TÜRKİYƏDƏ ŞƏHİD VƏ QAZİLƏRİN ŞERLƏRİNDƏN İBARƏT KİTAB TƏQDİM OLUNUB

0

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada yazıçı, jurnalist Aida Eyvazlı Göytürkün tərtibatında “Zəfər qoxuyan şerlər” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un Ankara bürosunun məlumatına görə, səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutan tədbir 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin şerlərindən ibarət kitab Türk dilinə çevrilib və bu ölkənin oxuculara təqdim olunacaq.

Aida Eyvazlı Göytürk deyib ki, kitabda həmçinin 2016-cı il aprel şəhidlərinin şerləri də yer alıb: “Şair ruhu ilə özlərini odun-alovun içinə atan qəhrəman hərbçilərimiz öz həyatlarını vətən üçün fəda edərək zəfər çalmağı bacardılar”.

Kitabı Türk dilinə uyğunlaşdıran Atabey Barış “Bengü Yayınlar Evi”nə təşəkkürünü bildirərək, bu nəşriyyat vasitəsilə türk dünyasının 100-dən çox əsərini Türkiyədə tanıdan və keçən ay dünyasını dəyişən Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlunu da ehtiramla yad edib.

Tədbir bədii proqramla başa çatıb. Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədovanın ifasında musiqilər səsləndirilib. Nailə Əhmədova “Report”a bildirib ki, tədbirdə ilk dəfə yeni aranjimanda ifa etdiyi “Ay Laçın” xalq mahnısı Kanadada yaşayan həmyerlimiz, aranjımançı Leyla Qasmova Quluzadənin əməyinin məhsuludur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ZƏFƏR PARKINDA OLUB

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub. İslamveirfan.com xəbər verir...

Bağla