TÜRKİYƏDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ TƏŞKİL EDİLƏCƏK

0

Türkiyənin İzmir və İstanbul şəhərlərində Azərbaycan Mədəniyyəti və Sənəti Günləri keçiriləcək.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindən “Report”un Ankara bürosuna bildirilib.

Qeyd olunub ki, Mərkəz Azərbaycanın milli mədəniyyəti, tarixi, ədəbiyyatı və dilinin Türkiyədə təbliği istiqamətində səfirliyin dəstəyi ilə Türkiyənin müxtəlif bölgələrində zəngin mədəni irsimizi tanıtmaq və iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirmək məqsədilə ardıcıl olaraq tədbirlər təşkil edir.

Belə tədbirlərdən növbətisi oktyabr ayının 15-də İzmir, 17-də İstanbul şəhərlərində təşkil ediləcək.

“Azərbaycan Mədəniyyəti və Sənəti Günləri adı altında İzmir şəhərində baş tutacaq tədbirdə MÖTBE Mədəniyyət Mərkəzinin sərgi zalında milli mədəniyyətimiz, suvenirlərimiz, əl işlərimiz və milli geyimlərimizdən ibarət sərgi nümayiş etdiriləcək. Bununla yanaşı, “Bakı milli geyim evi”nin tarixi Azərbaycan geyimləri kolleksiyası da moda sərgisi olaraq təqdim olunacaq, gənc türk modelyerlər milli geyimlərimizi podiumda nümayiş etdirəcəklər.

Eyni günün axşamında MÖTBE Mədəniyyət Mərkəzinin konsert sarayında Azərbaycanın incəsənət ustalarının və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı düzənlənəcək.

Oktaybrın 17-də isə Mədəniyyət Günləri İstanbul şəhərində davam edəcək. Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan Xalça Muzeyinin kolleksiyasına aid xalçalar, muzeyin mütəxəssisi və Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işləri sərgilənəcək. Həmin xalça sərgisi bir həftə ərzində istanbullulara açıq olacaq.

Eyni məkanda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri, dosent Gülzadə Abdulovanın tarixi Azərbaycan qadın geyimlərindən ibarət kolleksiyası da nümayiş etdiriləcək, podiumda Azərbaycan xanımlarının qədim geyimləri və onların özünəməxsus naxışları təqdim olunacaq.

Atatürk Mədəniyyət Mərkəzinin konsert zalında isə həm Azərbaycandan, həm də Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Hər iki şəhərdə keçirilən konsertlərdə milli musiqi alətləri ifaçıları, Azərbaycan Xalq Rəqsləri Ansamblı və digər sənətçilərin iştirakı ilə hazırlanan bədii proqramda milli musiqilərimiz və rəqslərimiz səsləndiriləcək.

Qeyd edək ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Aİİ-nin kafedra müdiri beynəlxalq elmi təlimdə iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov İordaniya Haşimilər Krallığı Vəqf və İslam İşləri...

Bağla