Türkiyə qalmaqallı “İstanbul konvensiyası”ndan ayrıldı. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb və qərar rəsmi qəzetdə nəşr olunaraq qüvvəyə minib.
“Türkiyə Cümhuriyyəti adına 11.05.2011 tarixdə imzalanan və 10.02.2012 tarixli, 2012/2816 saylı Nazirlər Kabineti qərarı ilə təsdiq edilən “Qadınlara qarşı ailə və məişət zorakılığının qarşısının alınması və bunlarla mübarizə”yə dair Avropa Şurası Konvensiyasının Türkiyə baxımından ləğv edilməsinə 9 saylı president fərmanının 3-cü maddəsi ilə qərar verilmişdir.” – deyə rəsmi qəzetdə çıxan qərarda bildirilir.
Qərara social şəbəkədə münasibət bildirən ailə, əmək və social müdafiə naziri Zəhra Zümrüd Selcuq, qadına qarşı zrakılıqla mübarizənin davam edəcəyini bildirib:
“Qadına qarşı zorakılıq hər şeydən əvvəl bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir və bu cinayətlə mübarizə etmək insan hüquqları mövzusudur. Əsas prinsiplərdir. Bu istiqamətdə zorakılıqla mübarizəmiz dünən olduğu kimi bu gün də sıfır tolerantlıq prinsipi ilə davam edəcək.”
Qeyd edək ki, bu konvensiyada Türkiyə daxil olmaqla 46 ölkənin imzası var. Konvensiya 32 ölkədə qüvvədə olsa da, 11 ölkədə qüvvəyə minməyib.
“İstanbul konvensiyası” 2011-ci il noyabrın 24-də Türkiyə Böyük Millət Məclisində bütün siyasi partiyaların dəstəyi ilə qəbul edilib. Türk ailə strukturunu pozduğu, eyni cinslilərin münasibətlərini və evlənməsini həvəsləndirdiyi üçün bu konvensiya tənqid hədəfi idi.