ÜBEY İBN KAB

0

Übey ibn Kab Həzrət Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra ilk vəhy katibliyi etmiş səhabədir. Əslən Xəzrəc qəbiəsinin Nəcranoğulları qoluna mənsub olan Ubey ibn Kab Mədinədə (Yəsribdə) dünyaya gəlmişdir. Müsəlman olmadan əvvəl yazmağı öyrənmiş və Tövratı oxuyaraq son peyğəmbərin gələcəyi haqda məlumat əldə etmişdir. Məhz onun əldə etdiyi bu məlumatlar daha erkən dövrdə müsəlman olmasına səbəb olmuşdur. Ubey ibn Kab I Əqəbə beyətindən sonra Mədinəyə dini təbliğ etmək üçün göndərilən Musab ibn Ümeyrin dəvətini qəbul edərək müsəlman olmuşdur. Ertəsi il baş tutan II Əqəbə beyətinə qatılmış və Həzrət Muhəmmədə (s) beyət etmişdir.

Ubey ibn Kab, Həzrət Muhəmmədin (s) vəhy katibliyini etmiş ilk mədinəli müsəlmandır. Eyni zamanda o, Həzrət Peyğəmbərin (s) sirr katibi olaraq həm peyğəmbərimiz üçün yazılan məktubları oxumuş, həm də onun adından fərqli qəbilələrə və millətlərə məktublar yazmışdır. Ubey ibn Kab yazdığı məktubların sonunda “bu məktub Ubey ibn Kab tərəfindən yazılmışdır” cümləsini əlavə edərək ilk dəfə məktublarda katiblər tərəfindən imza atma ənənəsinin əsasını qoymuşdur.

 Həzrət Peyğəmbərin (s) vəhy katibi olması Ubey ibn Kaba yeni enən ayələrlə ilk tanışlıq imkanı bəxş etmişdir. Buna görə o, Həzrət Peyğəmbərin (s) sağlığında enən bütün ayələri əzbərləyən bir neçə səhabədən biri olmuşdur. Oxuma və yazma bacarığına, Həzrət Peyğəmbərin (s) vəhy katibliyini etməsinə və enən ayələrin oxunuş tərzini bildiyinə görə Ubey ibn Kaba Mədinəyə gələn yeni müsəlmanlara Qurani-Kərimi öyrətmə vəzifəsi verilmişdir. Eyni zamanda gözəl qiraət sahibi olan Ubey ibn Kab, Həzrət Peyğəmbər tərəfindən “seyyidul-qurra”, “seyyidul-ənsar” ləqəbləri ilə çağırılmışdır.

Ubey ibn Kab, haqqında Qurani-Kərim ayəsi nazil olan bir neçə səhabədən biridir. Bir gün Həzrət Peyğəmbər (s) Ubey ibn Kabı yanına çağıraraq ona belə demişdir;- “Allah sənə Beyyinə surəsini oxumağımı əmr etdi”. Ubey ibn Kab bunu eşidincə çox sevindi və Həzrət Peyğəmbərə (s) belə cavab vermişdir;- “Allah sizə məndən bəhs etdi, ey Allahın Rəsulu?!” Bu suala Həzrət Peyğəmbər (s) “bəli” cavabını verdiyi zaman Ubey ibn Kab çox sevinmişdir (Buxari, “Mənaqibul-ənsar”, 16; Müslim, “Fəzailus-səhabə”, 122).

Özündən sonra böyük bir ədəbi miras qoyan Ubey ibn Kab təfsir sahəsində səlahiyyət sahibi olan 4 böyük səhabədən biridir (Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əli ibn Əbu Talib, Ubey ibn Kab). Ubey ibn Kabdan bizə 164 hədis nəql olunmuşdur. Muhəmməd ümmətinin öndər səhabələrindən biri olan Ubey ibn Kab hicri 33-cü ildə (miladi 654-cü il) Mədinədə vəfat etmiş və burada dəfn edilmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN PREZİDENT İLHAM ƏLİYEVƏ ZƏNG VURUB

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası...

Bağla