Türkiyə Nazirlər Kabineti üçhəftəlik fasilədən sonra avqustun 5-də toplanır.
“TRT Haber” xəbər verir ki, toplantıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Bildirilib ki, hökumətin müzakirə edəcəyi əsas mövzu Fələstindəki vəziyyətlə bağlıdır.
Məlumata görə, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə öldürüləndən sonra Tehranla Təl-Əviv arasında gərginliyin artması və İsrailin Livana hücumlarından sonra bölgədə vəziyyət daha da ağırlaşması hökumətin toplantısında diqqət mərkəzində olacaq. Bundan başqa, İsrail hökumətinin başçısı Binyamin Netanyahu administrasiyasının bölgədə gərginliyi yaymaq cəhdlərinə qarşı izləniləcək yol xəritəsi müzakirə olunacaq. Qəzza zolağında dinc sakinlərin həlak olması fonunda İsrailə beynəlxalq təzyiqləri artırmaq və fələstinlilərə təcili humanitar yardım göstərmək üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. Toplantıda Türkiyə daxilində və ətrafında terrora qarşı mübarizə əməliyyatları da qiymətləndiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi əsasında Suriya rəhbərliyi ilə diplomatik əlaqələrin bərpası üçün başlayan səylərlə bağlı qiymətləndirmə aparılacaq.
Nazirlər Kabinetinin iclasında Ortamüddətli Proqram və 12-ci İnkişaf Planı çərçivəsində həyata keçirilən iqtisadi proqramdakı son vəziyyət də gündəmdə olacaq. Proqramın əsas məqsədi inflyasiyanın daimi olaraq aşağı salınması ilə bağlı görüləcək əlavə tədbirlər və iqtisadi göstəricilərin yaxşılaşdırılması müzakirə olunacaq.a