Türk Dövlətləri Təşkilatı Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı bəyanat yayıb

0

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib.

Baş katibin bəyanatını TDT-nin mətbuat xidməti yayıb.

”Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunan 3 oktyabr münasibətilə bütün türk dünyasını səmimi-qəlbdən təbrik edirəm… Ortaq dil, ortaq tarix və ortaq mədəni irs zəminində yüksələn türk dövlətləri arasında çoxəsrlik qardaşlıq bağları 2009-cu ildən etibarən Təşkilatımız çərçivəsində ciddi şəkildə qurumsallaşdırılıb. Təşkilatımızın çətiri altında könüllü olaraq bir araya gələn türk dövlətləri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığı təşviq edərək gələcəyə qətiyyətlə addımlayırlar”, – sənəddə deyilib.

Baş katib qeyd edib ki, oktyabrın 3-ü sözügedən ölkələr arasında “köklü əlaqələri tərənnüm edir”: “Bu gün biz ümumi yolçuluğumuzu və nailiyyətlərimizi birlikdə qeyd edirik”.

Onun sözlərinə görə, qurumun fəaliyyəti 20-dən çox əməkdaşlıq sahəsini əhatə edir: “[Təşkilat] gücünü “Türk dünyasına baxış – 2040” sənədindən alır”.

TDT-nin Baş katibinin fikrincə, dövlət başçıları və xarici işlər nazirlərinin “yorulmaz qətiyyəti” ölkələrarası “dinamik fəaliyyətlər və strateji birliklərdə aydın görünür”. Ömüralıyev nəql edib ki, noyabr ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan 10-cu sammit təşkilatın qarşıdakı dövrdə “fəaliyyət proqramını formalaşdıracaq həyati qərarların qəbul edildiyi və müqavilələrin imzalandığı mərhələ olacaq”.

Sonda Təşkilat başçısı ildönümü münasibətilə ölkələrin rəhbərliklərinə, habelə özəl sektora və QHT-lərə “göstərdikləri sarsılmaz dəstəyə görə” təşəkkürünü bildirib:

“Sizə barış, birlik və həmrəylik diləyərək ortaq ruhumuzun gücünün sübutu olan 3 Oktyabrı təbrik edirəm!”.

“Biz birlikdə daha güclüyük“ – deyə Baş katib yekunlaşdırıb.

Xatırladaq ki, daha öncə TDT Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SUQOVUŞANIN ERMƏNİ İŞĞALINDAN AZAD EDİLMƏSİNDƏN 3 İL ÖTÜR

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. 2020-ci ilin oktyabrın...

Bağla