TOLERANTLIĞIN AZƏRBAYCAN MODELİ

0

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində bu model dünyada mükəmməl nümunə kimi qəbul edilir

16 noyabr tarixi bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilən Beynəlxalq Tolerantlıq Gününun məqsədi bütün dinlərin və xalqların nümayəndələrini bir-birinin dəyərlərinə ehtiram şəraitində yaşamağa çağırışdır. Azərbaycanda da bu əlamətdar tarix qeyd edilir.

Beynəlxalq Tolerantlıq Gününun təsis olunmasının səbəbi xüsusən son onilliklərdə dünyanın müxtəlif yerlərində milli və dini zəmində baş verən qarşıdurmaların daha da dərinləşməsi idi. Bəli, müasir dövrümüzün acı həqiqətlərindən biri ondan ibarətdir ki, heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verməkdədir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Bu mənada ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər.

Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya mili zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb. Yəni Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb.

Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Beləliklə, tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin etdi. Ölkə ərazisində milli və dini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.

Son 15 ildə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Doğma vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir.

Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir. Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: “Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.

Azərbaycandakı tolerantlıq mühitinin inkişafına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində layiqli töhfələr verir. Respublikada dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən, dini qurumlarla bağlı qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi komitənin fəaliyyəti sağlam dini mühitin qorunub saxlanılmasından ibarətdir. Bununla yanaşı əsas vəzifələrindən biri dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması olan Komitə fəaliyyəti ilə dini konfessiyalar arasında əlaqələrin də dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə fəal dəstək verir. Nəticə etibarilə bu fəaliyyət mövcud tolerantlıq mühitinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və ölkəmizin yüksəlişinə özünün layiqli töhfəsini verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİŞKEKDƏ “MÜASİR DÜNYƏVİ DÖVLƏTDƏ İSLAM” ADLI İKİNCİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Qırğız Respublikasının Din İşləri üzrə Dövlət Komissiyasının  təşəbbüsü ilə Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir. Tədbirdə dünyanın...

Bağla