Türkiyə Ticarət Nazirliyi Azərbaycanı 2025-ci ildə ixrac üçün hədəf ölkələr siyahısına daxil edib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Bu il siyahıya ümumilikdə 55 ölkə, o cümlədən Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Cənubi Koreya, İraq, Qətər, Liviya, Özbəkistan, Rusiya və Səudiyyə Ərəbistanı daxil edilib.
Bu status ölkələrə Türkiyə ilə qarşılıqlı ticarətdə əlavə dəstək almağa imkan verir.
Türkiyə Ticarət Nazirliyi tərəfindən razılaşdırılmış siyahı Xarici İqtisadi Əlaqələr Şurasının Baş Katibliyinə, Türkiyə İxrac-Kredit Bankına və Türkiyə Palatalar və Birjaları Birliyinin Baş Katibliyinə göndərilir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib. O cümlədən ixrac 3,82 milyard ABŞ dolları, idxal isə 2,31 milyard ABŞ dolları olub.