TORPAQ, ƏGƏR UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!

0

Hər bir insana doğulub-böyüdüyü, havasını tənəffüs etdiyi, ana qucağı qədər doğma və əziz olan yeganə məkan vətəndir. İnsan vətəni uğrunda canını hər an fəda etməyə hazır olmalıdır. Çünki vətən onun namusu və qeyrətidir. Vətəni əldən gedərsə insan həyatda bir çox çətinliklərlə qarşı-qarşıya qalar və özünü gücsüz və çarəsiz hiss etməyə başlayar. Bu səbəblə də İslam dini malı, canı, dini, namusu və qısacası vətəni uğrunda döyüşərək canından keçən insanlara böyük dəyər vermiş və onların digər insanlardan fərqli bir məqamının olduğunu bəyan etmişdir. Bu məqam şəhidlik mərtəbəsidir. Uca Allah insanlar hiss etməsələr də şəhidlərin ölmədiyini açıqlamış (Bəqərə, 2/154) və onların Öz dərgahında rizqləndirildiyini bildirmişdir. (Ali-İmran, 3/169).

Həzrət Peyğəmbər (s.ə.s) də bir çox hədislərində şəhidlik mərtəbəsinin ülvi bir mərtəbə olduğuna diqqət çəkmişdir. Şəhidlərin digər insanlardan fərqli olaraq təkrar dünyaya qayıdıb yenidən şəhid olmaq istədiklərini buyuran (Tirmizi, Cihad, 13) Rəsulullah (s.ə.s) onların ruhlarının cənnətdə olduqlarını açıqlamışdır. (Müslim, İmarə, 121). Şəhidlik o qədər üstün bir mərtəbədir ki, digər insanlar qəbirlərində sorğu-sual olunduqları halda şəhidlər sorğu sual olunmazlar. Həzrət Peyğəmbər bunun səbəbini soruşan bir səhabəyə belə cavab vermişdir: “Şəhidin başındakı qılıncın parıltısı onun üçün imtahan olaraq kifayətdir“. (Nəsai, Cənaiz, 112). Bu səbəblə də Rəsulullah (s.ə.s) həyatı boyu şəhid olmağı arzulamış və şəhid olmağı arzulayan bir insanın öz yatağında ölmüş olsa belə şəhid sayılacağını buyurmuşdur. (İbn Macə, Cihad, 16).  

 Tarix boyu xalqımız da mənfur düşmənlərə qarşı öz torpaqlarını qorumaq üçün mübarizə aparmış və bu uğurda bir çox insanlarımız şəhidlik mərtəbəsinə yüksəlmişdir. Bu gün də torpaqlarımıza göz dikən dişmənlərimizə qarşı bu mübarizə qətiyyətlə davam etməkdə və işğal altında olan torpaqlarımız uzun illərdən sonra öz azadlığına qovuşmaqdadır. Torpaqların azad olunması uğrunda canından keçən hər bir vətən övladının qanı yerdə qalmamaqda və düşmən layiq olduğu cavabı almaqdadır. Şəhidlərin qanı ilə yoğrulan bu torpaqların düşmən tapdağı altında qalması mümkün deyildir. Çünki bu torpaqlar uğrunda canlarını fəda edənlərin olduğu vətən torpaqlarıdır.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UZUN FASİLƏDƏN SONRA KƏBƏDƏ CAMAATLA NAMAZ QILINDI 

Qlobal pandemiya səbəbindən 7 aydır Məscidi-Haramda və Məscidi-Nəbəvidə dayandırılan camaatla namaz ibadəti, ötən gün sübh namazı ilə yenidən başlayıb. İslamveirfan.com...

Bağla