TÜRK-İSLAM CİLDÇİLİK SƏNƏTİ

0

İlk kitablar e.ə. 4-3-cü minilliklərdə Qədim Misirdə yazı materialı olan papirusdan istifadə edilərək yaradılmışdır. Misirlilər papirus istehsalında xeyli yol qət ermişdirlər.

Miladdan əvvəl 2400-cü ilə aid papiruslar incə, yumşaq və də qüvvətli idi. Misirlilər ilə yanaşı Çinlilər də həm kitab, həm də ədəbi yazı sahəsində inkişaf etmişdilər. E.ə. III əsrə qədər ağac qabıqlarından istifadə edən Çinlilər daha sonra ipək üzərinə yazı yazmağa başladılar.

Papirus Yunan mədəniyyətinə e.ə. VII əsrdə gəldi və istifadəsi iki əsr davam etdi. Çünki bunu Misirdən idxal etmək həm çətin, həm də çox baha başa gəlirdi. Papirusa alternativ olaraq yunanlılar qoyun dərisindən perqament hazırladılar. Bürmələr halında olan əlyazmaları təbəqə şəklində kəsib bir birinə bağladılar və beləliklə də bu günkü kitabın bünövrəsini qoydular.

Türklərdə cildçilik və inkişafını İslamdan əvvəl və İslamdan sonrakı dövrlər olmaqla iki mərhələyə ayırmaq olar.

İlk türk cildləri Şərqi Türküstanda Mani dinini gəbul edən uyğur türklərinə aiddir. Grünüedel, Albert von le Coq və Aurel Stein Orta Asiyada apardıqları araşdırmalar və Albert von le Coqun “Uiqurica” adlanan üç cildlik əsərində Turfan Karahoçu, Biş balığı kimi türk şəhərlərində mövcud olan fresk (divar rəsmi), miniatür, kitab cildlərinə aid əsərlərin e.s. VII-VIII əsrlərdə bu sənətlərin uyğur türkləri arasında nə dərəcə inkişaf etdiyini göstərməktədir. Göytürk hərfləri ilə yazılmış İrk Bitig (Falnamə) günümüzdəki kitab cildlərinin izini daşımaqdadır. Arxeoloji qazıntılar zamanı dəridən olan bir cild parçasında isə zəncərək, küncbənd və şəmsə vurulduğu aşkarlanmışdır. Bir başqa Mani cildi eyni şəkildə cildlənmiş və türkcə yazılmış ən gədim tarixi əsərdir.

İslamdan sonrakı dövrlərdə isə türk cildləri içində olduğu mühitin üslublarını qazanmışdır. Bunlar: Xətai (Kaşi, Xorasan, Buxara, Dihləvi), Herat (Herat, Şiraz, İsfahan), Ərəb (Əlcəzirə, Hələb, Fəs), Rumi (Səlcuqlu), Məmlük (Misir), Türk (Diyarbəkr, Bursa, Ədirnə, İstanbul, Şükufə, Ruqan Laklı, Barok), Məğribi (İspaniya, Siciliya, Fəs), Laklı (İran, Hind), Buxarayı Cədid. Buradakı dəyişiklik sadəcə naxışlarda və bir də işlədilən materiallarda özünü göstərir. İslam dininə girən türk millətlər İslami əsərlərin bu günümüzə gəlib çatmasında əvəzsiz rol oynamışlar. Çünki gördüyümüz kimi cildçilik sənətində onların özünəməxsus rolu olmuşdur. Qədim Qurani-Kərim və bir çox dini əsərlərin kitab halında bu günümüzə gəlib çatmasında türk millətlərinin rolu əvəzsiz olmuşdur.

M.A. Kağıtçı belə bir məlumat verir: “Avropada kitab cildləri, Şərq cildlərinə nəzərən çox bəsitdir. Qərbin Avropası m.s. XII əsrin birinci yarısına qədər kağızın nə olduğunu bilmədiyi halda şərqdə – Səmərqənddə İpək qozasından kağız emal edən ilk emalatxana miladi 652-ci ildə qurulmuşdur. ”

Şərq kitabının iç hissəsində müşəbbək (şəbəkəli)cild, ortasına şəmsə qəlib basılmış dəri və ya əbrulu (mərmər kağızı) forsaz kağızından istifadə edirdilər.

Azərbaycan Milli Elimlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda klassik üslubda hazırlanan əbru sənəti cildlərin forzasında istifadə olunur.

Bir kitabın hazırlanması üçün xəttat yazılarını yazar, cədvəlkeş cədvəlini, müzəhhib naxışlarını çəkər, mücəllid isə cildini tamamlardı. Bu proses emalatxanalarda aparılırdı və beləliklə hazırlanan əsər bir nəfərə deyil, emalatxanaya aid edilirdi. Bunun üçün bəzi əsərlərin bədii tərtibat və mücəllidinin kimlər olduğunu söyləmək çox çətinlik törədir. Bərpa prosesində cildçilər buna bənzər problemlərlə hər zaman qarşılaşırlar.

 

 ZAUR ORUCOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏKAT NƏDİR?

Zəkat kəlmeyi-şəhadət və namazdan sonra İslamın üçüncü əsası və fundamental şərtidir. Quranda iyirmi yeddi yerdə namazla birgə eyni ayələrdə qeyd...

Bağla