Uca Allah buyurur: “Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat artırılar və orada (əzabın içində) alçaldılmış bir vəziyyətdə əbədi qalar”.[1]
Bu imtahan dünyasında Allah-Təala bizə müəyyən qadağalar qoymuşdur ki, bunları etmək günah sayılır. Bunların içindəki ən böyük üç günah və cəzası isə yuxarıdakı ayələrdə qeyd olunur. Bu günahlar; Allaha şərik qoşmaq, haqsız yerə insan öldürmək və zina etməkdir.
Bütləri, mələkləri, cinləri yaxud müqəddəs hesab edilən kimsələrin Allah yanında şəfaətçi olacağına və ya bu kimi varlıqlarda qeyri-adi ilahi bir qüvvə olduğuna inanmaq tək olan Allaha şirk qoşmaqdır. Eyni zamanda nəfsinin arzularını, dünyəvi nemətləri və insanları Allah sevgisinə bərabər bir sevgi ilə sevib bunlara bağlanmaq da bir növ şirk hesab olunur. Bu məhz ən böyük günahdır ki, bir çox Quran ayəsində bu, dəfələrlə vurğulanmışdır.
Digər böyük günah Uca Allahın həyat bəxş etdiyi bir insanı haqsız yerə öldürməkdir. Çünki yaşamaq haqqı dinimizcə müqəddəs hesab olunur. Həzrət Peyğəmbər (s.ə.s) də vida həccində: “Bu gününüz, bu ayınız və bu torpağınız necə müqəddəsdirsə, canlarınız, mallarınız və namuslarınız da elə müqəddəsdir…”[2] – buyuraraq bu həqiqəti vurğulamışdır. Bir ayeyi-kərimədə də “Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır”,[3] – buyurularaq haqsız yerə insan öldürməyin necə də böyük bir günah olduğu bəyan edilmişdir. Ona görə də Allahın bəndəsi olduğunu, Onun mərhəmət və hikmətlərini dərk edən bir mömin müharibə, özünümüdafiə və s. kimi hüquqi bir əsasa istinad etmədən heç bir cana qıymamalıdır.
Böyük günahların üçüncüsü isə nikahdan kənar cinsi əlaqə olan zinadır. Zina eyni zamanda cəmiyyətin bünövrəsini meydana gətirən ailəni kökündən sarsıdan, insanlardakı namus və iffət hisslərini yox edən və əxlaqsızlığın yayılmasına səbəb olan bir cinayətdir. Uca Allah Qurani-Kərimdə eyni zamanda zinaya aparan yolları qadağan etmiş və belə buyurmuşdur: “Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur”.[4] Buna görə də bir mömin zinaya aparmaq təhlükəsi olan davranışlardan, eləcə də insanın cinsi hislərini təhrik edən video, foto və s. şeylərə baxmaqdan uzaq durmağın nə qədər əhəmiyyətli olduğunu bilməli və bu harama aparan bütün yolları bağlamalıdır.
Allah-Təala bu günahları edənlərin axirətdə əzablarının qat-qat çox olacağını xəbər verir. Belə kimsələrdən son nəfəsə qədər tövbə etməyib şirk içində ölənlərin cəzası isə əbədi olaraq cəhənnəmdə qalmaqdır. Ona görə də hər bir müsəlman bu günahlara qətiyyən yaxın durmamalı, eyni zamanda Uca Allahın digər qadağalarına da riayət etməlidir ki, axirət yurdunda xoşbəxt bir həyat sürsün.
f.f.d. Ələddin Sultanov
[1] Fürqan, 25/68-69.
[2] Buxari, “Elm”, 37.
[3] Nisa, 4/93.
[4] İsra, 17/32.