı şəxsə verilir.
Aldadan şəxsin bu dünyadakı qazancından bərəkət çəkilər. Onun əyri yolla qazandığının, ruzisinin bərəkəti olmaz. Aldadan şəxs özünə gələ biləcək xeyir və bərəkətdən məhrum qalar.
Aldadan şəxs insanların etibarını itirər və etibarsız adam kimi tanınar. Ticarət həyatında etibarlılıq çox əhəmiyyətlidir. Etibarsız adamla heç kəs ortaqlıq qurmaz, şərikli işə girişməz.
 Aldadan şəxs aldatdığı təqdirdə əldə edə biləcəyi gələcək daimi müştərilərini itirər: Çinki bir dəfə aldandığını bilən insan o satıcıdan təkrar gedib mal almaz və tanışlarını da bundan çəkindirər.

Əyrilik və aldatmaqdan çəkinən düzgün müsəlman tacir isə Allahın rəhmətini və razılığını qazana bilər: Allah Rəsulunun bununla bağlı belə dediyi bildirilir: “Etibarlı, düzgün, müsləman tacir, Qiyamət günündə şəhidlərlə bir yerdədir” Ticarətdə halala və harama diqqət edən tacir qul haqqına girməkdən qorunar. Savab qazanar: Çünki hansısa bir günah işləməkdən qaçmaq və çəkinməyin özü də böyük savabdır. Qazancı bərəkətli və halal olar. Ticarət aləmində etibarı artar. Daimi müştəriləri olar.

Uca Allah bizi ticarətdə yalan danışmaqdan, yalan yerə and içməkdən qorusun!

Alış-veriş yoluyla əldə etdiyimiz qazancımızı bərəkətləndirsin! Ticarət əxlaqımızı gözəlləşdirsin! Amin!

Müşfiq Xəlilov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜNƏŞ HAQQINDA BUNLARI BİLİRİSİNİZMİ?

Günəşlə dünya arasındakı məsafə 150 milyon kilometrdir. Bu məsafə işıq sürəti ilə səkkiz dəqiqəyə qət edilə bilər. Bir də digər...

Bağla