Qlobal pandemiya səbəbindən 6 aydır dayandırılan Ümrə ziyarətinin başlayacağı tarix açıqlandı.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ümrə ziyarətləri oktyabrın 4-dən mərhələli olaraq başladılacaq. Bu tarixdən etibarən Məscidi-Haramın 30%-i (gündə 6 min nəfər) ibadətə açılacaq.
Oktyabrın 18-dən sonra Məscidi-Haram və Məscidi-Nəbəvinin 75%-i ibadətə açılacaq və bu yerlərə ilkin olaraq ölkə daxilindən zəvvar qəbul ediləcək.
Noyabr ayının əvvəlindən isə ölkə daxili ilə yanaşı, ölkə xaricindən də zəvvar qəbul ediləcəyini bildirən mənbə, kovid-19 virusuna qarşı bütün tədbirlər alınaraq Məscidi-Haramın və Məscidi-Nəbəvinin tam həcmdə ibadətə açılacağını bildirib.
Mənbə həmçinin, kovid-19 riski olmayan ölkələrdən mərhələli olaraq zəvvar qəbul ediləcəyini də deyib.