Amerika Birləşmiş Ştatlarında (ABŞ) MSNBC telekanalının aparıcısı Coy Reyd iştirak etdiyi proqramda müsəlmanlara terrorçu deyib.
Proqramda, ABŞ prezidenti Tramp və onu dəstəkləyənlərin getdikcə radikallaşdığını deyən Reyd, bu vəziyyəti müsəlman ölkələrindəki insanların “terror təmayülü” ilə müqayisə edib.
Həmin proqramdan sonra Reydin bu ifadələrinin irqçi və islamafobiyaya meylli olduğunu ifadə edən çox sayda sosial şəbəkə istifadəçisi, onun müsəlmanlığı terrorla eyniləşdirməsinə sərt reaksiya bildiriblər.
Ən kəskin reaksiyanı isə prezident Tramp bildirib. Tramp, twitterdəki şəxsi səhifəsində Reydin qovulmalı olduğunu bildirib.
“Qabiliyyətsiz Coy Reyd qorxulu bir kəlmə olan “müsəlman terrorçular” ifadəsini işlətdiyi üçün qovulmalıdır. Bu, MSNBC-də irqçilik və əcnəbi düşmənçiliyidir. Başqası olsaydı özü gedərdi.” – deyə Tramp bildirib.