Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Milli Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç ilə görüşüb.
Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Spiker qardaş ölkə parlamentinin üzvlərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bildirib. O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan və Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu diqqətə çatdırıb. O, bu əlaqələrin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışan Sahibə Qafarova Azərbaycanın Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin də dövlətlərimiz arasında əlaqələrin ruhuna uyğun olaraq, yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. O, həm qanunverici orqanlarımız həm də deputatlar arasında sıx münasibətlərin olduğunu, deputatlarımızın bütün məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiklərini vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən geniştərkibli dostluq qruplarının işi təqdirəlayiqdir. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsinə öz töhfəsini verir.
Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlarda da sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Spiker Sahibə Qafarova bu günlərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının 30-cu ildömünün tamam olduğunu, bu soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirildiyini xatırladıb. O deyib ki, bu yürüş və keçirilən digər tədbirlər bir daha göstərir ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Spiker, bu soyqrımının dünya miqyasında tanıdılmasında qardaş ölkə parlamentarilərinin və diaspor təşkilatlarının da rolunu minnətdarlıqla qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib. O, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcəyinin daha da parlaq olacağına inamını ifadə edib. Şamil Ayrım parlamentlərimiz arasında əlaqələrin də daim inkişaf etdiyini qeyd edərək, dostluq qruplarının uğurlu fəaliyyətinin bu münasibətlərə özünəməxsus töfhə verdiyini qeyd edib.
Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu deyən Şamil Ayrım qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq, bu faciənin dünya ölkələri tərəfindən soyqırımı kimi qəbul edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin verilməsi istiqamətində birgə fəaliyyət göstərir. Bununla bağlı Türkiyədə də tədbirlər, yürüşlər keçirilir. O, əminliyini ifadə edib ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət nəticə verəcək.
Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç Milli Məclis və Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, qanunyaradıcılığı işində də parlamentlərimizin müvafiq komitə və komissiyaları arasında təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Report