Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında “VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi” elan olunub.
“Report”un Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un Baş Katibi Sultan Rayev bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurumun nəzdində yaradılan Yazarlar Birliyi, UNESKO və Avropa Yazarlar Birliyinin dəstəyi ilə keçirilir. Baş katib müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib:
“Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır”, deyə Sultan Rayev bildirib.
Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. Birinci yerin qalibi 35 min, ikinci yer 25, ücüncü 20, həvəskar iştirakçı isə 10 min Türk lirəsi ilə mükafatlandırılacaq. Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.